İtə 75 min funt xərclənirsə, azı 7500 insanın çörəyi kəsilir – MARAQLI FAKTLARbackend

İtə 75 min funt xərclənirsə, azı 7500 insanın çörəyi kəsilir - MARAQLI FAKTLAR

14-15 yanvarın təqvimi Varisin təqdimatında

 

14 yanvar

Ümumdünya Məntiq Günü

Hər vaxtınız xeyir! Məntiqlə başlayaq. Çünki dünyada hər bir şeyin öz məntiqi olmalıdır.

YUNESKO ilə Beynəlxalq Humanitar Elmlər və Fəlsəfə Şurasının təşəbbüsü ilə  təqvimə daxil edilən bu gün 2019-cu ildən qeyd edilir. Bu günü qeyd etməkdə məqsəd beynəlxalq elmi birliklərin və cəmiyyətlərin diqqətini məntiqin praktik tətbiqinə, intellektual tarixinə, konseptual əhəmiyyətinə yönəltməkdir.

Nədir məntiq? Məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elmdir. İnsan hər bir şeydə məntiq axtarmalıdır, məntiqsizlik – xaos və anarxiya deməkdir.

 

Evdə rahatçılığın təşkili günü

Biz günlərin axarına o qədər alüdə olmuşuq, o qədər qaça-qovda yaşayırıq ki, bəzən öz evimizdə elementar rahatçılığı belə qurmağa əhəmiyyət vermirik. Kimsə narahat nimdaş divanını yenisi ilə əvəzləmək, kimisi kiçikekranlı televizorunu böyükekranlısına dəyişmək, kimisi qızdırıcı quraşdırmaq, kimisi mətbəxdəki qaz plitəsinin nazaslığını düzəltdirmək, kimisi adicə yanmış lampanı dəyişmək kimi işləri hər gün təxirə sala-sala öz rahatçılığını təmin etmir, bu sıraya ağrıyan dişinin müalicəsini, yaxşı getməyən avtomobilinin təmirini yubatmağı və digər bu sayaq işləri də əlavə etsək mənzərə tam aydın olar. Bu günün işini sabaha qoymaq bir vərdişdir, hamını özünə yoluxdurub. Bu 14 yanvar günündə hamı dəyişməli, ilin bu bircə gününü öz rahatçılığının qeydinə qalmalıdır.

 

Ev heyvanlarına ecazkar libas almaq günü

Mən bu günü gərək qeyd etməzdim, bizim xalq ev heyvanlarına paltar geyindirən əndrəbadi xalqlardan deyil, amma bizdə elə əndazəsini aşmışlar var ki, çapıb-taladıqları korrupsiya pulu ilə ev heyvanlarını bəzəyib-düzəmək işində ən cəfakeş əcnəbini belə kölgədə qoyurlar.

Bir dəfə xarici ölkələrin birində bir marketdən itinə 75 min funtluq əyin-baş alan bir azərbaycanlı aşkar ediləndə bütün dünyanın təəccübdən gözləri bərəlməmişdimi? Bu cür tələbxərc həmyerlilərimiz bayramdan xəbər tutsalar heyvanlarını lap qızıl-qumaşa bürüyəcəklər.

Onu da nəzərə alaq ki, kimsə itinə 75 min funt xərcləyirsə, bu, azı 7500 insanın çörəyinin kəsilməsi bahasına başa gəlir.

 

Uikend Çellenc – Bermud Üçbucağı Marafonu

Bu cümə-bazar günlərində ekstrim gəzən insanlar ekstrimin ən ideal məkanı sayılan Bermud adalarına gedib orda aktiv turizmlə məşğul olacaqlar. Dünyanın hər yerindən gənclər adalara toplaşacaq, bir-birinin bəhsinə müxtəlif təmrinlər yerinə yetirəcəklər.

Təbii ki, bu zövqü ancaq varlı insanlar yaşaya bilirlər, kasıbın nə işi var bahaçılıqda ad çıxarmış Bermud adalarında?

 

Uzunqulaq bayramı

İlk dəfə 11-ci əsrdə qeyd edilən bu bayram Məryəmlə balaca İsanı belində Misirə aparan uzunqulağın şərəfinədir.

Heyvanların ən zəhmətkeşi olan yazıq uzunqulağı nədənsə insanlar həmişə aşağılayırlar, ən mənfur saydıqları insanlara “eşşək oğlu eşşək” deyə söyüş edirlər.

