Yanvar ayında ölkədə minik avtomobili istehsalının 71,1 faiz artması avtomobil bazarında qiymətlərin gələcək dinamikası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Maraqlıdır, minik avtomobili istehsalının 71.1% artması bazarda qiymətlərə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, Azərbaycan avtomobil bazarında idxal olunan nəqliyyat vasitələrinin payı hələ də çox yüksəkdir. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri ölkədə istehsal olunan avtomobillərin sayının ümumi tələbatı qarşılamaq üçün yetərli olmamasıdır.

“Avtomobillərin 70 faizdən çoxunun yaşı 10 ildən yuxarıdır. Bunların əksəriyyəti köhnə və ya ikinci əl avtomobillərdir. Bu isə həm texniki baxımdan əlavə xərclər yaradır, həm də bazarda qiymətlərin formalaşmasına təsir göstərir.
Avtomobil parkının yenilənməsi prosesi müəyyən tənzimləmə mexanizmlərini də tələb edir. Yerli istehsalın artması uzunmüddətli perspektivdə daha yeni avtomobillərin sayını artıraraq bazarda balans yarada bilər”.
Ekspert əlavə edib ki, nəqliyyat vasitələrinin bölgüsü də diqqət çəkən məqamlardandır:
“Ölkə üzrə avtomobillərin böyük hissəsi paytaxtın payına düşür və bu göstərici regionlarla müqayisədə təxminən 80 faiz daha çoxdur. Bu isə şəhərdə nəqliyyat sıxlığının artmasına səbəb olur.”
Onun fikrincə, avtomobil parkında daha yeni nəqliyyat vasitələrinin sayının artması iqtisadiyyat, yanacaq sistemi və digər əlaqəli sahələr üçün də müsbət təsir yarada bilər. Bununla belə, yerli istehsal həcmləri artmaqda davam etsə də, bazarda qiymətlərin sabitləşməsi daha çox uzunmüddətli mərhələdə hiss olunacaq.
Aynurə İsmayıl
KONKRET.az
