Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamil Musayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli və külli miqdarda ziyan vurmaqda, həmçinin təkrar dələduzluq etməkdə ittiham olunur.
İttiham aktına görə, Kamil Musayev ilk epizod üzrə 2024-cü ilin oktyabr ayının əvvəlində zərərçəkmiş T.T.-nin (adı, soyadı şərtidir) nəvəsinin xəstəliyi ilə əlaqədar hərbi xidmətdən saxladılacağına dair yalan vədlə aldadıb. Təqsirləndirilən şəxs həmin məqsədlə zərərçəkmişin etibarından sui-istifadə edərək onun yaşadığı ünvanda 2 600 manat məbləğində pulun öz istifadəsində olan bank kartı hesabına köçürülməsinə nail olub.
Bundan sonra Kamil Musayev cinayət əməlini davam etdirərək 2024-cü ilin oktyabr ayının ortalarında eyni ünvanda zərərçəkmiş T.T-dən 2 500 manatı əlbəəl alıb. Daha sonra yenə 2 500 manat və sonuncu dəfə isə 500 manat məbləğində pulun bank kartına köçürülməsinə nail olaraq həmin vəsaitləri də ələ keçirib. Beləliklə, vahid niyyətlə ümumilikdə 8 100 manat məbləğində vəsaiti ələ keçirməklə zərərçəkmiş T.T.-yə xeyli miqdarda ziyan vurduğu bildirilir.
İttihamda göstərilir ki, Kamil Musayev növbəti epizod üzrə 2024-cü ilin noyabr ayında tanışı zərərçəkmiş A.A.-nı (adı, soyadı şərtidir) və həyat yoldaşını işə düzəldəcəyinə dair yalan vəd verib. Onun etibarından sui-istifadə etməklə 2024-cü ilin noyabr ayından 2025-ci ilin fevral ayının əvvəllərinədək Bakı şəhərinin müxtəlif ərazilərində hissə-hissə olmaqla ümumilikdə 10 500 manat pul alıb. Daha sonra 2025-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində – Təbriz, Ağa Nemətulla, N.Hacıyev və M.Məmmədzadə küçələri ilə əhatə olunan Nəriman Nərimanov adına parkda əlavə 5 000 manat vəsaiti də ələ keçirib. Bu epizod üzrə ümumilikdə 15 500 manat məbləğində ziyan vurulduğu qeyd olunur.
Bundan başqa, istintaq materiallarına əsasən, Kamil Musayev təkrar olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş QSC-lərdən birinin satış menecerini və satışa nəzarət edən şəxsi aldadıb. O, hospitallardan birinin (MMC) direktoru olan qardaşı Famil Musayev vasitəsilə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müxtəlif məişət avadanlıqları və dəftərxana ləvazimatları satmaq imkanının olduğunu və alınacaq məhsulların pulunu 2025-ci ilin aprel ayınadək ödəyəcəyini vəd edib. Bu yalan vədlərlə 2025-ci ilin yanvar-fevral ayları ərzində zərərçəkmiş QSC-nin anbarından ümumilikdə 109 196,551 manat dəyərində müxtəlif məhsullar – minlərlə bağlama A4 və A3 ölçülü kağız, yüzlərlə rulon kassa kağızı, “Quicks” markalı televizor və 25 ədəd soyuducu – götürərək ələ keçirdiyi bildirilir. Nəticədə hüquqi şəxsə külli miqdarda ziyan vurulduğu vurğulanır.
Beləliklə, ittihama görə, təqsirləndirilən şəxs vahid niyyətlə və təkrarən dələduzluq cinayətləri törədib.
Məhkəmə baxışı zamanı dindirilmiş Kamil Musayev ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.