Molla Nəsrəddinin eşşəyi, yaxud Məhəmmədhəsən əminin eşşəyi istər folklordan, istərsə bədii ədəbiyyatdan bizlərə yaxşı tanışdır, yəni “nümunəvi eşşək” obrazına hətta qələm əhli də biganə qalmayıb, xaçpərəstlərin onun ayrıca bayramını keçirməsini də bura əlavə etsək, heyvanlar arasında gülümsəməyi bacaran bu yeganə canlıya simpatiya yaranmazmı, yaranar. Odur ki, bu bayram günündə barı bu yazıq heyvanları incitməməliyik.

 

İş yerlərini sahmana salmaq bayramı

Bu günə təqvimyazanlar evdə rahatlıq yaratmaq barədə bayram salmaqla kifayətlənməyiblər, iş yerlərinin də qeydinə qalıblar. Bu gün həm də İş yerlərini sahmana salmaq bayramıdır.

Qonşu Gürcüstanda milli bayraq günüdür, 2004-cü ilin bu günündə onlar “Beş xaçlı” bayrağı rəsmən qəbul ediblər. Qardaş Özbəkistanda Vətən müdafiəçiləri günüdür. Tunisdə iki bayramdır, İnqilab günü və Gənclər günü. Venesuelada bu gün Deva Mariya günüdür, hər kəs Santa-Roza ibadətgahını ziyarətə gedəcək. Tailandda meşələrin mühafizəsi günüdür, bu gün bir adamın ağzı nədir, gedib meşədən bir budaq qoparsın, yaxud bir quş vursun.

Militarlaşdırılmış Rusiyada ayrıca boru-kəmər qoşunları da var ki, bu gün onların günüdür. Şri-Lankada və Hindistanda müvafiq olaraq Ponqal və Makara-sankranti adında məhsul bayramlarıdır. Üstəlik, Hindistanda həm də Hava ilanları festivalı başlayacaq. Yəqin hava ilanı uçuranınız olub. Maraqlı əyləncədir.

Deməyin ki, ABŞ unudulub. Xeyir. Mətbəxsevər amerikalılar bu gün Milli isti pastroma gününü qeyd edəcəklər. Qoyun ətindən olan bu delikatesi amerikalılar yəhudi mətbəxindən götürüblər. Amma sizi əmin edirəm ki, söhbət türk mətbəxindən, bizim basdırma adlandırdığımız yeməkdən gedir.

 

Lakoon və onun oğulları

1980-ci ilin bu günündə BMT SSRİ-ni Əfqanıstana silahlı müdaxilə etdiyi üçün ittiham etmişdi, dərhal ərazidən çıxmasını tələb etmişdi. Və təbii ki, SSRİ bu çağırışı qulaqardına vurmuşdu.

1953-cü ildə əfsanəvi yuqoslav lider – İosif Tito Yuqoslaviyada ilk kommunist lider kimi hakimiyyətə gəlmişdi.

1814-cü ildə Sankt-Peterburqda imperatrisa 2-ci Yekaterina tərəfindən ilk kütləvi kitabxana yaradılmışdı, hazırda həmin kitabxana Rusiya milli kitabxanası adlanır.

1506-cı ildə Romada tapılaraq Vatikan kilsəsinə “Lakoon və onun oğulları” adlanan heykəltaraşlıq incisi aparılmışdı. Bildiyiniz kimi, bu şedevrin günümüzdə bərpasında Azərbaycan da əhəmiyyətli rol oynayıb.

 

Xoşbəxt Xoşbəxt müəllim

1965-ci ilin bu günündə əfsanəvi çeçen səhra komandanı, başına ruslar milyonlarla pul qoymuş Şamil Basayev doğulub.

14 yanvar bir çox tanınmış azərbaycanlıların ad günüdür, biləsiniz. Bir neçəsini mütləq qeyd edək. 1960-cı ildə Naxçıvanda Vasif Talıbov dünyaya gəlib. Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədridir. Prezident onu “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edib.

1951-ci ildə Tovuzda İlham Rəhimov dünyaya gəlib. 1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək tarixə postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru kimi düşmüş, 1996-cı ildə isə professor elmi titulunu almış İlham müəllim həm də “Cinayət və cəzanın fəlsəfəsi” kimi çox dəyərli kitabın müəllifi kimi, üstəlik, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və yaxın dostu kimi də tanınmaqdadır. Təbrik edirik İlham müəllimi!

