İndi hamı bu məhsulu alırbackend

İndi hamı bu məhsulu alır

Nyu-York əmtəə birjasında qızılın qiyməti ilk dəfə bir troya unsiyası üçün 4000 dolları ötüb. “Comex” birjasında dekabr fyuçerslərinin dəyəri 0,35% artaraq 4000,1 dollara çatıb. Lakin Bakı vaxtı ilə saat 04:54-də qiymət bir qədər enərək 3987,4 dollar səviyyəsində qalıb.

Dünya bazarında qızılın bahalaşmasının səbəbi nədir? Bu proses Azərbaycana necə təsir edəcək?

KONKRET.az xəbər verir ki, Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev “Yeni Sabah”a açıqlamasında bahalaşmanın səbəblərindən danışıb:

O vurğulayıb ki, qızılın qiyməti dayanmadan artır: “Bu gün birjada 1,99 qram qızılın qiyməti 127 dollardır və hər gün bahalaşır. Təkcə 2025-ci ildə qızıl 50%-dən çox bahalaşıb. Ümumiyyətlə, artım 2019-cu ildən başlamışdı və həmin ildən sonra uzun müddət qiymətlər stabil idi, 35-40 dollar arasında dəyişirdi. Ondan sonra artımlar 50 dollara, 60 dollara, 70 dollara qədər yüksələrək bu gün 127 dollara çatıb”.

Assosiasiya sədrinin sözlərinə görə, bunun əsas səbəbi dünyada baş verən münaqişələr və onların yaratdığı böhranlardır: “Təbii ki, münaqişələr olduqda müəyyən dərəcədə iqtisadi böhran da yaranır və bunun nəticəsində qızılın qiyməti artır. Çünki qızıl belə böhranlar və münaqişələr zamanı özünü stabil yatırım aləti kimi təqdim edir və investorlar təbii ki, qızıla üstünlük verirlər”.

T.Abbasquliyev onu da vurğulayıb ki, müşahidə edilən artımlar investor və mərkəzi bankların alışlarına bağlı olaraq inkişaf edir:

“Tələbat artdıqca da qiymət artır; bu, iqtisadiyyatın qanunudur. Ümumiyyətlə, tarixən dünyada hasil olunan qızılın böyük bir hissəsi, 50%-dən çoxu zərgərlik məmulatlarının hazırlanmasına sərf olunurdu. Son zamanlar böhranlar və narahatlıqlar başlayanda və qızılın qiyməti artmağa doğru getdikdə, mərkəzi banklar daha çox qızıl alışına yönəlirlər. Bu səbəbdən zərgərlik məmulatlarının istehsalına sərf olunan qızılın həcmi düşür, mərkəzi bankların və investorların alışları isə artır.

Bu da müəyyən mənada qızılın qiymətinin artımına daha ciddi təkan verir. Əvvəllər ən böyük pay zərgərlik məmulatlarının istehsalına sərf olunurdu və qiymət o qədər də artmırdı, çünki son istehlakçılar zərgərlik məmulatlarının qiymətini həzm edə bilmirdilər. Qiymət çox yavaş tempdə artırdı. Biz müşahidə etdiyimiz bu ciddi artımlar isə əsasən investorların və mərkəzi bankların böyük alışlarına bağlıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*