İqor Korotçenko: Qarabağ məsələsi bitdi, Qarabağ “de fakto” və “de yure” Azərbaycandırbackend

İqor Korotçenko: "Qarabağ məsələsi bitdi, Qarabağ “de fakto” və “de yure” Azərbaycandır"

Rusiyalı ekspert: Paşinyan Şəhidlər Xiyabanında diz çöküb, Azərbaycan xalqından üzr istəməlidir

Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru, tanınmış İqor Korotçenkonun APA-nın Moskva müxbirinə müsahibəsi:

– İqor Yuryeviç, hərbi ekspert kimi Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərini necə qiymətləndirərdiniz? 24 saatdan az müddətdə bu cür uğurlu əməliyyatın keçirilməsinin sirri, sizcə, nə ola bilər?

– Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri tapşırığını yüksək səviyyədə icra edib. Bir sutkadan az çəkən bu əməliyyat hamı üçün gözlənilməz oldu. Çünki proqnozlar 3 gündən 7 günə kimi verilmişdi. Lakin bir gündən az müddətdə bütün əsas tapşırıqlar yerinə yetirildi. Bu məlum uğur nəyin hesabına qazanıldı? Burada bir neçə faktor var. Birinci faktor döyüş meydanında yüksək situasiya məlumatlılığına malik olmaqdır. Bu, o deməkdir ki, düşmənin bütün əsas müdafiə nöqtələri yüksək dəqiqlikli silahlarla sıradan çıxarılıb. Bir sözlə, düşmənin bütün müdafiə sistemi dəqiq-cərrahiyə ləğvetmə əməliyyatı ilə məhv edilib. Bununla yanaşı, Azərbaycan ordusu bu əməliyyatı dinc əhaliyə və mülki infrastruktura ziyan vurmadan həyata keçirib. Daha sonra yerüstü əməliyyat baş tutub. Nəticədə, elə vəziyyət yaranıb ki, düşmənin müqavimət göstərməsinin mənası qalmayıb. Yekunda separatçıların rəhbərliyi təslim olmaq qərarı alıb və “de-fakto” rəsmi Bakının təkliflər paketini qəbul edib. Onu da qeyd etmək vacibdir ki, Azərbaycanın antiterror tədbirlərini bu surətlə həyata keçirməsi nə Ermənistana, nə erməni lobbisinə, nə də qərb ölkələrinə Azərbaycana siyasi təzyiq mexanizmini icra etməyə imkan verməyib. Fransanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında prinsipcə müzakirə ediləcək heç nə qalmamışdı. Çünki əməliyyat Azərbaycanın şərtləri ilə başa çatmışdı. Qeyd etməliyik ki, bu əməliyyatı planlaşdıranlar, icra edənlər, əmr verənlər çox yüksək peşəkarlıq nümayiş etdiriblər. Bu, onu göstərir ki, Azərbaycan rəhbərliyi Bakının qələbəsi, Ermənistanın tam kapitulyasiya ilə bitən İkinci Qarabağ müharibəsindən keçən müddətdə ordunu, xüsusi təyinatlıları, kəşfiyyatı daha da yüksək hazırlıq vəziyyətinə gətirib. Əlbəttə ki onu da qeyd etməliyik ki, “blokada” və “aclıq”la spekulyasiya etməyin daha keçmədiyini görən separatçılar terrora əl atmışdılar. Bu terrorun cavabı da rəsmi Bakının keçirdiyi lokal xarakterli antiterror tədbirləri oldu. Gəlin açıq deyək, bu, çox uğurlu, effektliv və Azərbaycanın tam qələbəsi ilə başa çatan antiterror əməliyyatı idi.

“Qarabağ məsələsi bitdi, bu səhifə birdəfəlik qapadıldı”

– Bu əməliyyatın nəticəsi olaraq Qarabağdakı separatçı rejim özünü buraxdığını elan edib. Hüquqi cəhətdən bunun mənası olmasa da, hesab edirsinizmi ki, artıq qondarma “NKR” layihəsi tarixin arxivinə qovuşub?