Niyə də unudaq? Qorbaçov perestroykası zamanı tarixin ağ ləkələrini üzə çıxaran “Dalğa” verilişinin müəllifi və aparıcısı Nadejda İsmayılova çox məşhur idi, bu gün onun da doğum günüdür, 1936-cı il  təvəllüdlü Nadejda xanımın 86 yaşı tamam olur. Gəlin bu tanınmış televiziya və kino mütəxəssisini də təbrik edək.

1930-cu ilin bu günündə isə Azərbaycanın görkəmli neft mütəxəssisi, Dövlət Neft Şirkətinin vitse prezidenti Xoşbəxt Yusifzadə dünyaya gəlib. Xoşbəxt müəllim həm olduqca əvəzedilməz kadr kimi xoşbəxtdir, həm də əməyinə dəyər verildiyi üçün. Onun əməkhaqqı bir neçə rəqəmlə ölçülür, təsəvvür edə bilməzsiniz. 92 yaşı tamam olan Xoşbəxt müəllimi təbrik edək, yüzə bir şey qalmadı, 100 illiyini gözləyək.

Keçək yenidən əcnəbilərə. “Nina Riççi” brendini kim tanımır ki. Xüsusən kübar xanımlar öz qarderoblarında mütləq bu brenddən əntiq bir libasa malik olurlar. 1883-cü ilin bu günündə italyan mənşəli məşhur fransız modelyeri Nina Riççi dünyaya gəlib. 1932-ci ildə onun oğlu ilə açdığı Riççi moda evi hazırda dəbli paltarla yanaşı parfümeriya, kosmetika, aksessuarlar da istehsal edir.

Bizim eradan əvvəl 83-cü ildə isə Roma sərkərdəsi və dövlət xadimi Mark Antoniy dünyaya gəlib.

 

“Əsir Azərbaycan” 

1999-cu ilin bu günündə Azərbaycanın məşhur teatr və kino aktrisası, xalq artisti Barat Şəkinskaya 50 yaşında haqq dünyasına qovuşub, ruhu şad olsun.

1952-ci ildə Türkiyənin Elazığ şəhərində mühacir Azərbaycan şairi, vətənin qırmızı istibdadı ilə sonadək barışa bilməyən istiqlal mücahidi Almas Yıldırım 45 yaşında gözlərini əbədi olaraq yumub.

Könlümə tək Kəbə yapdım səni mən,

Sənsiz nedəm qürbət eldə günü mən,

Sənsiz nedəm Allahı mən, dini mən,

Azərbaycan, mənim tacım, taxtım, oy!

Oyanmazmı kor olası baxtım, oy?!.

“Əsir Azərbaycan” kimi şedevr yaradan Almas Yıldırımın didərgin ruhuna şad olsun deyək.

Və ən nəhayət, 1898-ci ilin 14 yanvarında ingilis riyazıyyatçısı Lyuis Keroll dünyadan köçüb. Amma onun tarixdə qalmasına riyaziyyat yox, ədəbiyyat səbəb olub. Belə ki, bu dahi şəxsiyyət dünyaca məşhur olan “Alisa möcüzələr ölkəsində” əsərinin müəllifidir.

 

15 yanvar

Vikipediya günü

Internet hələ yaranmamışdan ensiklopediya deyilən bir kitab var idi, orada hər şeydən və hər kəsdən yazırdılar, o vaxtlar bu bahalı kitablara hələm-hələm adamın əli çatmazdı, ona görə də hər kəs və hər yer barədə hər adam xəbərdar ola bilmirdi. Amma indi internet Vikipediya deyilən virtual ensiklopediya yaradıb, 2001-ci ilin 15 yanvarından fəaliyyətdə olan viki-ensiklopediya saytı indi hər kəsə istədiyi məlumatı girib asanca tapmağa imkan yaradır. O cümlədən Azərbaycanda da Vikipediya – çağdaş dövrümüzün ən yeni trendi aktualdır, yüzlərlə fədakar həmyerlimiz yorulmadan tariximiz, görkəmli şəxsiyyətlərimiz barədə məqalələr yazlb onları Vikipediyada yerləşdirir. Viki könüllülərindən ən fəalı fədakar dostumuz, ictimaiyyətçi, vətənpərvər Elnur Eltürkdür. Gəlin onun timsalında Azərbaycanımızın bütün Vikipediya könüllülərini bayramları münasibəti ilə təbrik edək.

