Postsovet ölkələri dövlət başçılarının Yeni il qabağı ənənəvi müraciətləri Qazaxıstanda ciddi müzakirə olunub. Müzakirələrdə vurğulanıb ki, çıxışlar həm semantik məzmunu, həm də ümumi forması ilə diqqət mərkəzindədir.
KONKRET.az xəbər verir ki, Qazaxıstanın əksər siyasi analitikləri bu məsələ üzərində dayanaraq bildiriblər ki, Rusiya dövlət başçısı Vladimir Putinin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Tacikistanın rəhbəri Emoməli Rəhmonun müraciətləri ənənəvi formatından kənara çıxmayıb.
Putin, Mirziyoyev və Rəhmonun seçdiyi format həm məzmununa, həm də formasına görə 1936-cı ildən bəri SSRİ-də ölkə liderlərinin xalqa Yeni il müraciətləri ənənəsini de-fakto davam etdirib.
Müəyyən alternativ yanaşma yalnız Belarus Prezidenti Aleksandr Lukaşenko, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Qırğızıstan rəhbəri Sadır Japarov tərəfindən nümayiş etdirilib.
Sadır Japarov açıq-aydın çox uğursuz müraciət formasını seçib, xizək enişində dincələn zaman xalqa müraciət edib və yenə də internetin Qırğızıstan seqmentində xizək kostyumunun həddən artıq baha qiyməti ilə bağlı müzakirələrə səbəb olub.
Siyasi ekspertlər vurğulayıblar ki, İlham Əliyevin çıxışı qalib ölkənin lideri kimi daha çox yadda qalıb. Azərbaycan Prezidenti sülhə mane olan dövlətlərə mesaj göndərib və 2024-cü ildə ölkənin qarşısında duran hədəflərdən danışıb. O, öz çıxışında xarici və daxili siyasətin bütün ştrixlərini açıq-aydın göstərə bilib.
Lukaşenko və Tokayev isə ənənəvi televiziya müraciətlərində öz ölkələrinin problemlərini qısaca şərh ediblər. Lukaşenko Belarusun 2023-cü ildə əldə etdiyi nailiyyətləri sadalayıb.
Tokayevin çıxışı Akorda divarları arasında Dimaş Kudaybergen tərəfindən Qazaxıstanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
“Burada biz Prezident İlham Əliyevə hörmətlə yanaşmalıyıq. Çünki o, öz xalqını qələbəyə aparan liderdir və tarixi missiyasının böyük mərhələsini uğurla həyata keçirdi. Gözlənilən odur ki, İlham Əliyev yeni çağırışlara uyğun olaraq ölkəni yenidən quracaq”, – deyə qardaş Qazaxıstanın siyasi eskpertlərinin hazırladığı analizdə vurğulanır.
Natiq Səlim,
KONKRET.az