İlham Əliyev Si Cinpini təbrik etdibackend

İlham Əliyev Si Cinpini təbrik etdi

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

KONKRET.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu gün Çin dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə ölkənizin hər bir sahədə əldə etdiyi nailiyyətləri və uğurları onu dünyanın iqtisadi cəhətdən ən qüdrətli və qabaqcıl ölkələri sırasına çıxarmış, beynəlxalq aləmdə mövqeyini daha da gücləndirmişdir.

Yaxın dost və etibarlı tərəfdaş ölkə olan Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Şadam ki, qədim tarixə və xoş ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, tərəfdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir.

Məmnunluqla qeyd etmək istərdim ki, hazırda ikitərəfli münasibətlərimiz geniş gündəliyə malikdir. Qarşılıqlı faydalı əməkdaşlığımızın iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, humanitar və digər sahələrdə çox aydın və böyük perspektivləri vardır. Eyni zamanda Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artması “Kəmər və yol” layihəsi çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətimizin növbəti bariz nümunəsidir.

Çin şirkətləri uzun müddətdir ki, ölkəmizdə səmərəli fəaliyyət göstərir və dövlətlərarası münasibətlərimizin inkişafında vacib rol oynayırlar. Biz bu əməkdaşlığın işğaldan azad olunmuş ərazilərimizdə də davam etdirildiyini görmək istərdik.

Azərbaycan vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü və suverenliyini daim birmənalı şəkildə dəstəkləmişdir. Çinin də ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Əminəm ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Çin çoxşaxəli münasibətlərinin daha da inkişafı, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*