İki aylıq hazırlıq, ermənilərin pərişanlığı və müxalifətin ABŞ-yə asi düşməsi – SƏFİRİN SƏFƏRİbackend

İki aylıq hazırlıq, ermənilərin pərişanlığı və müxalifətin ABŞ-yə asi düşməsi – SƏFİRİN SƏFƏRİ

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin Şuşa səfəri cəmiyyətimizdə razılıqla qarşılandı, erməniləri pərişan etdi. Ermənilərin pərişanlığının səbəbi bizim üçün tamamilə aydındır, buna heç vaxt sərf etməyə də dəyməz.

Amma bəzi müxalif qüvvələrin, xüsusilə də çörəyi hakimiyyətin tənqidindən çıxanların pərişanlığı anlaşılmazlıq yaradır. Halbuki amerikalı diplomatın Şuşaya getməsi iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına xidmət edən amildir. Belə çıxır ki, bəzi müxaliflərimiz Azərbaycanla ABŞ arasında münasibətlərin düzəlməsində deyil, korlanmasında maraqlıdırlar.

Nə yaxşı ki, Mark Libbinin Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı bir qrup jurnalistə verdiyi müsahibədən ruhlananların sevinci çox uzun sürmədi. Onun öz xanımı ilə Şuşa və Füzuliyə səfər etməsi, Cıdır düzündən müraciəti iki ölkə arasında münasibətlərin yaxşılaşmasında maraqlı olan qüvvələri sevindirdi.

Çünki siyasətdən az-çox başı çıxanlar anlayır ki, “vaxtı gələndə, mən bunu edəcəyəm” deyən ABŞ səfirinin müsahibədən cəmi iki gün sonra mədəniyyət paytaxtımız Şuşaya səfəri artıq rəsmi Vaşinqtonun Qarabağ məsələsində Azərbaycanın mövqeyini qəbul etməsi deməkdir. Elə amerikalı diplomatın bu səfərə iki aylıq hazırlığın aparıldığını etiraf etməsi də bir çox mətləblərdən xəbər verir. Bu o deməkdir ki, ermənipərəst Bayden administrasiyasının Qarabağın tacı olan Şuşaya səfərə razılıq verməsi üçün iki ay tələb olunub.

Hər halda, bu diplomatik hadisə Azərbaycan–ABŞ münasibətlərinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda bu addım həm də Azərbaycan ictimaiyyətinin narazılığının Ağ Ev tərəfindən nəzərə alınmasının göstəricisidir. Çünki uzun illərdir cəmiyyətimiz bir məqamı heç cür anlaya bilmir. Bəli, ölkəmizdə insan hüquqları və qanunun aliliyi ilə bağlı problemlər var. Amma Azərbaycan müstəqil dövlət olaraq Birləşmiş Ştatlarla olan strateji tərəfdaşlıq münasibətlərinə xüsusi diqqət yetirir. Digər tərəfdən, əsrlər boyu Rusiyanın forpostu rolunu oynayan işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir.

Nə hikmətdirsə, Azərbaycanın Naxçıvan bölgəsini blokadaya alan, 30 il ərzində xalqımıza qarşı saysız-hesabsız hərbi, ekoloji cinayətlər törədən, etnik təmizləmələr həyata keçirən Ermənistana sanksiyalar tətbiq edilmir. Azərbaycan ABŞ-nin strateji tərəfdaşı olsa da, ölkəmizə qarşı 1992-ci ildə tətbiq edilən “Azadlığa dəstək haqqında” aktının 907-ci düzəlişi aradan qaldırılmır. Üstəlik, ABŞ Konqresindəki ermənipərəst qüvvələr ölkəmizi yeni sanksiyalarla təhdid edirlər.

Ümid edirik ki, Şuşada və Füzulidə gördüklərindən sonra amerikalı səfir öz “boss”larını bu yolverilməz siyasətin əhəmiyyətsiz olduğuna inandıra biləcək. Çünki öz müstəqilliyi uğrunda fədakarlıqla mübarizə aparmış, erməni faşizmi üzərində ədalətli qələbə çalmış sülhpərvər, mültikultural, tolerant Azərbaycan dövləti ilə təhdid dilində danışmaq qəbuledilməzdir. Bu, hakimiyyətdə kimin olmasından asılı olmayaraq hər zaman belə olacaq!

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*