“İkinci əl” paltarlar: Azərbaycanda onlara tələbat artıb – Hansı zərəri var?backend

İkinci əlpaltarlar: Azərbaycanda onlara tələbat artıb - Hansı zərəri var?

“Gigiyenik baxımdan “ikinci əl” paltarların geyinilməsi məqsədəuyğun deyil”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-la söhbətində Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, radioloq Aydın Əliyev deyib.

Həkim qeyd edib ki, bu məsələnin başqa tərəfi də nəzərə alınmalıdır:

“İnsanların çoxu maddi cəhətdən imkansızdır. Ona görə də bu məsələ ilə dövlət səviyyəsində məşğul olmaq lazımdır ki, xarici ölkələrdən idxal edilən geyim məhsullarına nəzarət güclənsin. Doğrudur, daxildə buna nəzarət etmək çətindir, amma idxal zamanı yoxlanmalıdır ki, bu məhsul sanitar-gigiyenik tələblərə cavab verir, ya yox. Bəlkə o paltarın üstündə hansısa mikrob, yaxud gənə var? Kimsə bundan sığortalanmayıb”.

A.Əliyevin sözlərinə görə, həm birinci, həm də “ikinci əl” paltarlarda allergik komponentlər və s. baxımdan araşdırılmalıdır:

“Ya birinci əl və keyfiyyət standartlarına uyğun gələn, qiyməti münasib məhsulların idxalına icazə verilməlidir, ya da “ikinci əl”dirsə, yoxlanılmalıdır”.

“Azad Istehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov bildirib ki, bir çox Qərb ölkəsində bələdiyyələr geyimləri, habelə mebelləri toplayır:

“Bələdiyyənin müəyyən məntəqələri olur, oraya xüsusi qutular qoyulur. Kim istəsə, qutuya pul atır, kim də istəsə, köhnəlmiş məhsulu götürür. Axşamüstü isə bələdiyyə gəlib həmin malları yığışdırıb utilizasiyaya aparır”.

AİB sədri aydınlaşdırıb ki, bəzi ölkələrin biznesmenləri bələdiyyələrlə şərikli işləyir. Onlar malların utilizasiyasının qarşısını alır və “ikinci əl” mallar xarici ölkələrə göndərilir:

“Birmənalı şəkildə, bu mallar kiloqramla göndərilir. Alıcı ölkələrdə isə “ikinci əl” mallar 10-15 dəfə baha qiymətə satılır. Azərbaycanda bu biznes mövcuddur. Tədqiqatlarımız göstərir ki, “ikinci əl” dükanında uşaq paltarları 5 yaşdan yuxarı uşaqlar üçün olmalıdır. Çünki uşaqların gigiyenik tələbləri həssasdır və məişət sertifikatında bunlar göstərilir. Amma Azərbaycanda hətta 2-3 yaşlı uşaqlar üçün “ikinci əl” paltarları satılır”.

“Bu mallar özlərinin dəbli tikişləri ilə insanların diqqəti cəlb edir ki, ölkəyə gələn kimi alıcıları çoxalır. Tövsiyəm odur ki, “ikinci əl” malları alan insanlar mütləq şəkildə onu yusunlar, isti emaldan keçirib ondan sonra istifadə etsinlər. Çünki müxtəlif ölkələrin dəri xəstəlikləri ikinci əl mallar vasitəsilə insanlara çata bilər”, – deyə E. Hüseynov fikirlərini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*