– Qarabağ məsələsi bitdi, Qarabağ “de fakto” və “de yure” Azərbaycandır. Bu səhifə birdəfəlik qapadıldı. Qarabağ indi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycana dost olmayan bəzi qərb ölkələrinin bu vəziyyətdən istifadə etmək cəhdləri, etnik təmizləmə mövzusunu qaldırmaları artıq keçməyəcək. Bu cür addımlar artıq işləmir. Birincisi, ona görə ki burada hərbi qələbə faktoru mövcuddur. Bunu isə artıq heç kəs mübahisələndirə bilməz, heç kəs…Bu faktdır. O ki qaldı bu prosesin siyasi nəticələrinə, Azərbaycan özünü çox məsuliyyətli aparır. Rəsmi Bakı elan edib ki, Qarabağın dinc erməni əhalisi üçün heç bir təhlükə yoxdur, reinteqrasiya prosesi aparılacaq, onlar Azərbaycan pasportu alacaqlar. Əgər kimsə hansısa səbəblərə görə Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirsə, o zaman Qarabağı tərk etməlidir. Biz bu gün Qarabağın erməni əhalisinin dinc və təhlükəsiz şəkildə qrafik əsasında Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana getdiyini müşahidə edirik. Bu, Qarabağ ermənilərinin seçimidir. Onlar Ermənistana getmək istəyirlər və bunun üçün təhlükəsiz şərait yaradılıb. Bu mənada Azərbaycan çox düzgün, məsuliyyətli fəaliyyət modeli planı nümayiş etdirir. Xankəndi elektrik şəbəkəsi də artıq Azərbaycanın ümumi elektrik şəbəkəsinə qoşulub. O vaxt Şuşada bu obyekti məhz onun üçün tikmişdilər. Regionun digər mövcud problemlərinin həlli tədricən Azərbaycanın dövlət strukturlarının əlinə keçir. Bu isə o deməkdir ki, region inkişaf üçün güclü impuls qazanacaq. Burada həyat səviyyəsi separatçı anklavdakından qat-qat yüksək olacaq. Qarabağ ermənilərinin həyat səviyyəsinin Ermənistandakı ermənilərdən daha yaxşı olacağı da aydındır. Ona görə də hesab edirəm ki, regionda qalacaq ermənilərin normal həyatı, işi olacaq. Kim bu varianta baxmaq istəmirsə, sərbəst şəkildə Ermənistana gedə bilir. Azərbaycan cəmiyyətinə reinteqrasiyanın mütləq şərti qanunsuz silahlı birləşmələrin tam təslim olmasıdır ki, biz bunu artıq müşahidə edirik. Aşkar edilən içi dolu böyük silah anbarları, hərbi texnikalar, tanklar, piyada döyüş maşınları, radioelektron mübarizə vasitələri onu göstərir ki, bu, müntəzəm ordu olub. Bütün bu silah-sursat Azərbaycanın əlinə keçir. Aydındır ki, Azərbaycana qarşı terror cinayətləri törədənlər, birinci və ikinci Qarabağ müharibəsində Azərbaycan əhalisinə qarşı kütləvi soyqırımı aksiyasında iştirak edənlər məsuliyyətə cəlb olunacaqlar. Çünki həmin şəxslər beynəlxalq hərbi cinayətkarlardır və beynəlxalq hərbi cinayətin məhdudiyyət müddəti olmur, onlar törətdikləri əməllərə görə mütləq cavab verməlidirlər.

“Xankəndi üzərində Azərbaycan bayrağının dalğalanması artıq texniki məsələdir”

– Siz dəfələrlə müsahibələrinizdə, çıxışlarınızda prosesin Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə nəticələnəcəyini, Xankəndi üzərində Azərbaycanın bayrağının dalğalanacağını proqnozlaşdırırdız. Artıq demək olar ki, bu proqnozlarınız özünü doğruldub.

