İngilis nəşri İran prezidentinin İsrailin Azərbaycandakı bazalarına zərbələr endirməyi təklif etdiyini yazır; halbuki ölkəmizdə nə belə bazalar var, nə də Pezeşkianın orduya əmr vermək səlahiyyəti…
KONKRET.az xəbər verir ki,Britaniyanın “The Telegraph” nəşrinin İran prezidentinin İsrailin Azərbaycandakı bazalarına zərbələr endirməyi təklif etməsi barədə yazdıqları ətrafında müzakirələr davam edir. “Yeni Müsavat” yada salır ki, ingilis nəşri İran prezidentə yaxın mənbəyə istinadən “Pezeşkian qorxur ki, İsrailə qarşı hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər” yazıb. “O, Azərbaycanda və ya İraq Kürdüstanında İsraillə bağlı nəyisə hədəfə almağı və sonra bu barədə həmin ölkələrlə danışmağı və bütün dramlara son qoymağı təklif edib”, – deyə Pezeşkianın digər köməkçisi “The Telegraph”a bildirib. İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin (xüsusilə SEPAH) olduğu bəllidir. Pezeşkianın “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqda yayılan informasiyaları rəsmi Tehran nə təkzib, nə təsdiq edir.
Azərbaycan səfirliyinin yenidən Tehranda fəaliyyətə başlaması, Pezeşkianın prezident seçilməsindən sonra Azərbaycanın dövlət başçısı İlham Əliyevin ona təbrik zəngi, inauqurasiya mərasimində baş nazir səviyyəsində iştirak iki ölkə arasında normallaşma prosesinin həm Tehranın, həm Bakının maraqlarında olduğunu göstərir. Bəzi ekspertlərə görə, bu baxımdan onun “Azərbaycanı vuraq” mövqeyindən çıxış etməsi bir az şübhəli, bir az da gerçəkdən uzaq kimi görünür. Çünki Azərbaycanda “İsrail bazaları” mifdir, ikincisi, ölkəmizin ərazisinə hər hansı real təhdid müharibə elanı demək olardı ki, bu da Tehranın çətin marağında olsun. Üstəlik, Pezeşkian təbrizlidir və Azərbaycanla əlaqələrə xələl gətirəcək tapşırıq verməz. Ən əsası isə İranda prezidentin orduya əmr vermək səlahiyyəti yoxdur və ali dini lideri Əli Xamenei bu göstərişi vermək hüququna malikdir. Bu baxımdan belə bir informasiyanın tirajlanması İran daxilində Azərbaycana qarşı olan qüvvələrin – SEPAH-ın özünün marağında ola biləcəyi versiyası ortaya çıxır.
SEPAH-ın isə Azərbaycana, yumşaq desək, qərəzli münasibəti bəllidir. Şübhəsiz, İrandakı iki turda keçirilən seçkidə Azərbaycanda Pezeşkianın milliyyəti ilə bağlı xəbərlərə xüsusi diqqət ayrılması SEPAH-ın nəzərindən qaça bilməz. İkinci bir tərəfdən, İsrailə “qisas bayrağı” qaldıran SEPAH mümkündür ki, bu cür iddialarla Azərbaycanı hədəf göstərməklə düşdükləri “Bəs nə oldu?” sualından diqqəti yayındırmağa çalışsın. Maraqlıdır ki, rəsmi Tehran normallaşma prosesində maraqlı olduğunu göstərsə də, yeni prezidentin adından yayılan bəyanatı təkzib etməyə tələsmirlər. Bakının da bu iddialara reaksiya verməməsi diqqət çəkir. Mümkündür ki, Tehran diplomatik kanallarla bu iddianı yalanlasın, yaxud ingilis nəşrinin yazdığı fantaziyalara münasibət bildirməyə ehtiyac görmürlər…
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ingilis nəşrinin yaydığı xəbər cəfəngiyyatdır. O inanmır ki, İran belə bir səhvə yol versin. Q.Hüseynli İranın Haniyənin qətlinə görə cavab zərbəsinin gecikdiyini düşünür: “Ötən həftə Britaniya xarici işlər naziri iranlı həmkarı ilə telefon söhbəti apardı, ondan az əvvəl ABŞ xarici işlər naziri Blinken İsrail və İrana çağırış etdi, diplomatik kanallarla Tehrana mesaj göndərildiyini açıqladı. Hiss olunur ki, ABŞ İranın İsrailə cavab verməsini istəmir. Eyni zamanda “Patriot” nəşri yazdı ki, Vaşinqton mövqeyini Tehrana belə izah edib – Haniyə vurularkən heç bir İran vətəndaşı zərər görməyib, bu baxımdan cavaba gərək yoxdur. Amma İran nüfuzuna söz gəlməsin deyə hər hansı şəkildə İsrailə zərbə endirmək niyyətindən əl çəkməyib, lakin bunun Azərbaycan ərazisi olmayacağı dəqiqdir, çünki bizim torpaqlarımızda onların axtardıqları bazalar yoxdur”.
