Yaxın Şərqdə gərginlik yenidən artır. İsrailin İranın zənginləşdirilmiş uran ehtiyatlarının saxlanma yerlərini açıqlaması fonunda bölgədə hərbi qarşıdurma ehtimalları daha da güclənib. Bəs, İsrailin İranın zənginləşdirilmiş uranı harada saxladığını bildirməsi regionda hərbi gərginliyi artıracaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, İsrail-İran müharibəsinin yenidən başlanması ilə bağlı etimallar getdikcə güclənir:
“Əslində, 12 gün davam edən İsrail-İran müharibəsinin yenidən alovlanacağı ilə bağlı gözləntilər böyükdür. Son günlər İranın Rusiya ilə 3 kiçik atom elektrik stansiyasının tikintisi üzrə müqavilə imzalaması, ardınca 71 mühafizəkar İran parlamenti deputatının ali dini liderə müraciət etməsi, həmçinin Qərb dövlətlərinin yenidən BMT səviyyəsində sanksiyaların tətbiqini gündəmə gətirməsi göstərir ki, Tehran üçün növbəti müharibə uzaqda deyil. Bu müharibə qaçılmaz görünür”.
Ekspertin sözlərinə görə, İranın zənginləşdirilmiş uran ehtiyatlarının harada saxlanmasının açıqlanması sadəcə bəhanədir:
“Fərqi yoxdur, bu ehtiyatlar yeraltı bazalarda saxlanılır, yoxsa indiyədək məlum olmayan məkanlarda gizlədilir. Əsas məsələ odur ki, İran hakimiyyəti yenidən atom elektrik stansiyası yaratmaq niyyətini ortaya qoyub. Buna qarşı isə, şübhəsiz, İsrail və ABŞ-ın reaksiyası gecikməyəcək”.
Politoloq əlavə edib ki, hadisələrin gedişi növbəti İsrail-İran müharibəsinin çox da uzaqda olmadığını göstərir.
Aynurə İsmayıl
KONKRET.az