İşğal faktının ləğv edilməsi Azərbaycanın dünya birliyindəki mövqelərini gücləndirib – ŞƏRHbackend

İşğal faktının ləğv edilməsi Azərbaycanın dünya birliyindəki mövqelərini gücləndirib - ŞƏRH

1988-ci ildən başlayaraq xalqımızın apardığı milli azadlıq mübarizəsi nəticəsində dövlət müstəqilliyimizin əldə olunması Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiya prosesinin önünü açdı.

Amma sovet imperiyasının son illərində erməni faşizminin baş qaldırması müstəqilliyimizin dünya birliyinə inteqrasiyasının ağrılı-acılı keçməsinə səbəb oldu.

Ölkəmizin 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvlüyünə qəbul olunması bu mötəbər qurumun dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləməsi ilə nəticələndi. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələri qəbul etməsi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını bir daha təsbit etdi və dövlətimizə beynəlxalq müstəvidə öz ərazilərini erməni faşistlərindən təmizləmək haqqını tanıdı.

Adı ölkəmizin müstəqillik tarixinə müasir Azərbaycan dövlətinin qurucusu kimi yazılmış Heydər Əliyev kimi görkəmli siyasətçinin və dövlət xadiminin hakimiyyətə gəlməsi erməni faşistlərinin və havadarlarının Azərbaycanı beynəlxalq müstəvidə təkləmək siyasətinin qarşısını aldı.

Öncə Rusiyanın, İranın Azərbaycanı parçalamaq və ölkəmizdə vətəndaş müharibəsi törətmək niyyətinin qarşısı alındı, sonra isə müstəqilliyimizin möhkəmləndirilməsi və dönməz xarakter alması istiqamətində misilsiz addımlar atıldı. ABŞ, Böyük Britaniya, İsrail, Rusiya, İtaliya və digər dövlətlərlə mühüm strateji tərəfdaşlıq əlaqələrinin, Türkiyə başda olmaqla bütün türk dövlətləri ilə birliyin, islam dövlətləri ilə əməkdaşlığın gücləndirilməsinin əsası qoyuldu. Gürcüstanın tranzit ölkəyə çevrilməsi istiqamətində həyata keçirilən siyasət Ermənistanın bütün regional layihələrdən təcrid olunmasına gətirib çıxardı.

Müstəqil Azərbaycan dövlətinin BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa İttifaqı (Aİ), İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmayanlar Hərəkatı, Qara Dəniz İqtisadi  Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi ölkəmizə öz milli maraqlarından və mənafelərindən məharətlə istifadə etmək haqqını verdi.

Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə Azərbaycan, sözün əsl mənasında, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildi. Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsinə, I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və Avropa Kubokunun final mərhələsi oyununa, Formula-1 Qran Prisinə, Qlobal Humanitar Forumuna, YUNESKO-nun, BMT-nin förümlarına və yüzlərlə digər mötəbər tədbirlərə ev sahibliyi etməsi bu siyasi, iqtisadi və mədəni yüksəlişin mühüm göstəricisidir. Qarabağın tam azad edilməsindən sonra beynəlxalq tədbirlərin Şuşada, Zəngilanda keçirilməsi həm də erməni vandalizminin izlərinin dünya ictimaiyyətinə nümayiş etdirilməsində böyük rol oynayır.

Müsəlman inanclı dünyəvi dövlət siyasəti yürüdülməsi, beynəlxalq və regional müstəvidə ədalətin və haqqın müdafiə olunması müxtəlif inanclı dövlətlərin və xalqların ölkəmizə rəğbətini qazandırıb. Azərbaycana beynəlxalq hüquqa uyğun şəkildə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərkən məhz həmin dövlətlər öz mənəvi dəstəklərini bizdən əsirgəmədilər.  Təsadüfi deyil ki, Fransanın BMT Təhlükəsizlik Şurasında qətnamələrin dəyişdirilməsi, Laçın dəhlizinin açılması və 2023-cü il 19–20 sentyabr antiterror tədbirləri ilə bağlı ölkəmizə qarşı bütün cəhdləri fiaskoya uğradı.

Qarabağın düşməndən azad edilməsi Azərbaycanın çiyinlərindən elə ağır yükü götürüb ki, indi dövlətimiz neokolonializmə, separatizmə məruz qalan ölkələrə həyan durur, onların haqq səsinin dünyada eşidilməsini dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyin qorunması ilə bağlı dürüst, ardıcıl və qətiyyətli mövqeyə sahib olması erməni havadarlarının da susdurulmasına gətirib çıxarır. Müasir texnologiyalar dövründə önlar ölkəmizə “soyqırımı”, “etnik təmizləmə” kimi çirkin damğaları vura bilmirlər. Doğrudur, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını həzm edə bilməyən bəzi beynəlxalq qurumlarda ölkəmizə qarşı qərəzli addımların atılması ilə üzləşirik.

Amma indi ABŞ, Böyük Britaniya kimi dövlətlərin, BMT, NATO kimi təşkilatların Ermənistanı Azərbaycanla sülh müqaviləsinin imzalamağa israrla çağırması sübut edir ki, anti-Azərbaycan qüvvələrinin bütün çirkin niyyətləri iflasa uğramaqdadır.

BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi qərarı da göstərir ki, ölkəmizin imicinə zərbə vurmaq istəyənlərin bütün cəhdləri boşa çıxıb. Azərbaycan adlı sanballı və nüfuzlu ölkəmiz region və dünya birliyi dövlətləri arasında inamla irəliləyir.

Xatirə SADİQ,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*