“Fələstin İslami Cihad” təşkilatı bildirib ki, İsrail əsirləri Təl-Əvivin hərbi əməliyyatları dayandırması ilə bağlı razılaşma əldə olunana qədər azad edilməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “Detaily” nəşri məlumat yayıb.
Təşkilatın silahlı qanadı olan “Əl-Qüds” briqadasının bəyanatında deyilir ki, onların döyüşçüləri Şati qaçqın düşərgəsinin şimal-qərb ərazilərində İsrail ordusuna və texnikasına zərbələr endirib.
Bəyanatda qeyd olunur: “Müqavimət silahı torpaqların azad olunması və düşmənə qarşı mübarizə üçün nəzərdə tutulub və məqsədlərimiz əldə olunana qədər dayandırılmayacaq.”
Bəyanatda həmçinin vurğulanır: “Biz və bütün müqavimət fraksiyaları xalqımızın əzablarına son qoymaq və müharibəni dayandırmaq üçün hər cür səy göstərəcəyik.”
İsrail KİV-ləri xəbər verir ki, çərşənbə günü səhər saatlarında Qəzza sektorunun şimalından Nativ ha-Asara kəndi atəşə tutulub. İtkilər barədə məlumat verilmir.
Müşviq Tofiqoğlu
KONKRET.az