Xalqımızın qalib adını daşımasında müstəsna rol oynamış Prezident İlham Əliyev və son 4 ildə müstəqil dövlətimizin əldə etdiyi misilsiz qələbələr haqqında nə qədər yazılsa, azdır.
Dövlət başçımızın siyasi və diplomatik arenada beynəlxalq qanun normalarına uyğun gedişləri vaxtilə Azərbaycan torpaqlarının işğal olunmasında ermənilərə havadarlıq etmiş beynəlxalq güclərə yaxşı dərs verməkdədir. İndi bu gücün biri öz “sülhməramlıları”nı bölgədən sakitcəsinə çıxarmaq məcburiyyətində qalıb. Digəri imperialist qüvvələrin Cənubi Qafqaz bölgəsinə gəlməməsi naminə çırpınır. Qondarma erməni soyqırımı, insan hüquqları bəhanəsi ilə Türkiyəyə və Azərbaycana təzyiq göstərmək istəyən başqa gücün isə Ukraynanı işğalçı və dağıdıcı müharibədən qoruya bilməməsi ortadadır.
Dünyadakı prosesləri və meydandakı siyasi liderləri izləyəndə istər-istəməz düşünürsən ki, nə yaxşı ki, Azərbaycan xalqının Heydər Əliyev kimi güclü siyasətçisi olub. Əlbəttə, təəssüf ki, Heydər Əliyevin ömrü işğal olunmuş torpaqlarımızı azad etməyə çatmadı. Amma onun sayəsində Azərbaycan parçalanmaqdan, müstəqilliyini itirməkdən xilas oldu. Heydər Əliyev məktəbinin yetirməsi İlham Əliyev isə təkcə torpaqlarımızın işğaldan azad edilməsinə nail olmadı. Xalqımızın Lideri rus və sovet imperiyalarının bizə gətirdiyi bəladan da canımızı birdəfəlik qurtardı. Söhbət çar Rusiyasının vaxtaşırı üstümüzə düşməncəsinə qısqırtdığı erməniləri xalqımızın iradəsinin əleyhinə olaraq Qarabağda zorən məskunlaşdırmasından və sovet imperiyasının bizə sırıdığı Dağlıq Qarabağ Muxtar Vilayəti deyilən separatçı erməni yuvasından gedir.
Müşahidələr göstərir ki, Azərbaycan lideri ardıcıl, uzaqgörən və sürətli şəkildə ölkəmizin maraqlarını və mənafelərini qoruyan addımlar atır. Onun addımlarının düzgünlüyünə isə yalnız bir neçə il sonra, hadisələr baş verərkən təəccüblənməyə bilmirsən.
Son 4 ildə baş verənlər buna nümunədir. 2020-ci il sentyabrın 27-dən başlanan və parlaq qələbə ilə başa çatan 44 günlük Vətən Müharibəsi, 2023-cü il 23 apreldə Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış Azərbaycan–Ermənistan nəzarət-buraxılış məntəqəsi, 2023-cü il 20 sentyabr antiterror əməliyyatı, 2024-cü il aprelin 18-dən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına başlanması və 2024-cü il aprelin 19-da 4 kəndin Azərbaycana qaytarılmasını təsdiq edən birgə bəyanat xalqımızı və dostlarımızı ürəkdən sevindirən tarixi hadisələrdir.
Bu qələbələrlə Azərbaycan torpaqları işğal edilmiş Gürcüstan, Moldova və Ukraynanı da ruhlandırmaqdadır. Bu hadisələrin çoxunun aprel ayına təsadüf etməsi də düşündürücü məqamdır. Sanki bununla Azərbaycan Respublikası 28 aprel işğal faktına cavab verir.
Azərbaycan liderinin Ermənistanı vasitəçilər olmadan, birbaşa danışıqların aparılmasına təşviq etməsi də çox qısa zamanda öz bəhrəsini verdi. 2023-cü il dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadan qəbul edilmiş birgə bəyanat bunu sübut edir. Həmin sənəddə Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə bir daha dəstəklərini ifadə etdilər, Ermənistan öz namizədliyini geri götürərək COP29-un Azərbaycanda keçirilməsinə dəstəyini bildirdi.
İndi kəndlərimizin qaytarılması ilə bağlı Ermənistanın razılığa gəlməsi, baş nazir Paşinyanın öz millətini “tarixi xəstəlikdən” qurtulmağa çağırması, Ermənistanın ərazi bütövlüyünün əsas məsələ olduğunu diqqətə çatdırması, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etməyin mənasız olduğunu anlatmağa çalışması məhz vasitəçisiz aparılan danışıqların müsbət nəticəsidir.
Azərbaycanın hərbi və diplomatik uğurları, Prezident İlham Əliyevin inanılmaz uğurları isə hətta çox təcrübəli siyasət adamlarını belə heyrətləndirir. Bunu vaxtilə Azərbaycanda səfir olmuş ABŞ diplomatı Riçard Kozlariçin “osmanqızı tv”yə verdiyi müsahibə də təsdiqləyir.
Amerikalı diplomat Rusiya sülhməramlılarının Qarabağdan getməsi xəbərinin onun üçün sürpriz olduğunu etiraf edib: “Mən təəccübləndim. Mən bunun baş verəcəyini gözləmirdim”.
Bir sözlə, Qalib Xalqımızın Qalib Lideri İlham Əliyev yenidən dünyanı təəccübləndirməyi bacardı.
Türklər demişkən, nə mutlu bizə!
Xatirə SADİQ,
KONKRET.az