Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov axtarışa verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
KONKRET.az Musavat.com -a istinadən xəbər verir ki, o bu barədə instaqram hesabında yazıb.
“Xəbərləri gördüm. Bəli, “qiyabi həbs” gurultulu səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Vergilərlə bağlı bütün məsələlər keçən il artıq bağlanmışdı. İndi vəkillərim bu vəziyyət üzərində işləyirlər. Məsələni həll edəcəyik və nöqtə qoyacağıq. Yanımda olduğunuz üçün təşəkkür edirəm”,- o bildirib.
Xatırladaq ki, Hüseyn Həsənov barəsində Rusiyada cinayət işi açılıb.
O, külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması (yuyulması) maddəsi ilə təqsirləndirilir.
Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü bəndinə əsasən, blogeri 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
İş 23 aprel 2025-ci ildə Çertanovski Məhkəməsinə təqdim olunub və artıq məhkəmə blogerin barəsində qiyabi həbs qərarı çıxarıb. Hazırda Həsənov beynəlxalq axtarışa verilib.
Məlumata görə, Həsənov 2024-cü ildən Rusiyada yaşamır. Bəzi mənbələrin iddiasına görə, o, Azərbaycana köçüb. 2024-cü ilin iyununda Moskvanın Vergilər Xidməti Həsənova qarşı 145 min rubl borca görə məhkəməyə müraciət etmişdi. Daha sonra onun restoran və qida çatdırılması ilə məşğul olan şirkətlərinin hesabları dondurulmuşdu.