“İranla müqavilə diplomatik gedişdir” – Biz Zəngəzur dəhlizini açaraq Ermənistan ərazisindən yol çəkəcəyikbackend

“İranla müqavilə diplomatik gedişdir” - Biz Zəngəzur dəhlizini açaraq Ermənistan ərazisindən yol çəkəcəyik

2022-ci il martın 11-də İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun praktiki icrası olaraq İranın ərazisindən keçməklə Azərbaycannın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında Araz çayı üzərində avtomobil və dəmir yolları körpülərinin tikintisi nəzərdə tutulur. Belə bir memorandumun imzalanması isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi insanlar Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirməli olan Zəngəzur dəhlizinin daha açılmayacağını düşünərək çaşqınlığa qərq olublar.    

Mövzunu KONKRET.az-a şərh edən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Zəngəzur dəhlizindən yol çəkilməli idi: “Lakin İran və Ermənistanın regional əməkdaşlığa zərbə vuran addımlar atması buna imkan vermədi. Prezident İlham Əliyev də çıxışında qeyd etdi ki, iki ilə yaxın vaxt keçməsinə baxmayaraq sülh müqaviləsini imzalamaq mümkün olmayıb. Çünki Ermənistan bu prosesi gecikdirir. İran isə həmin dəhlizi “Turan” adlandırır. Bu mənada Azərbaycan məcbur qalaraq belə addım atıb. Siyasi kəsim isə İranın son bir ildə “qırmızı xətt” dedikdə nəyi nəzərdə tutduğundan indi xəbərdar olur. Hətta bir il öncədən rəsmi Tehran bu məsələdə öz mövqeyini ortaya qoyaraq narazılığını ifadə edib. Azərbaycanın Naxçıvan və Türkiyəyə nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı İranla memorandum imzalaması onu deməyə əsas verir ki, rəsmi Bakı Tehranı neytrallaşdırmaq istəyir. Bununla da paralel yolun təşkilinə nail olmağa çalışır. Həmçinin Zəngəzur yolunun İslam Respublikasının əleyhinə olmadığını, eləcə də İran ərazisindən keçməklə daşımaları həyata keçirmənin mümkünlüyünü göstərir. Burada ikinci məqsəd həm də Ermənistanı beynəlxalq yoldan kənarda saxlamaq və oyundan kənar vəziyyətə salmaqdır. Sadəcə olaraq İranın artan təzyiqləri, Ermənistanın barışmazlığı və revanşizmə yuvarlanması proseslərin bu istiqamətə gəlib çıxması ilə nəticələnib”.

Əziz Əlibəyli: "Dünyada peşə fəaliyyətinə görə öldürülmək ən ağır cinayətdir"

Əziz Əlibəyli əlavə edib ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin də reallaşacağını və Ermənistan ərazisindən yolun çəkiləcəyini açıqlayıb:  “İranla müqavilə bağlanması isə diplomatik gedişdir. Bu, Ermənistan ərazisindən yolun çəkilməsindən imtina edilməsi anlamına gəlməməlidir. Biz Zəngəzur dəhlizini reallaşdıracağıq və Ermənistan ərazisindən yol çəkəcəyik. Azərbaycan Avropa Birliyi ilə qaz sazişi imzalayıb. Rəsmi Bakı bunu öz resursları hesabına təmin edə bilməz. Odur ki, həmin kəmərə transxəzər olaraq İran və Orta Asiya ölkələrinin qoşulması da gündımdədir. Nəticədə qaz kəməri çox əlverişli bir marşrutla, yəni Zəngəzur yolu ilə Türkiyəyə çıxa bilər. İran sözügedən qaz məsələsində həm razı, həm də narazı tərəfdir. Amma İranın narazı qalmağının səbəbi kəmərin Zəngəzurdan keçməsinə görədir və onu “Türk dəhlizi” adlandırır. Rəsmi Tehranın razılaşmaması isə ölkədə daxili vəziyyətin gərginləşməsinə səbəb olub. Vəziyyəti orada gərginləşdirən isə İngiltərə və bir az da Rusiyadır. Yeri gəlmişkən Avropa Birliyi Rus qazının Azərbaycanın boru kəmərinə qoşularaq Qərbə çıxmasına etiraz etmir. Burada bircə maneçilik yaradan Almaniya, Fransa və İrandır. Çünki onların qlobal və regional maraqları eynidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*