 

Şlyapa, yaxud baş geyimi günü

Dərhal yadıma Azərbaycan kinematoqrafiyasının incilərindən biri olan “Papaq” filmi düşdü, rəhmətlik Kamil Məhərrəmovun canlandırdığı obraz düşdü.

17-ci əsrdə otuzillik müharibə zamanı bütün Avropada qəribə bir baş örtüyü geyinmək dəbi yarandı, yüngül parçadan tikilmiş enli, quş lələyi ilə bəzənən şlyapa adını alacaq həmin nəsnədən Azərbaycanda yalnız 19-cu əsrdə – milli burjuaziya formalaşanda istifadə olunmağa başlanıldı. Amma ümumilikdə baş geyimindən söhbət gedirsə, bizdə papağın məna yükü daha dərindir, papaq – kişilik rəmzi hesab olunur. Qoyun dərisindən, qaragüldən hazırlanan papaq ta ki 20-ci əsrə qədər kişi başının dəyişməz atributu olub, motal papaqlar, şiş papaqlar, qoçu papaqları, şələ papaq, buxara papaq kimi müxtəlif papaq növləri kişiləri bir növ qruplaşdırıb, kimin hansı təbəqədən olmasını ələ verib.

Hazırda yalnız çox az yerlərdə, Xınalıq, Kiş, Qırız, Lahic, Talıstan kimi el adətlərinin qorunub saxlandığı qədim yurd yerlərində kişilərin papaq geymə məcburiyyəti qorunub saxlanılmaqdadır.

Azərbaycanda məşhur bir qarğış var, deyirlər, papağın boş qalsın. Gəlin bu papaq günündə bütün kişilərin papaqlarının boş qalmamasını arzulayaq.

 

Amerikada bayram bayrama qarışıb

Hindistanda Callikattu günüdür. Motodorla öküzün savaşını görmüsünüz? Təqribən o cür bir tamaşa günüdür. Buynuzuna bayraq keçirilmiş öküz insanların arasına buraxılır, bir neçə nəfər də belindəki donqarlardan yapışmaqla onun qaçmasına, buynuzunu azad etməsinə imkan vermir.

Zambaqlar ölkəsi hansıdır? Əlbəttə ki, Niderland. Bu gün Niderlandda ən əziz bayramlardan biridir, Zanbaq günüdür. İndoneziyada okean, Misirdə ağacəkmə, Kubada elm, Koreyada əlifba, Meksikada bəstəkarlar, Nigeriyada silahlı qüvvələr günüdür.

Amerikada isə Milli çay göbələyi içkisi günüdür. Tək elə bu? Əlbəttə ki yox. Milli çiyələkli dondurma günüdür həm də. Vəssalam? Yenə də yox. Milli yeni çəkilmiş meyvə şirəsi günüdür üstəlik. Kefdədirlər e, vallah.

 

Pentaqonun və “Le Figaro”nun ad günü

1994-cü ilin 15 yanvarında “demokratiya carçısı” sayılan Türkmənistanda keçirilən “şəffaf“ referendum nəticəsində Türkmənbaşı Saparmurad Niyazovun prezidentlik müddəti 5 ildən 10 ilə artırılıb. 1993-cü ilin 15 yanvarında kişilərin qulağı dincəlib, yazıqlar rahat nəfəs ala biliblər. NBC telekanalı ilə yayımlanan “Santa Barbara” serialının sonuncu – 2137-ci seriyası efirə gedib.

1970-ci ildə Liviyada kral İdrisi devirərək 28 yaşlı polkovnik Muammar Qəddafi hakimiyyətə gəlib. 1943-cü ilin bu günündə Vircinya ştatında Pentaqonun – ABŞ Müdafiə Nazirliyinin binası tikilib istifadəyə verilib. 1920-ci ildə Rusiyada admiral Kolçak həbs edilib. 1892-ci ildə doktor Ceyms Neysmit ABŞ mətbuatında basketbolun qaydalarını açıqlayaraq yeni idman oyununun yaranışını rəsmiləşdirib. 1826-cı ilin bu günündə Fransanın məşhur “Le Figaro” qəzetinin ilk sayı işıq üzü görüb. 1776-cı ildə Lvovda “Gazette de Leopol” adlı Ukrayna ərazisində ilk qəzet işıq üzü görüb. 1759-cu ildə Britaniya muzeyi qapılarını tamaşaçıların üzünə açıb. 1700-cü ildə 1-ci Pyotr dvoryanlara uzun və rahatsız xələtlərini Avropasayağı kostyumlarla əvəzləməyə icazə verib.

