“Tehran ətrafında partlayışlarla bağlı yayılan məlumatlar hələlik rəsmi mənbələr tərəfindən tam təsdiqlənməyibsə, onları birbaşa genişmiqyaslı hərbi əməliyyatların başlanğıcı kimi qiymətləndirmək tələskənlik olar”.
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.

“Regionda gərginliyin yüksək olduğu dövrlərdə belə hadisələr müxtəlif səbəblərlə baş verə bilər: lokal insident, hava hücumundan müdafiə sistemlərinin aktivləşməsi, təlim xarakterli fəaliyyət və ya məhdud miqyaslı hədəfli zərbə. İnformasiya müharibəsinin intensiv olduğu şəraitdə ilkin xəbərlər çox vaxt emosional fon yaradır və strateji nəticə çıxarmaq üçün kifayət etmir. Bu mərhələdə əsas indikator rəsmi açıqlamalar, hava məkanının bağlanması, hərbi səfərbərlik və diplomatik reaksiyalar olacaq”.
Politoloq qeyd edir ki, digər tərəfdən, əgər partlayışlar xarici zərbə və ya qarşılıqlı hərbi cavab kontekstində təsdiqlənərsə, bu, gərginliyin yeni fazaya keçidi anlamına gələ bilər.
“Belə ssenaridə tərəflər arasında açıq qarşıdurma riski yüksəlir və regional təhlükəsizlik arxitekturası daha həssas vəziyyətə düşür. Lakin indiki mərhələdə daha real ehtimal məhdud və nəzarət olunan eskalasiya modelidir, yəni tərəflər siqnal göndərir, amma tammiqyaslı müharibəyə keçməməyə çalışırlar. Ona görə də hadisələrin istiqaməti qarşıdakı saatlarda veriləcək rəsmi mövqelər və beynəlxalq reaksiyalarla müəyyənləşəcək”.
Aynurə İsmayıl
KONKRET.az