– Əlbəttə ki Azərbaycan bayrağı Xankəndi üzərində dalğalanacaq. Bu, artıq texniki məsələdir. Çünki bu, dəyişikliyin, qələbənin simvoludur. Necə ki 2020-ci ildə bu, Şuşada baş vermişdi. Bunun çox vacib, simvolik və siyasi əhəmiyyəti var. Bu, bu vaxta kimi baş verənlərin, həyata keçirilənlərin yekunu olacaq. Bu, Azərbaycan xalqı üçün vacib hadisə olacaq və ümummilli xarakter daşıyacaq. Bilirsiniz, Rusiyanın media ictimaiyyətində baş verənlərlə bağlı müxtəlif fikirlər, mövqelər, proqnozlar vardı. Lakin mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, proseslərlə bağlı bizim proqnozlarımız özünü doğrultdu. Mənimlə bir sıra layihədə çalışan ekspertlərin, analitiklərin hərbi, siyasi təhlilləri, proqnozları göstərdi ki, onlar necə peşəkardırlar. Prinsipcə, bizim əvvəlcədən proqnozlaşdırdıqlarımız yekunda həyata keçirildi. Biz Rusiya hakimiyyətinin vertikalının bütün mərtəbələrində yerləşən erməni lobbiçilərinin yalan məlumatlar, lazımsız məsləhətlər verdiklərini, təxribata təhrik etdiklərini görürdük. Yekunda bu sıfırlandı. Bütün bu köpük tarixin dalğaları ilə yuyuldu. Cənubi Qafqazın strateji imkanlarını özündə ehtiva edən yeni reallıq yarandı. Bu gün region üçün başlıca olan sülh və sabitliyin qorunub saxlanması, nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, fövqəladə dərəcədə vacibdir. Burada təkcə şimal-cənub dəhlizinin müxtəlif istiqamətlərdə işləməsindən yox, həm də Zəngəzur dəhlizinin açılmasından söhbət gedir. Ermənistan bu prosesə nə qədər müqavimət göstərsə də, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyinin əks olunduğu 10 noyabr 2020-ci il üçtərəfli sazişinə imza atıb. Zəngəzur dəhlizinin açılması regionun əsas ölkələrinin tələbidir. Düşünürəm ki, ekspert diplomatiyası formatında bu məsələ ilə bağlı İranla işləmək lazımdır. Çünki İranın Zəngəzur dəhlizi ilə bağlı müəyyən şübhəsi, yanlış təsəvvürü var və bu şübhələrə son qoymaq, yanlış təsəvvürləri aradan qaldırmaq üçün rəsmi Tehranla ekspertlər səviyyəsində danışıqlar aparılmalıdır.

“Qərbi azərbaycanlıların Ermənistana qayıtması, İrəvanın Xocalıya soyqırımına və işğal faktına görə kompensasiya ödəməsi…”

– Sizcə, Qarabağ məsələsi bitdikdən sonra Azərbaycanın gündəliyində hansı məsələlər durur?

– Əlbəttə ki gündəlikdə Ermənistandan qovulan azərbaycanlıların öz əzəli torpaqlarına qayıtması məsələsi… Bu gün qərbi azərbaycanlılarla bağlı müvafiq ictimai birlik mövcuddur. Bu birliyin səsi bu gün eşidilir. Həmin azərbaycanlılar, onların övladları, nəvələri yüz illərlə yaşadıqları torpaqlara qayıtmaq hüququna malik olduqlarını bəyan edirlər. Həmin torpaqlar hazırda Ermənistan ərazisidir, hansı ki ötən əsrin 80-ci illərinin sonlarında azərbaycanlılara oradan qovulublar. Sözsüz ki bu məsələnin həlli tələb olunur.

Düşünürəm ki, gündəlikdə duran digər məsələ Ermənistanın Xocalı soyqırımını rəsmi tanımasıdır. Ermənistan könüllü şəkildə bu soyqırımı aktını etiraf etmək məsuliyyətini öz üzərinə götürməlidir. İrəvan Xocalıya görə Azərbaycandan və Azərbaycan xalqından üzr istəməlidir. Xocalıda vəhşicəsinə öldürülən şəxslərin ailələrinə, sağlamlıqlarını itirənlərə kompensasiya ödəməlidir.

