İranın Xarici İşlər Naziri Abbas Əraqçi Ermənistan və Azərbaycan arasında imzalanmış sənədlərlə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, Tehran hər iki ölkə ilə intensiv diplomatik təmaslar qurur.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, nazirin sözlərinə görə, sabah Ermənistanın Xarici İşlər Naziri onunla birbaşa əlaqə saxlayacaq, yaxın günlərdə isə Baş nazir Nikol Paşinyan da İran tərəfi ilə təmaslar qurmağı planlaşdırır. Gələn həftənin çərşənbə axşamı isə Ermənistan XİN rəhbərinin müavini Tehrana səfər edəcək.
Abbas Əraqçi “Zəngəzur dəhlizi” məsələsinə də toxunaraq bildirib ki, “koridor” ideyası tamamilə təxirə salınıb və söhbət yalnız Ermənistan ərazisində inşa olunacaq tranzit yoldan gedir:
“Layihə Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində icra olunacaq. İnşaat işlərini isə Ermənistanda qeydiyyatdan keçmiş, həmin ölkənin qanunlarına əsasən fəaliyyət göstərən amerika-erməni şirkəti həyata keçirəcək.”
Eyni zamanda, İran XİN rəhbəri bölgədə hər hansı xarici iştirakın sülh və sabitliyə mənfi təsir göstərə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, amerikalı şirkətin mümkün iştirakı narahatlıq doğurur və bu məsələ Azərbaycan və Ermənistan tərəfləri ilə müntəzəm məsləhətləşmələrdə gündəmdə qalır:
“Bölgədə xarici fəallığın artması təhlükəsizlik üçün təhdiddir. İran vəziyyətin inkişafını diqqətlə izləyir.”