İsrailin son hava zərbələri nəticəsində yalnız İranın nüvə proqramında iştirak edən mütəxəssislər deyil, onların ailə üzvləri – qadınlar və uşaqlar da həlak olub. Bu barədə məlumatı İran mənbələri yayıb.
KONKRET.az xəbər verir ki, həlak olanlar arasında Kaşan şəhərindən olan nüvə alimi Mostəfa Sədati-Armaki də var. İran mediasının yazdığına görə, zərbə nəticəsində onun həyat yoldaşı Fəhimə Moqimi, 15 yaşlı qızı Rehyane, 8 yaşlı Fatimə və 5 yaşlı oğlu Əli də öldürülüb.
Bundan əlavə, daha bir nüvə mütəxəssisi – İsara Təbatəbai-Kamşe də həyat yoldaşı ilə birgə İsrailin hava hücumu nəticəsində həlak olub.
Qeyd edək ki, bir neçə gün öncə İran mediası Məhəmməd Rza Sədikinin də İsrailin hücumu nəticəsində öldüyünü təsdiqləmişdi. Həmin hücumda onun oğlunun da yaşadığı mənzildə həlak olduğu bildirilir.
Natiq Səlim,
KONKRET.az