Digər məsələ isə Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın 20 faiz torpaqlarında törətdiyi əməllərin və aqressiyanın qiymətləndirilməsidir. Azərbaycana vurulan ziyanın qiymətləndirilməsi və ödənilməsi müzakirə predmetidir. Məncə, bizim erməni həmkarlarımız özlərini “dəvə quşu” kimi başına quma salıb aparmamalıdır. Bütün bunları biz görmüşük, hər şey qeydə alınıb. Azərbaycana vurulan ziyan qiymətləndirilib. Hüquqi nöqteyi-nəzərdən Ermənistanın Azərbaycana vurduğu zərəri maliyyə cəhətdən ödəməsinə nail olunmalıdır. Bu, mərhələli şəkildə də ola bilər. Lakin bu, Ermənistan üçün hüquqi məsuliyyət tələb edən sənəd çərçivəsində qeyd olunmalıdır.

Çox məsələ var. Ən başlıcası isə bizim bu gün məsələlər haqqında nəzəri deyil, artıq praktiki olaraq danışmağımızdır. Çünki regionda yeni strateji, geosiyasi reallıq yeni imkanlara və eyni zamanda yeni çağırışlara reaksiya verməyi müəyyən edir.

Azərbaycanın uğuruna heç də hamı sevinmir. Mən bu haqda demişəm. Bir də deyirəm. Bu, beynəlxalq erməni diasporu, Fransa kimi ölkələrdir. Biz ABŞ-ın da bu məsələdə ikiüzlü mövqeyini müşahidə edirik. Bunları anlayaraq, Azərbaycan öz dostlarını, rəqiblərini və düşmənləri dəqiq görməli və effektiv hərəkət etməlidir, necə ki bu günə kimi hərəkət edib.

Mən ayrıca olaraq baş verən hadisələrdə Azərbaycan prezidenti İlham Əliyevin rolu haqda danışmaq istəyirəm. İlham Əliyev, sözsüz ki, müasir dünyanın görkəmli siyasi liderlərindən biridir. Hansı ki sözü və əməli ilə strateji məqsədə necə effektli və müvəffəqiyyətlə çatdığını sübut edib. Bütün baş verənlər, sözsüz ki, diversifikasiyalaşdırılmış və effektiv iqtisadiyyatının yaradılması ilə bağlı çoxillik səylərin, peşəkar ordunun yaradılmasının yekunu idi. Əgər əvvəllər biz Azərbaycan ordusu haqqında danışanda postsovet məkanın ən yaxşı ordularından biri deyirdiksə, bu gün etiraf etməliyik ki, Azərbaycan Silahlı Qüvvələri müasir dünyanın ən güclü ordularından biridir. Bu qiymətləndirmə daha obyektivdir. Hamı çox yaxşı anlayır ki, xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti Azərbaycan diplomatiyasını uğurları, keyfiyyətli kəşfiyyat məlumatları, təhlilləri sayəsində mümkün olub. Azərbaycanın Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri, Müdafiə, Daxili və Xarici İşlər nazirlikləri, Prezident Administrasiyasının birgə effektli fəaliyyəti qeyd olunmalıdır. Təbii ki bu piramidanın zirvəsində Azərbaycan Prezidenti İlham Əliyevin rolu və şəxsiyyəti dayanır, hansı ki o, atası Ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi və öz ölkəsinin ərazi bütövlüyünü bərpa etdi, Azərbaycanı XXI əsrin ən uğurlu dövlətlərindən birinə çevirdi. Əminəm ki, Azərbaycanın daha parlaq gələcək gözləyir.

“Rəsmi Moskva erməni lobbiçiliyinə ayrılan pulların auditini aparmalıdır”

– Qarabağda baş verən proseslərə Rusiyadakı erməni lobbisinin isterik reaksiyası müşahidə olunur. Rusiyanın dövlət telekanallarında erməni əsilli və erməniyönümlü jurnalistlər və ekspertlər Paşinyanı açıq təhqir və təhdid edirlər.

