Dünyanın bir çox ölkəsində nəqliyyat sıxlığını azaltmaq üçün iş və dərs saatlarının fərqli vaxtlara bölünməsi modeli tətbiq olunur. Bu modelə əsasən müəssisə və təşkilatlar 07:00–15:00, 08:00–16:00, 09:00–17:00 və 10:00–18:00 kimi müxtəlif qrafiklərlə fəaliyyət göstərir. Bu isə pik saatlarda yollara düşən insanların sayını azaltmağa kömək edir. Bəs belə bir mexanizmin Azərbaycanda tətbiqi nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bununla bağlı ölkədə müəyyən maarifləndirmə tədbirləri aparılsa da, hələlik konkret nəticə əldə olunmayıb.

Ekspertin sözlərinə görə, nəqliyyat vasitələrinin sayı və onların istifadəsi ilə bağlı aparılan təhlillər göstərir ki, ölkədə, xüsusilə də paytaxtda nəqliyyatın böyük hissəsi eyni vaxtda hərəkətə çıxır:
“Bununla bağlı bizdə mütəmadi olaraq maarifləndirmə tədbirləri aparılır. Amma hələ yekun nəticə yoxdur. Bunun əsas səbəblərindən biri nəqliyyat vasitələrinin sayının artması və onların əsasən paytaxtda cəmləşməsidir. Şəhərin infrastrukturu da bu məsələdə mühüm rol oynayır”.
A. Əsədov qeyd edib ki, hazırda dövlət və özəl sektorda çalışanların böyük hissəsi eyni iş qrafiki ilə fəaliyyət göstərir:
“Əksər qurumlarda 8 və ya 9 saatlıq iş qrafiki tətbiq olunur. Hamı eyni anda işə başlayır və eyni vaxtda işdən çıxır. Bu isə xüsusilə pik saatlarda nəqliyyat vasitələrinin sıxlığını artırır və yollarda yüklənməyə səbəb olur”.
Ekspert hesab edir ki, fərqli iş və dərs saatlarının tətbiqi müəyyən nəticə verə bilər. Lakin bunun üçün həm dövlət, həm də özəl sektorun bu prosesə hazır olması vacibdir:
“Burada əsas məsələ ondan ibarətdir ki, bu prosesə nə dərəcədə hazırıq. Dövlət və özəl strukturlar bununla necə razılaşacaq? Bu kimi suallar hələ açıq qalır. Yəni məsələnin mahiyyəti ondan ibarətdir ki, bu mexanizmin tətbiqi üçün kompleks yanaşma tələb olunur”.
Aynurə İsmayıl
KONKRET.az
