İran və ABŞ arasında yaranan gərginlik uzunmüddətli qarşıdurmaya çevrilə bilər, yoxsa tərəflər yaxın zamanda diplomatik həll yoluna üstünlük verərək vəziyyəti yumşaldacaqlar? Bu proses hansı hallarda uzana, hansı hallarda isə qısa müddətdə dayanaraq siyasi razılaşma ilə nəticələnə bilər?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib:

“ABŞ-İsrail İrana qarşı sürətli həll planını reallaşdıra bilmədi. Rəhbərliyin aradan götürülməsi ilə boşluğun yaradılması, xalqın küçələrə çıxması və hökumətin 48 saat əzində devrilməsi alınmadı”.
“Əslində ABŞ-nin maraq dairəsində olmayan müharibənin başlanması ABŞ hökuməti daxilində ciddi fikir ayrılıqları ilə müşahdiə olunurdu. Görünən odur ki, Vaşinqton ABŞ-nin geosiyasi mövqeləri və Tramp administrasiyasının reytinqi baxımından arzuolunmaz vəziyyətlə üzləşib”, — deyə Əli Zülfüqaroğlu əlavə edib.
Onun fikrincə, Çin və Rusiyanın İrana pərdəarxası texniki və kəşfiyyat dəstəyi verməsi vəziyyəti daha da mürəkkbləşdirir:
“İranla bağlı vəziyyət aydındır, itirəcəkləri heç nə yoxdur, ölüm-dirim savaşı apardıqlarını elan ediblər. ABŞ administrasiyasının isə itirəcəyi çox şey var. Əgər buradan nəticə əldə etmədən atəşkəs əldə olunarsa, Trampa qarşı daxili təzyiq daha da güclənəcək. Onsuz da Tramp daxildə ciddi təzyiq altında idi və hazırki gedişat fonunda atəşkəsə gedilərsə, hökumət daha ciddi problemlə üz-üzə qala bilər”, — deyə siyasətçi qeyd edib.
“İran isə qisas alacağını bəyan edib və belə vəziyyətdə atəşkəsə gedilməsi daxildə hökumətə qarşı etimadı sarsıda bilər. Ona görə də tərəflər yaxın perspektivdə maksimum nəticə əldə etməyə çalışacaqlar”, — deyə siyasi şərhçi sonda vurğulayıb.
Dəniz Pənahova
KONKRET.az