– Rusiyadakı erməni lobbisi həqiqətən böyük gücə malikdir. Onun nəhəng resursları, imkanları və kommunikasiyaları var. Bütün bu resurslar Azərbaycanın hərbi qələbəsi ilə sıfırlandı. Hazırda biz erməni lobbisi tərəfindən “çığırtılar”ı, Rusiyanın media məkanında Paşinyanın ünvanına söyüşləri, hətta senzuradan kənar ifadələri müşahidə edirik. Məncə, bu addımlarla onlar özlərini alçaldırlar. Əvvəla, onlar bununla özlərinin peşəkar olmadıqlarını nümayiş etdirdilər. Erməni lobbisi Rusiya rəhbərliyinə söz vermişdi ki, məhz onların əli ilə Ermənistan Rusiyanın təsir dairəsində qalacaq, Cənubi Qafqazda geosiyasi proseslər idarə olunacaq, bizə inanın, bizi maliyyələşdirin, hər şey yaxşı olacaq. Kremlin bir neçə qülləsinin gedişi bu cür idi. Amma yekunda nə oldu və biz nə görürük? Bu insanlar (erməni lobbiçiləri-red.) ancaq özlərini varlandırmaqla, sərvət qazanmaqla məşğul olublar. Mən həmin insanlarla bağlı araşdırmanın, eləcə də Rusiyanın “yumşaq güc” siyasəti çərçivəsində ayrılan külli miqdarda vəsaitlərin auditinin aparılmasının tərəfdarıyam. Maliyyə auditi mütləq aparılmalıdır. Çünki Ermənistana münasibətdə “yumşaq güc” siyasətinə ayrılan vəsaitlər oğurlanıb. Baxın, təsəvvür edin ki, Rusiyanın Ermənistandakı “yumşaq güc” vasitəsi Mika Badalyan adlı blogerdir. Təsəvvür edirsiniz? Bizim bəyəm başqa “yumşaq güc”ümüz yoxdur? Hesab edirəm ki, bu, Ermənistanda Rusiyanın təsir gücünü saxlamaq məsələsi ilə məşğul olanların dövlətə xəyanətidir. Mən Paşinyanı təhqir etməyin tərəfdarı deyiləm. Anlaşılandır ki, o, qərb inqilabı layihəsinin məhsuludur. Lakin o, suveren liderdir. Nəyə görə biz Rusiya teleekranlarında Paşinyanı təhqir etməliyik? Bu, heç bir nəticə verməyəcək. Ermənistan əhalisinin böyük əksəriyyəti Qarabağın itirilməsinə biganə yanaşıb. Paşinyanı devirmək üçün İrəvanda kütləvi aksiyalar təşkil etmək alınmadı. Bir-iki min insan küçəyə çıxdı. Vacib olan polisin, xüsusi xidmət orqanlarının sərgilədiyi mövqe idi. Onlar Paşinyan hökumətinə loyallıq nümayiş etdirdilər. O ki qaldı Ermənistan ordusunun generalitetinə, onlar neytral mövqe tutdular. Ona görə də Paşinyan nəinki güc itirəcək, əksinə möhkəmlənəcək. Bu şərtlərdə onu daha da ABŞ-ın qucağına itələmək, düşünürəm ki, ağılsızlıqdır. Rusiya ilə əməkdaşlıqda Ermənistanın müəyyən bonusları mövcuddur. Birincisi, bu ümumi iqtisadi məkandır. Burada söhbət Avrasiya İqtisadi məkanından gedir. İkincisi, Ermənistanda təmsil olunan nəhəng Rusiya biznesidir. Ona görə də Ermənistan Rusiya ilə ticarət-iqtisadi əlaqələrini inkişaf etdirməyə məcburdur. Üçüncüsü isə, hesab edirəm ki, hər zaman imkan pəncərəsi mövcuddur. Sadəcə olaraq, Ermənistanla indi başqa kadrlar, yeni kadrlar işləməli, onlar Ermənistanı Rusiya üçün tamamilə itirməməyə çalışmalıdır. Lakin düzünü desək, Azərbaycanın Qarabağ üzərində suverenliyi tam bərpa olunandan sonra Ermənistanın Rusiya üçün regionda strateji əhəmiyyəti xeyli azalıb. Bu da yeni reallıqdır. Bunu dərk etmək lazım gələcək. Başa düşmək lazımdır ki, Rusiya postsovet məkanında nə istəyir, hansı məqsədləri hədəfləyir.

