Dünya Rusiya imperiyası və İran molla rejiminin demontajını danışdığı bir vaxtda çox hörmətli alim və Azərbaycanın müxalifət düşərgəsinin lideri Cəmil Həsənlinin sözlərini biz İranın anti-Azərbaycan KİV-nin tirajladığı fars dilli propaqandasından oxuyuruq. Oxuyuruq və bir də oxuyuruq. Yəqin tərcümə səhvidir” deyə düşünürük. Amma mətləbin ana qaynağında da həmin sözlərin ana dilimizdə yazıldığını görürük. (Mənbə: “Azadlıq” saytı)
Tarixçi alim kimi Güneyli-Quzeyli tariximizi araşdırmış və bizim tarix müəllimimiz olmuş Cəmil bəy Həsənlidən (bu məqalənin davamında bəzən: “Müəllif”) gözləmədiyimiz bir qısa yazı İran rejiminin anti-türk, anti-Azərbaycan və paniranist ideoloji ocaqlarının yanacağına çevrilib. Bu da sevdiyimiz tarix müəllimindən! (Bax: bu məqaləyə artırılmış iki örnəyin fotoşəklinə). Bütün bunlar İran rejiminin daxildən çalxalanmasına baxmayaraq, Azərbaycana qarşı nifrət və hədə kampaniysı apardığı bir zamanda baş verir.
Cəmil müəllim yuxarıda linki verilmiş qaynaqda 12 noyabr 2022-ci il tarixində İlahm Əliyev haqqında yazır: “Adam hər kvartal gedib Putinə hesabat verir ki, Azərbaycanda rus məktəblərinin sayı 35 faizdir”.
Beləmi? Bu müddəaya inanaqmı? İlham Əliyevin iqtidar dövrü artıq 76 kvartalı doldurmuşdur. 75-ni müəllifə bağışlayandan sonra, bir dəfə də olsun, İlham Əliyev belə bir ifadə kullanmışdırmı?
Hamımıza ”Kəbüləxbar” (Xəbərlər qaynağı) sayılan ”Google”un ətəyindən hər bir dildə yapışmamdan asılı olmayaraq, buna bənzər nə İlham Əliyev, nə də başqasından bu ifadəni tapmadım. Cəmil bəy, bu ifadəni siz nə zaman İlham Əliyevdən eşitdiniz, ya oxudunuz?
Azərbaycan Respublikasının Prezidentinin internet səhifəsində bir çox mənbədə olduğu kimi Vladimir Putinə bəyan etdiyi bu ifadə var: “Məktəblərə gəlincə, bir az aydınlıq gətirmək istərdim, Azərbaycanda 340-a yaxın rus dilində tədris olunan məktəb var ki, orada 140 mindən çox uşaq təhsil alır. Azərbaycanda isə 15 mindən çox Azərbaycan vətəndaşı ali məktəblərin rus dili institutlarında təhsil alır. Məncə, bu münasibətlərimizin ən mühüm əsasını və əlaqələrimizin gələcəyini təşkil edir, çünki rus dili həmişə keçmiş Sovet İttifaqı ölkələrini birləşdirib və təbii ki, rus dilini bilmədən gələcək nəsillər üçün ünsiyyət qurmaq çox çətin olacaq”. (Mənbə: 22 fevral 2022, Prezident İlham Əliyevin rus dilli internet sitesiə link/ tərcümə: Ə. Ə.)
Diqqətəlayiqdir ki, Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rəqəmləri də İlham Əliyevin dediklərini təsdiq edir. (Mənbə: 2-ci cədvəl, “SNQ” internet portalı) Vəs sizin istinad etdiyiz və məqalənizdə dəfələrlə vurğuladığınız xəbərin qaynağı hardadır?