Professor belə bir hücumun İrana baha başa gələ biləcəyini düşünür, üstəgəl, Pezeşkianın orduya əmr vermək səlahiyyəti olmadığını bildirir: “Bundan başqa, bir təbrizli prezident öz rəhbərliyi dövründə Azərbaycana raket atılması, yaxud hansısa zərbə vurulması ilə tarixdə qalmaq istəyərmi? Məncə, bu cür informasiyalar İsrail-Azərbaycan, İran-Azərbaycan əlaqələrini korlamağa hesablanıb. Hazırda hər iki tərəflə əlaqələr inkişafdadır. İranın isə qisas almaq fikri varsa, Tel-Əvivə zərbə endirsin, nəticəsini də görsün. Həmçinin burada Rusiya və Türkiyə amilləri var. İranın Azərbaycana bir güllə atması belə kifayətdir ki, regionda vəziyyət tamamilə dəyişsin. Zənnimcə, bu məlumat barmaqdan sovrulmuş bir blefdir”.
Siyasi şərhçi Asif Nərimanlıya görə, İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin olduğu bəllidir. Onun fikrincə, məhz bu kontekstdə Pezeşkianın SEPAH-a “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqda yayılan informasiyalar diqqət çəkir. Ekspert hesab edir ki, Pezeşkianın azərbaycanlı olması onun Azərbaycanın maraqlarını İranın maraqlarına qurban verəcəyi demək deyil, əksinə, rejimin içindən çıxan doktorun lazım gələrsə, hər şeyə əl atacağı, yaxud rejimin anti-Azərbaycan qərarlarına qarşı çıxmaq gücündə olmadığı aydındır. Lakin o da aydındır ki, İsraillə qarşıdurmadan çəkinən Pezeşkian Azərbaycanla normallaşma prosesini də dəstəkləyir və bu baxımdan, onun “Azərbaycanı vuraq” mövqeyindən çıxış etməsi şübhəlidir: “Belə bir informasiyanın tirajlanması İran daxilində Azərbaycana qarşı olan qüvvələrin – SEPAH-ın özünün marağındadır. Azərbaycanla normallaşma prosesini dəstəkləyən Pezeşkianı Bakı ilə üz-üzə qoyur. Cənubi Azərbaycanda Pezeşkiana olan inamı zədələyirlər. İstisna deyil ki, SEPAH İsraillə mümkün qarşıdurmada Azərbaycanı hədəfə almaq, yaxud Bakıya qarşı köhnə təhdidləri yeniləmək ssenarisini də hazırlayır. Pezeşkianın adından belə bir məlumatın yayılması hadisələrin inkişafında Bakının rəsmi Tehranla diplomatik təmaslarına maneələrin yaradılması məqsədi daşıyır. Hərçənd Tehran Bakı ilə normallaşma prosesinə şübhələrin yaranmaması üçün Pezeşkianın adından yayılan bəyanatı təkzib etməlidir”./“Yeni Müsavat”