– İqor Yuryeviç, Qarabağ məsələsi bitdikdən sonra region üçün yenə hansısa təhlükə mövcuddurmu?

– Hesab edirəm ki, hazırda region üçün təhlükə qərbin Gürcüstanda vəziyyəti sarsıtmaq cəhdləridir. Əvvəla? Azərbaycan tərəfindən reallaşdırılan vacib infrastruktur layihələri Gürcüstan ərazisindən keçir. Rusiya üçün İrakli Qaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan deyərdim ki, çox normal iqtisadi tərəfdaşdır. Biz hazırk; Gürcüstan hökumətinin Rusiyaya qarşı nifrətini görmürük. Tbilisi Moskva ilə iqtisadi-ticarət əlaqələrini dəstəkləyir. Bu, çox vacibdir. Ümumi götürsək, bu, sabitlik deməkdir. Əgər yeni rəngli inqilab nəticəsində yenə hakimiyyətə Saakaşvili kimi birisi gəlsə, o zaman region təzədən xaosa dönəcək. Bu isə həm Rusiyanın, həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına ziddir. Moskva bütün diqqətini hazırda Ukrayna ilə xüsusi hərbi əməliyyata yönləndirib. Ona görə də Ermənistan, ya da Gürcüstanın təşəbbüsü ilə yaranacaq münaqişə Rusiyaya tamamilə lazımsızdır. Bu səbəbdən hesab edirəm ki, Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitliyin təmin olunması üçün Rusiya, Türkiyə, İran, Azərbaycan və Gürcüstan arasında xüsusi xidmət orqanları və ya təhlükəsizlik şuralarının rəhbərləri formatında məsləhətləşmələr mexanizminin yaradılması vacibdir. Hesab edirəm ki, Moskva, Ankara, Bakı, Tehran və Tbilisiyə regionda riskləri görüb onları neytrallaşdırmağa heç nə mane olmur.

“Rusiyadakı heç bir erməni lobbisi Paşinyanı devirə bilməz”

– Moskva-İrəvan münasibətlərinin gərginləşməsi fonunda Vaşinqton-İrəvan münasibətlərinin daha da yaxşılaşdığını müşahidə edirik. Ermənistanın Rusiyadan tam üz döndərməsi nə qədər realdır? Ya da Rusiyanın Ermənistandan?