Qalan mənbələrdə də həmin rəqəmlərə bənzər məlumat, yəni məktəblilərin 8-9 faizinin rus dilində təhsil alması dərc olunur. Misal üçün, “Amerikanın Səsi” veb-saytı təhsil məsələləri üzrə ekspert Kamran Əsədovdan sitat verir ki: ”Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir”. (Mənbə:, ”Amerikanın səsi” Azərbaycan xidməti, 14 Sentyabr 2020)
Adıgedən yazıda “35 faiz” bir neçə yerdə təkrar olur. Söz yox ki, rus dilinin bir fənn kimi tədris olunması tam başqa bir işdir və onun faizinin yüzə çıxmasında da bir qəbahət yoxdur. Mənim heç şübhəm yoxdur ki, Cəmil müəllim kimi bir alim bu iki işin fərqini bilir.
Müəllif yazır: “İlham Əliyev hakimiyyətə gələndə hər beş nəfərdən biri rus məktəblərində oxuyurdu, indi hər üç nəfərdən biri rus məktəblərində oxuyur”.
Yəni Azərbaycanda 538 738 şagird rus məktəblərində təhsil alır. Əgər Siz deyən kimi İlham Əliyev “hər kvaratal gedib Putinə hesabat verir ki” bizdə rus dilinə diqqət artır, bəs sizcə, nədən Putinlə 22 fevral 2022-ci il tarixli görüşündə rəqəmi 3 dəfədən çox azaltmaqla “140 mindən çox” ifadəsi ilə öz “nailliyyətlərini” ört-basdır edir? Bəs bu necə ”hesabat” verməkdir?
Müqayisə
Müəllif məqalənin neçə yerində Güney Azərbaycanlıların çətin durumunu respublikanın digər məsələləri ilə müqayisə edir və nəticə alır ki, ölkə rəhbərliyi gərək respublika sərhədlərindən kənarda yaşayan 40 milyon soydaşlarımızın məsələlərini dilə gətirməkdən öncə o işlərlə məşğul olsun. Məqalədə ölkə rəhbərliyinə öncə aşağıdakı işləri həll etmək məsləhət görülür:
- Təhsil sistemində, Azərbaycan dilinin daha yaxşı öyrənilməsi;
- Rus dilinin statusunun aşağı salınması. Bu mövzu ilə bağlı rus dilinin tam ləğv edilməsi tələbi irəli sürülmür, amma bu dili hansı səviyyədə məhdudlaşdırmanın məqbul olması da oxucuya bəlli olmur;
- Dağıstanda sərgərdan vəziyyətdə qalmış soydaşlarımızın ölkəyə buraxılması;
- Gürcüstan azərbaycanlılarının öz doğmalarını ziyarət etmələrinə şərait yaradılması;
- Moskva Dövlət Universitetinin Bakı filialını bağlayıb, onun yerinə Ankara Universitetinin filialını açmaq və s.
Mən inanıram ki, hər bir azərbaycanlı bu siyahını çox haqlı və daha təcili tələblərlə təkmilləşdirə bilər. Misal üçün, mənim uzun illərdir yaşadığım İsveçin də onlarla və yüzlərlə həll olunmamış məsələləri vardır. O cümlədən azı 15 ildir ki, Finlandiyanın milli təhsil üzrə qazandığı inanılmaz uğura həsəd ilə baxılır. İsveç-Finlandiya xəttində, isveçli təhsil ekspertləninin karvanı daim hərəkətdədir və hələ də İsveçin təhsil sistemi dünya miqyasındakı rəqabətdə ciddi bir irəliləyişə nail ola bilməyib.
Müəllifin ölkə başçısına verdiyi bu göstərişdən çıxan tövsiyə sadə dildə belə təlləfüz olmalıdır: ”Lütfən, respublikanın təhsil sistemini məqbul bir səviyyəyə qaldırmaq və bir sıra problemləri çözdükdən sonra Güneyli soydaşlarımızın haqqında fikir söylə!”
