“İş yerləri bağlandı, insanların vəziyyəti pisləşdi…“ – SOSİOLOQbackend

“İş yerləri bağlandı, insanların vəziyyəti pisləşdi...“ - SOSİOLOQ

Son həftələrdə qətl və intihar hadisələrinin sayı kəskin şəkildə artıb. Artıq gün ərzində 4-5 ölüm xəbəri eşidirik. Bəzi insanlar ölkədə kriminal vəziyyətin gərginləşməsini müharibə ilə əlaqələndirir. Hesab edirlər ki, ölüm adiləşdiyi üçün insanların bir-birinə qəsd etməsi bir o qədər də çətin deyil. Amma fərqli düşünüb problemi sosial çətinliklərlə əlaqələn dirənlər də var.

Maraqlıdır, qətl və intihar hadisələrinin arxasında dayanan səbəb nədir?

KONKRET.az xəbər verir ki, sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, sözügedən məsələdə müharibənin rolu birmənalı olaraq yoxdur:

“Əksinə, müharibədən sonra insanlarda ruh yüksəkliyi yarandı. Əgər bu müharibə məğlubiyyətlə qurtarsaydı, ölümlərdə onun rolundan danışmaq olardı. Amma müharibə qələbə ilə bitdi, bu, insanları həm sevindirdi, həm də bir ümid yaratdı ki, yaxın vaxtlarda hər kəsin həyatında müsbət dəyişikliklər olacaq. İndi hazırlıq işləri görülür. Doğrudan da ölkəmizdə böyük dəyişikliklər gözlənir. Çünki böyük bir ərazi boşalıb, orada quruculuq işləri getməlidir. İşsizlərin çoxu orada iş tapcaq. Ölümlərə səbəb olan məsələni müharibədə axtarmaq yerinə düşmür”.

Sosioloq hesab edir ki, qətl və intiharların əsas səbəbi koronavirusun ölkəmizə ayaq açmasından sonra ölkədə gərginliyin bir az da artmasıdır:

“İnsanların bir çoxu karantinə görə işini itirdi, qazanc yerlərindən məhrum oldular, evlərə gəlir gəlmədi, iqtisadi vəziyyət insanları sıxışdırdı. Əslində, gündən-günə həssaslaşan cəmiyyətdə gərginlik həmişə çox olur, amma belə vaxtda yeni meydana gələn problemlər gərginliyi daha da artırır. Məsələn, insan sağlamdırsa, külək ona təsir etmir, amma qrip olanda külək vəziyyəti daha da pisləşdirir. Cəmiyyət də dünyada gedən proseslərə görə daha da həssaslaşır.

Hələ pandemiyadan əvvəl hər 100 evlənəndən 30-u boşanırdı, 60-nın da evində gərginlik hökm sürürdü. Karantin dövründə isə insanlar evdən çıxmadığına görə vəziyyət daha da arzuolunmaz hal aldı. Psixoloji problemlər yaranmağa başladı”.

Mütəxəssis bildirib ki, insanların davranışında həmişə dörd mühüm amil rol oynayır. Bunlar genlərdən gələn fərdi xüsusiyyətlər, mühitdə olan proseslər, üstünlük verilən dəyərlər, əldə edilən informasiyalardır:

“Mənəvi dəyərlərə bütün cəmiyyətlərdə üstünlük vermək lazımdır. Min illərdir ki, peyğəmbərlər, din xadimləri, alimlər deyir: “Hansi cəmiyyətdə mənəvi dəyərlər öndə olursa, cəmiyyət özünü tənzimləyə bilir. Mənəvi dəyərlər sıxışdırılanda qarşıdurma yaranır”. Mən bir sosioloq olaraq təklif edirəm ki, biz mənəvi dəyərlər faktorundan dərman kimi istifadə edək. Çalışmalıyıq ki, insanlarımıza özlərini təsdiq etmək üçün şərait yaradaq, bir də  sabah haqqında onlara mükəmməl məlumat verək. Bizdə hazırda maarifləndirmə, insanları ruhlandırma və  güzəran məsələsinə elmi şəkildə diqqət yetirilmir. Onlara diqqət verməsək, vəziyyət daha təhlükəli ola bilər. Ölkədə humanitar siyasət dəyişməlidir. Ayrı çıxış yolu yoxdur”.

mənbə:yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*