– Aydındır ki, Ermənistana səfər edən ABŞ-ın yüksək vəzifəli nümayəndə heyəti Paşinyana Moskva ilə münasibətləri tam pozması üçün müəyyən seçim dəsti təklif edib. Ona görə də vacibdir ki, Rusiya telekanallarının ekranından Paşinyanın təhqir olunması dayandırılsın. Bu təhqirlər erməni milliyyətindən olan şəxslərin dilindən səsləndirilir. Onları efirdən yığışdırmaq lazımdır. Bu, Paşinyan üçün əlavə qıcıqlandırıcı amil və təhdiddir. Ona görə də erməni lobbiçilərini Rusiya telekanllarından uzaqlaşdırmaq lazımdır. Bu, birinci addım olmalıdır. İkinci addım kimi isə Paşinyanla dialoq və məsləhətləşmələrə başlamaq lazımdır. Baş verənləri geridə qoyub gələcəyə baxmaq, iki ölkə arasındakı münasibətlərdəki müsbət məqamları nəzərə almaq vacibdir. Bəli, nəzəri cəhətdən Ermənistanın KTMT-dən çıxmasına start verilib. Məsələ Rusiyanın bu prosesi nə qədər tormozlaya və ya təxirə sala biləcəyidir. Eyni ilə bu, Rusiyanın Gümrüdəki hərbi bazasına da aiddir. Anlaşılandır ki, ABŞ və Fransa Paşinyanı bu addımı atmağa məcbur etmək üçün hər cür səy göstərəcək. Rusiyanın da Ermənistana qarşı müəyyən təsir rıçaqları mövcuddur. Birincisi, Rusiyada böyük sayda erməni çalışır. Əgər Paşinyan özünü qeyri-dostcasına aparırsa, o zaman hesab edirəm ki, Moskva Ermənistana qarşı iqtisadi rıçaqlardan istifadə edə bilər. Bundan utaqnmaq lazım deyil. Həyat belədir. Bir daha qeyd edirəm ki, Ermənistanla qapıları bağlamaq Rusiya üçün ən azı yersizdir. Rusiyadakı heç bir erməni lobbisi Paşinyanı devirə bilməz. O, ən azı növbəti parlament seçkilərinə qədər hakimiyyətdə qalacaq. Anqlosaksları, Britaniyanı sevməsəm də, onların məşhur dövlət xadimlərindən birinin sözlərini xatırlatmaq istərdim: “Britaniyanın əbədi dostları, əbədi düşmənləri yoxdur. Əbədi Britaniya maraqları var”. Mənə elə gəlir ki, Rusiya ideologizmdən qaçmalı, praqmatizmə üstünlük verməlidir. Ermənistanla münasibətləri qoruyub saxlamalıdırmı? Bəli, saxlamalıdır. Rusiya bazasını Gümrüdə qoruyub saxlamağa imkan varmı? Yəqin ki, var. Ona görə də, hesab edirəm ki, hazırkı səhifəni çevirib praqmatizmə əsaslanan gələcək qurmaq lazımdır. Artıq qardaş xristian xalqından danışmaq lazım deyil. Zatulin kimilər bizi on illərdir, bu nağıllarla yatızdırırdı. Bunun nəticəsini hamı gördü. İrəvandakı Rusiya səfirliyinə qarşı vandal aksiya baş verdi. Bunu həmin qardaş xristian xalqı edir, hansı ki Zatulin bizə hər televiziya ekranından bu barədə üfürürdü. Dünya dəyişir. Anlamaq lazımdır ki, Ermənistanda bizim rəqiblərimiz də, tərəfdarlarımız da var. Ən azı tərəfdarlarımızla işləməliyik, amma buna qədər işlədiyimiz metodlarla deyil…Bu, effektiv deyil. Biz bir dəfə Ukraynanın dırmığına basdıq, ikinci dəfə də Ermənistanın dırmığına… Hər ikisində alnımıza ağır zərbə aldıq. Ona görə də düşünürəm ki, Rusiyanın postsovet məkanı ilə işi məsul sahədə kadr dəyişiklikləri olmalıdır.

– Azərbaycan Qarabağda nəzarəti öz üzərinə götürür, proses artıq yekunlaşmaq üzrədir. Sizcə, regiondakı Rusiya sülhməramlılarının gələcək taleyi necə olacaq?

– Üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ regionunda qalma müddəti beş il müəyyən olunub. Sülhməramlılar Azərbaycan ərazisindədir. Azərbaycan isə hazırda bu region üzərində, hərbi, inzibati və siyasi nəzarəti həyata keçirir. Ona görə də sülhməramlıların işinin predmeti, mandatı və missiyanın gələcəyi Moskva ilə Bakı arasında danışıqların müzakirə mövzusudur. Düşünürəm ki, indidən bu barədə danışmaq hələ tezdir. Çünki hadisələr ilkin fazadadır. Sülhməramlıların mandatının necə olacağından, hansı transformasiyaya uğrayacağından danışmaz hələ tezdir. Lakin yeni reallıq ondan ibarətdir ki, bu ərazi Azərbaycanındır. Bu isə o deməkdir ki, sülhməramlıların gələcək fəaliyyəti Azərbaycan və Rusiyanın siyasi rəhbərliyinin məsləhətləşmələrinin və qərarlarının müzakirə mövzusu olacaq.

