Keçmiş şəhərsalma naziri Mariya Duarte ölkədən qaçdıqdan sonra Ekvador hökuməti Argentinanın Kitodakı səfiri Qabriel Fuksu “persona non–qrata” (arzuolunmaz şəxs) elan edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ekvador XİN məlumat yayıb.
Argentina Xarici İşlər Nazirliyi hökumətin bu qərardan təəccübləndiyini qeyd edib.
“Bizim tərəfimizdən Ekvadorun Argentinadakı səfiri ilə bağlı oxşar addımın atılması qərara alınıb”, – nazirlikdən bildirilib.
Argentina Xarici İşlər Nazirliyi həmçinin Duartenin Ekvadordan qaçmasına görə respublika səfirliyinin məsuliyyət daşımadığını açıqlayıb.
Qeyd edək ki, Ekvadorun keçmiş prezidenti Rafael Korreanın hökumətində nazir vəzifəsində çalışmış Duarte 2020-ci ilin iyulunda korrupsiya ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin avqustunda o, Kitodakı Argentina səfirliyinə sığınacaq üçün müraciət edib. Çərşənbə axşamı Argentina Xarici İşlər Nazirliyi onun diplomatik missiya binasını tərk etdiyini bildirib.
Sabiq nazirin hazırda Venesuelanın paytaxtı Karakasda olduğu bildirilir.
İqbal Rzayev,
KONKRET.az