Cəmil müəllimdən bir sual: “Nə olar ki, İlham Əliyev bir cümlə ilə Şuşa ya Səmərqənd kimi yerlərdə dünyaya xitabən Güneylilərin dərdlərini dilə gətirsin?”
Əcəba, respublikanın rəsmiləri və medianın Güney haqqında susması, respublikanın təhsil sistemi ya “Dağıstanda sərgərdan vəziyyətdə qalmış soydaşlarımızın” halına hansısa müsbət efekti ola bilərmi? Məgər Azərbaycan müxalifəti bu illər ərzində hakimiyyəti Güneylə bağlı passivlikdə günahlandırmırdımı? Məgər İlham Əliyev Güneydə ana dilində təhsil üçün vəsait ayırmaqdan danışmışdır? Sizcə, “Dağıstanda sərgərdan vəziyyətdə qalmış soydaşlarımız”, ya Gürcüstan azərbaycanlıları Güneyli soydaşlarımızı sizdən azmı sevirlər? Sizcə, onlar bircə dəfə belə Güneyin dərdlərinin ölkənin ən yüksək məqamının dilindən səslənməsini istəmirlər, ya bu işdə özlərinə qarşı pis bir niyyət görürlər?
Sizcə, 140 min vətən övladı rus dilində oxuyur deyə, Təbrizi Şuşa qədər sevmirmi? Sizcə, Sibirin neft mədənlərində bir ömür əmək sərf etmiş, on illərlə vətənə baş vura bilməyən, uşaqları tam rus mühitində təhsil alan insanlarımız Şəhriyarı sizdən azmı sevirlər?
Yanlış müqayisə
Bu tipli müqayisə əslində Qərb ölkələrində sağ populistlərin işidir. Onlar həmişə mühacirləri, qonaq tələbələri, ya qonaq işçiləri və ölkənin kasıb yaşayan təqaüdlüləri müqayisə edirlər. Bu, bir ucuz populizmdir. Onlar deyirlər: “Bu qədər kasıb təqaüdçümüz varkən, nədən uzaq ökələrə humanitar yardım yollayıb, o ölkələrdən gələn mühacirləri qəbul edirik?”
Diqqət edin ki, İlham Əliyev Güney Azərbaycana ünvan vermədən “Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti”ndən danışıbdır.
Azərbaycan dili və rus dili
Azərbaycanda təhsil keyfiyyətinin aşağı olması hamının bidliyi bir sirdir. Burda təqdim olunan bir nömrəli cədvəldə göstərilən, dünyada təhsil sistemlərinin ən mötəbər müqayisəli araşdırma proqramının göstəricilərindən də Azərbaycan təhsilinin harda olması bəllidir. Amma bu durumu Azərbaycanda 140 min məktəblinin rus bölməsiylə izah etmək olarmı? Dünyada ikinci dilə (ingilis dilinə) ən yüksək yer verən İsveç “ana dilində mətn oxuyub başa düşmək” sahəsində, Azərbaycandan 117 pillə yuxarıdadır. Əgər İsveçin ikinci dilə qoyduğu vəsait şagirdlərin ana dilində savadlarını nöqsanlı edirirsə, onda nədən İsveçdə öyrənilən üç fənndən ən yaxşı performansı elə ana dilinə aiddir? Necə olur ki, 140 min şagirdin rus bölməsində oxuması Azərbaycan bölməsində oxuyan 1,6 milyon (əslində 1.616.214) şagirdin ana dili savadına mənfi təsir göstərir, amma İsveçdə ingilis dilinə uşaq bağçalarından başlayaraq verilən inanılmaz yer və ayrılan vəsait isveçli şagirdlərin ana dilində yiyələndikləri savada mənfi təsir göstərmir? Nədən riyaziyyat və elmli fənlərdə də Azərbaycan məktəblilərinin durumu elə ana dili qədər, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) orta səviyyəsindən geridədir?