“İrəvan Qərbin təzyiqi ilə Ərdoğanın dördtərəfli sammit təklifini rədd edə bilər”

– Ərdoğan Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin dördtərəfli görüşünün keçirilməsini təklif edib. Hazırkı şəraitdə Moskva ilə İrəvanın bu təklifə müsbət yanaşması mümkündürmü?

– Düşünürəm ki, Rusiya, Azərbaycan və Türkiyə bu sammitin keçirilməsinə razı olacaq. O ki qaldı Ermənistana, burada məsələ daha qəlizdir. Ermənistan bu gün elə vəziyyətdədir ki, ona Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ təsir edə bilir. Ona görə də Ermənistanın bu sammitdə iştirakına İrəvan özü yox, kənar oyunçular qərar verə bilər. Unutmaq olmaz ki, geosiyasi rəqabət məsələsi ortadan qalxmayıb. Güclü Türkiyə çoxunu qane etmir. Elə götürək Fransanı… Güclü Türkiyəyə Vaşinqton da çox ehtiyatla yanaşır. Ona görə də Ərdoğan müstəqil qərar qəbul edən lider kimi çoxuna rahat deyil. Düşünürəm ki, Qərb Ermənistan vasitəsi ilə cəhd edəcək ki, ya bu sammit baş tutmasın, ya da təxirə salınsın. Amma bütün hallarda biz Ermənistanla işləməliyik. Paşinyanla Azərbaycan Prezidentinin görüşü planlaşdırılıb. Ola bilsin ki, həmin görüşdə hansısa məsələlər danışılacaq. Nəzərə almaq lazımdır ki, Paşinyan Türkiyə ilə münasibətlərin inkişafında maraqlıdır. Hər şeydən əvvəl iqtisadi-ticarət münasibətlərinin inkişafında… Paşinyan Ərdoğanın inauqurasiya mərasimində də iştirak edib. Düşünürəm ki, Türkiyə diplomatiyası belə sammitin keçirilməsində maraqlıdırsa, Ankara İrəvanla birbaşa da işləyəcək.

“Bakı ilə İrəvan arasında sülh üçün yaşıl işıq yandırılıb”

– İqor Yuryeviç, bütün bu baş verənlərdən sonra Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması perspektivləri nə qədərdir? Nəzərə alaq ki, artıq Qarabağ məsələsi bitib.

– Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yolunda yaşıl işıq yandırılıb. Burada əsas məsələ sərhədlərin delimitasiyası və demarkasiyasıdır. İkinci məsələ Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməsidir. Ermənistan özündən sonra Azərbaycana milyonlarla mina qoyub. Həmin ərazilərin minalardan təmizlənməsi üçün çox ciddi maliyyə və təşkilatı resurslar tələb olunur. Xəritələr isə bu prosesi nisbətən asanlaşdıra bilər. Sözsüz ki, sülh müqaviləsi Azərbaycan Prezidenti tərəfindən irəli sürülən beş prinsipə əsaslanmalıdır. Biz sülh danışıqlarının uğuruna inanırıq. Bu danışıqlar, sülh müqaviləsi on illiklərdir, mövcud olan düşmənçilik, nifrət, qanlı müharibələr səhifəsini tezliklə çevirmək üçün vacibdir. Fikrimcə, bunun üçün Ermənistan rəsmi şəkildə işğala görə Azərbaycandan üzr istəməlidir. Vaxtı ilə Almaniya kansleri Villi Brand Moskvaya gələrək naməlum əsgərin abidəsi önündə diz çöküb Hitler Almaniyasının SSRİ-yə qarşı əməllərinə görə üzr istəmişdi. Onun kimi Paşinyan da rəsmi səfərlə Bakıya uçub, Şəhidlər Xiyabanında diz çöküb Azərbaycan xalqından və dövlətindən Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə etdiklərinə görə üzr istəməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*