“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanı bir daha çətin vəziyyətə saldı. Dövlətimizin başçısının Ermənistanın baş naziri ilə tarixə əsaslanaraq, faktlarla danışması onu göstərdi ki, bu münaqişədə haqq-ədalət Azərbaycanın tərəfindədir”
KONKRET.az xəbər verir ki, bu sözləri “AzərTAC”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev panel müzakirədə qarşı tərəfin düz gözünün içinə baxaraq, onların işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında bir daha sübut etmiş oldu. Azərbaycanın ədalətli mövqeyini nümayiş etdirən dövlət başçısının inamlı və faktlara əsaslanan çıxışı Ermənistanın baş nazirini çaş-baş saldı. Prezident İlham Əliyev məntiqi çıxışı ilə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü həm xalqımızın iradəsini əks etdirir, həm də beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur.
Politoloq qeyd edib ki, dövlətimizin başçısı etnik təmizləmədən danışarkən, xüsusilə, Xocalı soyqırımı məsələsinə toxundu. Prezident çıxışında bir daha Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və Azərbaycanın ərazi bütövlüyünün bütün dünya ictimaiyyəti tərəfindən tanındığını diqqətə çatdırdı: “Panel müzakirələrdən əvvəl Ermənistanın baş naziri suallara cavab verərkən özü də etiraf edib ki, onun ölkəsi işğalçıdır. Burada söhbət Cəbrayıl rayonundan gedir. Paşinyan bu ərazini işğal etdiklərini öz dili ilə etiraf edib. Bu, bir daha onu göstərdi ki, ATƏT-ə üzv ölkələrdən biri beynəlxalq hüquq normalarını pozaraq, başqa ölkənin ərazisini işğal edib və orada öz bildiyi kimi hərəkət edir. Dövlət başçısı fevralın 15-də Münxendə Beynəlxalq Böhran Qrupunun prezidenti ilə görüşüb. Görüşdə bir sıra mühüm məsələlər müzakirə olunub. Qrup tərəfindən hazırlanmış son hesabatlarda Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət, eyni zamanda, Ermənistanın apardığı qeyri-qanuni məskunlaşma siyasətindən danışılıb. Hesabatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən məlumatlar obyektiv reallıqları əks etdirir. Hesabatın hazırlanmasında Azərbaycan və Ermənistandan başqa, bu məsələdə marağı olmayan tərəflər də iştirak edib. Hesabatda açıq şəkildə göstərilir ki, ötən müddət ərzində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində təxminən, 17 min insan qeyri-qanuni şəkildə məskunlaşdırılıb. Bu da öz növbəsində, beynəlxalq hüquq normalarına, BMT-nin qətnamələrinə, Haaqa prinsiplərinə ziddir. Müzakirələrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyi qeyd olundu”, – deyə İ.Vəlizadə vurğulayıb.
Politoloq bildirib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iki ölkə rəhbərinin görüşündə aydın oldu ki, Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi tanınmasına çalışmaq və bunu Azərbaycana qəbul etdirməkdir. Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Dövlət başçısı bildirdi ki, Qarabağın dağlıq hissəsinə erməni əhalisinin köçürülməsi XIX əsrin 20-ci illərində, xüsusilə, Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal edilməsindən sonraya təsadüf edir. Prezident İlham Əliyev onu da qeyd etdi ki, Qarabağ bölgəsinin dağlıq hissəsinə köçürülmüş ermənilərə 1923-cü il iyulun 7-də sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı status verilib.
İ.Vəlizadə diqqətə çatdırıb ki, Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən dərs keçən Prezident İlham Əliyev əsaslı faktlarla Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu sübut etdi. Ölkə rəhbəri münaqişənin danışıqlar yolu ilə və mərhələli şəkildə həllinin tərəfdarı olduğunu vurğuladı.
“Bütün bunlar onu göstərir ki, dövlət başçısı Münxen Təhlükəsizlik Konfransında kifayət qədər səmərəli görüşlər keçirib. Bu görüşlərin əhəmiyyəti böyükdür və düşünürəm ki, münaqişənin ədalətli həllinə öz töhfəsini verəcək”, – deyə politoloq fikrini yekunlaşdırıb.