“Heydər Əliyev ili” çərçivəsində İçərişəhər “Cümə” məscidi icmasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Ulu öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
KONKRET.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər “Cümə” məscidi dini icmasının sədri, professor Hacı Surxay Məmmədli ümummilli lider Heydər Əliyevin ictimai-siyasi xadim kimi müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixindəki müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində geniş fəaliyyətindən, onun ölkəmizin inkişaf və tərəqqisi üçün atdığı addımlardan, ölkədəki dini ibadət yerlərinin təmiri, bərpası və qorunması istiqamətində gördüyü işlərdən danışıb.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Milli Məclisin deputatları Anar İsgəndərov, Aydın Hüseynov, Arzu Nağıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, şəhid anaları Mehriban Əmrahova və Mehriban Abdurəhmanova milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçilik ənənələrimizin bərpası və inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər.
Çıxışçılar ulu öndərin siyasi ideyalarının gerçəkləşməsində, torpaqlarımızın ərazi bütövlüyünün bərpasında, dövlətimizin qüdrətlənməsində Prezident İlham Əliyevin məqsədyönlü və praqmatik fəaliyyətindən söz açıblar. Həmçinin, vitse-prezident Mehriban xanım Əliyevanın ölkə həyatının bütün sahələrində dövlətimizin başçısına göstərdiyi dəstəyi xüsusilə vurğulayıblar, onun şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısından məmnunluqlarını ifadə ediblər.
Tədbirdə ulu öndərin çoxşaxəli fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Sonda şəhidlərimizin adına ehsan süfrəsi açılıb.