Qalsın qeyri-müəyyən gələcəyə!
Əgər siz Azərbaycan dövlət rəhbərliyinə tövsiyə edirsiz ki, ölkənin təhsil sisteminin keyfiyyətini məqbul və hətta ən yüksək bir səviyyəyə qaldırsın, müxalifət lideri kimi öz peşə borcunuza əməl edirsiz və əslində millətimizin ən ağır məsələsinə işıq salırsınız. Amma əgər deyirsiniz ki, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti kimi türk dövlətlərinin başçıları öncə ölkədaxili problemləri çözüb, sonra digər türklərlə həmrəylik etsin, demək, bu işi qeyri-müəyyən gələcəyə saxlamaq istəyirsiniz! Çünkü ölkədaxili durum, misal üçün, 1 nömrəli cədvəldən göründüyü kimi, təhsil sahəsində bəzən İsveç kimi ölkələrə də əlçatmaz ola bilər. Öncə işarə etdim ki, İsveç illərdir təhsil sahəsində Finlandiaynın uğurlarını mənimsəmək istəyir və bacarmır, hər yeni hakimiyyət isə bu haqda yeni vədlər verməklə işə başlayır. Amma di gəl ki, bu arada Estoniya kimi kiçik bir ölkə həm İsveçi, həm də Finlandiyanı arxada qoyub PİSA cədvəlinin iki bölməsində birinci və bir bölməsində üçüncü yerə yüksəlib (PISA: Beynəlxalq Şagird Dəyərləndirmə Proqramı).
Təsəvvür edək ki, rus dili tədrisini bir gecədə ləğv etdik və elə həmin gecə ingilis dilini onun yerinə qoyduq. Rusiyada təhsil alan 15 min azərbaycanlı tələbəni hansı ingilis dilli ölkənin ali təhsil ocaqlarına yollamaq sizə real görünür? İş tapmaq və ticarət qurmaq məqsədilə Rusiyaya üz tutan yüz minlərlə azərbaycanlını hansı ingilis dilli ölkə qəbul edəcəkdir? Əgər bu əməliyyat real aləmdə rahatdırsa, bəs Avropa və Kanadadan kənar 23 fransız dilli ölkə nədən bu günə qədər fransız dilini ingilis dili ilə əvəz etməyib? Ya nədən Hindistan ingilis dilindən inmtina etməyib?
(Qaynaq 1: OECD rəsmi səhifə) / (Qaynaq 2: BBC Türkcə) / (Qaynaq 3: Skolverket, PİSA 2018)
Rus dilinin yeni statusu
2 nömrəli cədvəldə verilən Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun 2020-ci il nəşr olmuş rəqəmləri əsasən Cəmil müəllimin yazısında verilən qeydləri əks etdirmir və bu qaynaq da İlham Əliyevin dediklərini təsdiq edir.
İşin mahiyyəti
Sovet İttifaqını dirəkləri laxlamağa başlar-başlamaz, yeni siyasi quvvələrə legitimlik qazandıran ilk növbədə anti-kommunizm idi. Qeyri-rus respublikalarda Rusiya boyunduruğuna qarşı durmaq ikinci yerdə gəlirdi. Azərbaycana gəldikdə, daha üç əsasda legitimlik aramaq imkanı var idi. Türkiyə və Güney sevgisi, bir də Qarabağ məsələsi. Beləliklə, post-sovet dövründə Azərbaycanda beş sahədə leqitimlik qazanmaq üzrə rəqabət başladı:
- Kommunist rejiminə qarşı;
- Rus imperiyasına qarşı;
- Qarabağ məsələsi;
- Türkiyə sevgisi;
- Güney Azərbaycan sevgisi.