 

Osip Mendelştamın silentiumu

1981-ci ilin 15 yanvarında Pitbull ləqəbli populyar ispan müğənnisi Armando Peres doğulub. 1963-cü ildə ən məşhur Amerika kriptoqrafı Brüs Şneyder, 1945-ci ildə populyar rus bəstəkarı Maksim Dunayevski, 1929-cu ildə qaradərilərin məşhur hüquq müdafiəçisi Martin Lüter Kinq, 1891-ci ildə ən sevdiyim rus şairlərindən biri, yəhudi əsilli Osip Mendelştam (o birisi də, yenə də yəhudi əsilli İosif Brodskidir), 1794-cü ildə məşhur rus yazıçısı, “Ağıldan bəla” əsərini yazmış Sergey Qriboyedov dünyaya gəliblər.

İstədim Mendelştamdan azərbaycanca bir bənd şeir də verim, “Mendelştam” yazıb google-da axtarış verdim, 7 yanvar 2014-cü ildə yazdığım və Kulis portalında dərc edilən yazım çıxdı. Orda belə yazmışam:

“Rus poeziyasında xüsusi yeri və çəkisi olan iki şairi – Osip Mendelştamla İosif Brodskini bir çox şeylər birləşdirir. Ən əsası isə 60 ildən sonra birincinin nisbətən sadə həyat fəlsəfəsi ikinci tərəfindən nisbətən mürəkkəb şəkildə inkişaf etdirilib.

“Soyuq, fənərlərin verdiyi azacıq işığin darıxdırıcı qaranlığı, Yeni il küknarlarını bəzəyən oyuncaq canavarlar, ölü kətanı xatırladan səma, ətrafdakı yad və laqeyd insanlar toplusu, həyatdan öldürücü dərəcədə yorulmaq və şirin həblər udmaq təsəllisi…”

Osip Mendelştamdan.

“Tutqun payız və qış mənzərələrinin daimi növbələşməsi, işığa, hərarətə olan həsrət, çiçəyin üstünün tozu anlamında insanın çiyninin ağırlığı, küləkdən, nəmişlikdən və donmuş dənizin əksindən ibarət natürmort, ərzaq növbəsinə dayanmış qəzəbli və ac insanlar, axının əksinə getmək istəyən su damlası…”

İosif Brodskidən.

Və hər ikisinin daxili üsyanı, harayı, sonra pıçıltıları və son anda susmaları…

Silentium!!!”

 

“Buhenvald ifritəsi”nin taleyi

2010-cu ilin 15 yanvarında ABŞ biokimyaçısı, genetiki, genetik kodu deşifrə etdiyinə görə Nobel mükafatı qazanmış Nirenberq vəfat edib.

2007-ci ildə Azərbaycan ədəbiyyatı xalq şairi Nəbi Xəzrini itirib. 83 il ömür sürmüş şair 1-ci Fəxri Xiyabanda uyuyur, Allah rəhmət eləsin!

1919-cu ilin 15 yanvarında isə almanların marksizm ideoloqları Roza Lükdemburq və Karl Libknext öldürülüblər.

15 yanvardan danışırıqsa mütləq bir ibrətamiz hadisəyə də toxunmalıyıq. 1951-ci ilin bu günündə faşistlərin məşhur Buhenvald konslagerinin komendantının həyat yoldaşı, “Buhenvald ifritəsi” ləqəbi ilə tanınan, məhbuslara qarşı görünməmiş vəhşiliklər edən, yüzlərlə insanı şəxsən öldürən İlza Kox (belə zərif məxluqmu olar, Tanrım?) məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum olundu. Sonra həbsxanada bu insan elədiyi günahlara görə vicdan əzabı çəkəcəkdi, rahatlıq tapa bilməyəcəkdi və 16 il keçəndən sonra yataq mələfəsi ilə özünü asıb öldürəcəkdi.

Çoxlarına qan udduran hakimi-mütləq mütləq sonda öz cəzasını almalıdır. Allah zülmkarları cəzasız buraxmır heç zaman.

 

/Ədəbiyyat və incəsənət.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*