“İsrailin İranla yeni müharibəsi sabah da başlaya bilər” – ŞOK AÇIQLAMAbackend

"İsrailin İranla yeni müharibəsi sabah da başlaya bilər" - ŞOK AÇIQLAMA

Yakov Falkov: “İran kapitulyasiya etməyib, bu səbəbdən Qərbdə ‘qələbə’ anlayışı sual altındadır”

KONKRET.az xəbər verir ki, İsrail və ABŞ-ın İrana qarşı son hərbi əməliyyatlarını zəfər kimi təqdim etməsinə baxmayaraq, Qərb analitik dairələrində bu qələbənin reallığı ilə bağlı ciddi şübhələr yaranıb. Ekspertlər qeyd edir ki, əməliyyatın əsas məqsədləri – İranın tam kapitulyasiyası və nüvə təhlükəsinin aradan qaldırılması – hələ də reallaşmayıb.

Məsələn, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Dən Keyn etiraf edib ki, İsfahandakı nüvə obyektinə qarşı 14 tonluq GBU-57 bunkerə nüfuz edən bombalardan istifadə edilməyib, çünki obyekt bu bombaların təsir gücündən daha dərinlikdə yerləşir. Hətta atılan qanadlı raketlər də obyektin yalnız səthinə azacıq ziyan vurub, yeraltı infrastruktur salamat qalıb.

İran tunellərə yenidən çıxış əldə edib

Middlberi Beynəlxalq Araşdırmalar İnstitutunun professoru Ceffri Lyuisin Planet Labs peyk görüntülərinə istinadla bildirdiyinə görə, İran iyunun 26-da İsfahandakı tunel sisteminə çıxışı bərpa edə bilib. Onun qiymətləndirməsinə əsasən, əgər orada yüksək dərəcədə zənginləşdirilmiş uran saxlanılırdısa, ehtimal ki, evakuasiya edilib.

İsrailin tanınmış hərbi eksperti Yakov Falkov* “haqqin.az”a müsahibəsində bildirib ki, İsraildə ictimai rəy iki yerə bölünüb:

— Bir tərəf əmindir ki, Netanyahu hökuməti ABŞ-ın real dəstəyi çərçivəsində mümkün olanın maksimumunu edib. Digər tərəf isə hesab edir ki, İranın nüvə imkanlarını tamamilə sıradan çıxarmaq üçün əməliyyat ən azı bir həftə daha davam etməli idi.

Falkov qeyd edir ki, ABŞ-ın təkidi ilə genişmiqyaslı müharibədən çəkilmək və strateji alyansı qorumaq uzunmüddətli baxımdan daha məqsədəuyğun görünür.

*İran kapitulyasiya etmədi — nə baş verir?*

Yakov Falkov vurğulayır ki, İran rəhbərliyi zərbələrin real miqyasını hələ tam dərk etməyib. İranda minlərlə raket məhv edilib, amma ehtimal olunur ki, 40-50% arsenal qalır. Eyni zamanda, təxminən 400 kiloqram 60%-lik zənginləşdirilmiş uranın toxunulmaz qalması ehtimalı da var.

Ən önəmlisi isə İranın beynəlxalq nüfuzunun ciddi şəkildə zədələnməsidir. Rusiya və Çin artıq Tehrandan məsafə saxlayır. Peking Yaxın Şərqdə sabitlik naminə yeni qarşıdurmalarda maraqlı deyil. Bu, Tehranı daha rasional davranmağa məcbur edə bilər.

Falkovun fikrincə, Çin təyyarələrinin alınması belə İranın hava qüvvələrini gücləndirə bilməyəcək, çünki müasir aviasiya yalnız inteqrasiya olunmuş şəbəkə idarəetməsi ilə effektiv olur.

Tramp Hameneyini niyə “xilas etdi”?

Falkov hesab edir ki, ABŞ rejim dəyişikliyi deyil, Ali Lider Ayətullah Hameneyinin özü tərəfindən nüvə proqramından imtina ilə nəticələnəcək sazişin imzalanmasına ümid edirdi. Yeni rəhbərlik, əksinə, daha ciddi xaos yarada bilərdi.

*İsrailin seçici hücumları — niyə mülki obyektlər hədəf alınmadı?*

Ekspert qeyd edir ki, İsrailin məqsədi İran dövlətçiliyini və ya xalqını hədəf almaq deyildi. Keçmişdə İsraillə İran arasında dostluq münasibətləri olub, buna görə də zərbələr konkret hərbi hədəflərə yönəlmişdi.

İran “kütləvi casusları” necə tapdı?

İranın son həftələrdə İsrailin xeyrinə casusluqda ittiham edilənləri edam etməsi məsələsinə toxunan Falkov bildirir ki, bu, daha çox siyasi kampaniyadır:

— “Əsl casus şəbəkəsi dərin qorunur. Tutulanların çoxu ehtimal ki, əfqan miqrantlardır, real əlaqəsi olmayan insanlardır. Bu, İranın öz əhalisini qorxutmaq və zəif kəşfiyyatını ört-basdır etmək cəhdidir”.

Yeni müharibə nə qədər uzaqdadır?

Falkov deyir ki, münaqişə istənilən an yenidən alovlana bilər. İranın hərbi imkanlarını bərpa etməyə çalışacağı halda, İsrail tərəddüdsüz cavab verəcək. Onun sözlərinə görə, “növbəti faza bir ildən sonra da başlaya bilər, bir həftə içində də, bəlkə də sabah. Heç kəs sabah nə olacağını bilmir”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*