Bugünkü müxalifət hələ Əbdürrəhman Vəzirov dövründən bəri bu beş sahədə legitimlik qazanmağa can atmağa başladı. Demokatiyalarda legitimlik seçki qutusundan çıxır. Seçkini qazanmaq üçün siyasi partiya və siyasi liderin keçmişində lazımi qədər uğurlu fəaliyyəti başlıca şərtdir. Misal üçün, 2002-ci ilin noyabrında Türkiyənin Ədalət və İnkişaf Partiyası bütün Türkiyə bələdiyyələrində gəstərdiyu performans etibarilə seçkilərə qatıldı. Amma Sovet İttifaqı dağılarkən totalitar kommunist rejimində hakim zümrədən başqa kimsənin keçmişində siyasi fəaliyyət yox idi və nəticədə rəqabət ancaq söz meydanına aparılırdı. Misal üçün, 2002-ci ilin 3 noyabr tarixli seçimlərinə 9 gün qalmış Uğur Dündarın moderatorluğu ilə keçirilən debatda Rəcəb Tayyib Ərdoğan və Dəniz Baykal əsasən olub-bitmiş bir çox layihələrdən danışırlar, amma öncə deyildiyi kimi, post-sovet məkanında yalnız “söz” və “müddəalar” meydanında yarışma gedirdi və arada bu müddəaları yoxlamağa heç bir mexanizm yox idi. Nəticədə hər beş sahədə kimin nəyə qadir olmasını zaman göstərməli oldu.
- Kommunist rejiminə qarşı. Kommunizm çökdü və kimin onun havadarı olub-olmaması məlum olmadı. Heydər Əliyev də bütün bu prosesdə iştirak etdi.
- Rus imperiyasına qarşı. Heydər Əliyev və İlham Əliyev hər ikisi Azərbacanın şimal qonşusu ilə münasibətlərini idarə etmək siyasətinin tərəfdarı olub. İlham Əliyev 10 noyabr 2020-ci ilə qədər ölkəni şimal qonşuya qarşı təslim etməkdə ittiham olunub, o tarixdən sonra isə onun qarşısında kifayət qədər sərt dayanmamaqda tənqid edilib. Məncə, Rusiya qarşısında ”kifayət qədər sərt” dayanmış Ukraynanın cari müharibədə əfsanəvi qəhrəmanlığına rəğmən, acı aqibəti bu mübahisəyə də son qoyub. Ukrayna faciəsi Rusiyanı yerində oturtmanın mümkün olduğunu sübut etməklə bərabər, bu işin bədəlini də müəyyənləşdirdi. Bu bədəli Azərbaycan ödəyə bilməzdi, necə ki, Gürcüstan 2008-ci ildə ödəyə bilmədi.
- Qarabağ məsələsi. Bugünkü müxalifət hələ Əbdürrəhman Vəzirov dövründən özünü Qarabağ məsələsini çözmək iqtidarında olan yeganə alternativ elan etmişdi. 35 illik tarix və 44 günlük Vətən müharibəsinin sonucları bu legitimlik meydanını da müxalifətdən aldı.
- Turkiyə sevgisi. Bugünkü müxalifət özünü Türkiyənin yeganə dostu, Heydər Əliyevi və İlham Əliyevi isə Rusiyapərəst və Türkiyə düşməni elan etmişdi. Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin 1993-cü ildə Türkiyədən 4 helikopter ala bilməməsi, 2020-ci ildə isə Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16-ların Gəncədə startda dayanması kimi faktlar burada da müxalifəti legitimlik meydanından məhrum edir. Beləliklə, 2020-ci il noyabrın 10-na qədər sadalanan dörd sahədə legitimlik qazanmaq imkanı bir-bir müxalifətin əlindən sürüşüb çıxdı. Bircə Güney sevgisi qalmışdı. Tale elə gətirdi ki, 2022-ci noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bu sahədə də müxalifətə qarşı ciddi bir gedişə şahidlik etdik.
