İsrail Müdafiə Qüvvələrinə (IDF) yaxın mənbələr İran kəşfiyyatının Suriya Prezidenti əl-Colanini qətlə yetirmək üçün mümkün planlar üzərində işlədiyi barədə ciddi xəbərdarlıq yayıb.
KONKRET.az nocomment.az-a istinadən xəbər verir ki, İsrail tərəfi bu informasiyanı regional kəşfiyyat kanalları vasitəsilə əldə edib və məsələ yüksək riskli təhlükəsizlik təhdidi kimi qiymətləndirilir.
IDF-yə yaxın mənbələrin bildirdiyinə görə, İran rəhbərliyi son aylarda Suriyada dəyişən siyasi balansdan və Dəməşq rəhbərliyinin bəzi məsələlərdə Tehrandan asılılığı azaltmaq cəhdlərindən narahatdır.
Məhz bu narahatlıq fonunda İran kəşfiyyat strukturlarının əl-Colaninin fiziki cəhətdən aradan götürülməsi variantlarını nəzərdən keçirdiyi iddia olunur.
Mənbələr vurğulayır ki, söhbət hələlik təsdiqlənmiş əməliyyatdan yox, müxtəlif ssenarilərin və imkanların qiymətləndirilməsindən gedir. Buna baxmayaraq, İsrail tərəfi ehtimal olunan planları real təhlükə kimi dəyərləndirir və regiondakı müttəfiqlərini xəbərdar edib. Xüsusilə Suriya prezidentinin hərəkət marşrutları, ictimai tədbirlərdə iştirakı və təhlükəsizlik protokollarının gücləndirilməsi məsələləri diqqət mərkəzinə çəkilib.
IDF mənbələri qeyd edir ki, İran daha əvvəl də regionda siyasi liderlərə qarşı dolayı və ya birbaşa təsir mexanizmlərindən istifadə edib və bu səbəbdən təhlükə ciddiyə alınmalıdır.
Rəsmi Tehran hələlik bu iddialarla bağlı hər hansı açıqlama verməyib. Suriya tərəfi də məlumatı nə təsdiqləyib, nə də təkzib edib.