- Güney sevgisi. Həqiqətən də rəhmətlik Əbülfəz Elçibəyin Güney Azərbaycandan danışması, güneylı soydaşlarımızın problemlərini qabartması Azərbaycanın hər iki tayında insanlara ümid verirdi. Amma İran rejiminin o illərdə Azərbaycana qarşı törətdiyi və Türk Dünyasının göz bəbəyi sayılan Azərbaycan Respublikasını uçuruma sürükləyən fitnələrı bizi bu haqda yenidən düşünməyə çağırdı. Əcəba, ordusu olmayan bir varlığın dünyaya terror ixrac edən molla rejiminə qarşı Güney sevdasını dilə gətirmək nə qədər vaxtında idi?
İndi topraqlarını işğaldan azad etmiş, modern orduya sahib, eləcə də bütün ordusu ilə Can Azərbaycanın yanında olan Türkiyə və İsrail kimi dost dövlətlərə malik olan bir ölkənin başçısı öz insani və milli borcunu yerinə yetirib, Güneyin dədrindən danışır. Nə gözəl! Mübarəkdir bu gəlişmə! Əgər 1990-ci illərin başında topu-tüfəngi olmayan ölkənin başçısı Güney sevdasını gizlətmirdisə, bu gün müzəffər bir ölkənin rəhbəri xalqının Güneydə əsarətdə yaşayan qisminə məhəbbətini nümayiş etdirir. Bundan daha düzgün və daha təbii nə ola bilər? Cəmil müəllim, sizcə, Azərbaycan Prezidenti öz xalqının bir parçasına diqqətini ali bir kürsüdən səsləndirmək üçün əvvəlcə gərək hansısa siyahıda nəzərdə tutulmuş vacib vəzifələri yerinə yetirsin, sonra Güney adını tələffüz etməyə haqq qazansın? Əgər İlham Əliyev bu sözləri Səmərqənddə dilə gətiməsəydi, onda Azərabaycanda ana dili daha da tez inkişaf edə bilərdi? Kim deyir ki, İlham Əliyev əvvəlcə “Dağıstanda sərgərdan vəziyyətdə qalmış” soydaşlarımızın, sonra Gürcüstan azərbaycanlılarının taleyi ilə məşğul oduqdan sonra Güney Azərbaycana olan təbii sevgisini dilə gətirməlidir? Bu prioritet siyahını kim müəyyənləşdirib?
Legitimlik qazanmaq meydanı dəyişərkən yanlış mövqeyə düşmək!
Siyasətdə müxalfətin hakim iqtidarla çəkiş-bərkiş meydanları daima dəyişir. Çox zaman siyasi rəqiblər bir-birinin şuarlarını təkrar edir və bununla fikir ayrılığı konsensusa çevrlilir. Müxalifətin peşə borcu hər an yeni sahələri, yeni problemləri təsbit edib, platformasını yeniləməkdir. Azərbaycan müxalifəti də bunu yaxşı blir. Yuxarıda deyilən kimi, digər dörd legitimlik qazanma meydanı artıq yoxdur və ola bilər ki, Güneylə həmrəylik də daha müxalifətin monopoliyasından çıxsın. Belə bir inkişafın qarşısında siyasi bir gediş İlham Əliyevə ”əvvəlcə min bir dərdin dərmanını tap, sonra Güneydən danış!” demək deyir. Keçmişdə İran rejiminin sifarişi ilə respublikada dini fanatizmi yayanlar Azərbaycan müxalifəti tərəfindən ”söz azadlığı qəhrəmanları” kimi müdafiə olunurlar. Legitimlik qazanmaq sahələrini yeniləyə bilməyən müxalifət dini fanatizmin müdafiəsi və Güney Azərbaycanın haqlarının bəyanına qarşı durmaq kimi yanlış meydanlara düşə bilər.
Mən Cəmil müəllimi daima Güneyin yanında görmək istəyirəm, Güneylə həmrəylik çağrışlarına qarşı yersiz tənqid edən müxalif rolunda yox.