19 aprel Kamran Hüseynovun anım gününə
Ümummilli lider Heydər Əliyev onu “nadir şəxsiyyət” adlandırmışdı
“Kamran Hüseynov respublikada dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində səmərəli fəaliyyət göstərmiş, uzun illər ərzində təqdirəlayiq xidmətləri ilə ölkənin ictimai-siyasi həyatına layiqli töhfələr vermişdir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “K.Ə.Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında” 6 avqust 2013-cü il tarixli Sərəncamından
Ömür yolu
Kamran Hüseynov 1913-cü ildə Qubadlının Çərəli kəndində dünyaya göz açıb. Bakıya 50 qəpik pul, dörd büküm çörəklə çıxmışdı, Həkəri stansiyasında üç gün vaqonlara yük vurub qazandığı 10 manatın da 5-ini əynindəki pencəyi ilə birlikdə buradan kəndə atasız, əyin-başı yalın qalmış qardaşlarına qaytarıb sonra qatara minmişdi. Neftçi fəhlə işləyərək həm böyük bir külfəti dolandırmış, həm də Neft-Sənaye Univesitetini, Azərbaycan Dövlət Universitetini bitirib ali mühəndis və tarixçi təhsili almışdı. 20 yaşında Ali Partiya Məktəbinin ən gənc dinləyicisi, müəllim və tələbələrin yekdil rəyi ilə məktəb partiya təşkilatının katibi seçilmişdi. Batalyon komandiri kimi Böyük Vətən müharibəsinin ağrı-acısını yaşayıb, ön cəbhədə Azərbaycan naminə M.C.Bağırovun xüsusi tapşırığını uğurla yerinə yetirib Sumqayıtın inşasına başlayan ilk tikinti trestini təşkil və rəhbərlik edib, 31 yaşından başlayaraq, Bakının ən böyük neft rayonu Binəqədinin, Mingəçevirin, Neftçalanın, Sumqayıtın katibi işləyib, o yaşdan həm də Ali Sovetin ən gənc deputatı seçilmişdi. Onun həyatında xeyli “ilk”lər var:
Sumqayıt və Mingəçevir tikintisində ÜİK(b)P MK-nın partiya təşkilatçısı – 1-ci katibi, Azərbaycan Həmkarlar İttifaqı Təşkilatının ilk sədri, Nəriman Nərimanov və Heydər Əliyevdən sonra azərbaycanlılardan Moskvada ən yüksək vəzifəyə – Ümumittifaq Həmkarlar İttifaqının katibi seçilmişdi, dünyanın 30-dan çox ölkəsində sovet nümayəndə heyətinin rəhbəri, 13 il Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Respublika Ticarət-Sənaye Palatasının sədri, 50 ildən çox Mərkəzi Komitə üzvü, RSFSR və Azərbaycan Ali Sovetlərinin deputatı, Respublika Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü olmuşdu. Tarix elmləri doktoru, müxtəlif dillərdə çap olunmuş 16 kitabın müəllifidir. Prezident təqaüdçüsü idi.
Prezident Heydər Əliyev onu “Şöhrət” ordeni ilə təltif etmişdi. Bu ordeni ona şəxsən təqdim edərək haqqında ürəkdən gələn, dəyərli sözlər demişdi, son kitabının rusca da kütləvi nəşrini tövsiyə etmişdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də K.Ə.Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında 2013-cü il 6 avqust tarixli Sərəncamında onun fəaliyyətini yüksək dəyərləndirmişdir.
Kamran Hüseynov Azərbaycanın yetmiş illik kommunist-sovet tarixində yetişmiş partiya, dövlət və ictimai xadimləri arasında təmiz ad-sanla ömür sürmüş, həqiqətən vətənsevər, xalqı üçün çalışan insanlardan biri olub. O, bütün vəzifələrdə yüksək peşəkarlıq, təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdi. Sumqayıt, Mingəçevir, Neftçala, Naftalan kimi yeni yaşayış məntəqələrinin salınmasında, onların iri yaşayış, sənaye, mədəniyyət, turizm mərkəzlərinə çevrilməsində Kamran Hüseynovun böyük xidmətləri olmuşdu.
2006-cı il aprelin 19-da dünyadan köçüb Fəxri xiyabanda dəfn edilmişdir.
Qurucu və comərd insan
Binəqədiyə təzə Birinci katib təyin olunub. Büro iclasına başlamaq istəyəndə yanındakılar deyirlər bəlkə bir az gözləyək. -Niyə? – “Binəqədinefttrest”in rəisi büro üzvü Nersesyan hələ gəlməyib, o gəlməmiş indiyə qədər heç vaxt iclas başlamayıb. Qalxır, iclası başlayır, gecikdiyinə görə onu iclasa da buraxmır, az keçmiş də bütün təkidli təzyiqlərə baxmayaraq bu özündənrazı, birbaşa Moskvaya tabe olan arxalı ermənini vəzifədən götürməyə də nail olur.
M.C. Bağırov Mingəçevir tikintisində yaranmış ağır vəziyyətin müzakirə olunduğu büroda birdən arxa sırada oturmuş K.Hüseynova üz tutub deyir: – ey Sultan bek, (Zəngəzurda erməni nizami ordu hissələrinə qan udduran xalq qəhrəmanı Sultan bəy Sultanovu nəzərdə tutur-H.N) sabahdan Mingəçevirə gedirsən, o şəhəri, SES-i sən tikəsən!
Və beləliklə də K.Hüseynov olur Mingəçevirin birbaşa Moskvaya tabe olan ilk partiya-siyasi rəhbəri – Mingəçevir tikintisində ÜİK(b)P MK-nın partiya təşkilatçısı.
Uca boyu, yaraşıqlı ağbəniz sifəti, rus və Azərbaycan dillərində səlis nitqi ilə dinləyənləri cəlb edən bu gənci görənlər deyirmişlər ki, çox olsa 10-15 gün burada qala biləcək. Çünki hər tərəfi qamışlıq, bataqlıq, ilk sancmadan adamı malyariyaya yoluxdurub o dünyaya göndərən ağcaqanadların meydan suladığı, alman əsirləri, SSRİ-nin hər tərəfindən gəlmiş məhbusların, bir də küyə düşüb gələn komsomolların yaşadığı yeraltı baraklarda duruş gətirmək hər oğulun işi deyildi, o ki qala Bakıdakı rahat katib kreslosundan ayrılmış biri ola. Ancaq onun gəlişi ilə tikintidə elə bir canlanma yaranır ki, hətta bir neçə gündən sonra vəfalı ömür-gün yoldaşı Zeynəb xanımı da Bakıdakı rahat yaşayışından mərhum edib yanına gətirir, ona baxıb başqaları da belə edir.
1993-cü ilin dekabr ayı idi, Mingəçevirdə şəhər icra hakimiyyətinin başçısı, çox dəyərli ziyalımız mərhum Məhəbbət Qarabağlının xüsusi diqqəti, təşkilatçılığı ilə 80 illik yubileyi keçirilirdi. Kür sahili boyu bir vaxtlar barakda 3 il yaşadığı, indi ən abad, ən yaraşıqlı küçəyə Kamran Hüseynovun adı verildi, yaşadığı binaya xatirə lövhəsi vuruldu, özü açılışını elədi, SES və Azərbaycan DRES-i gəzdi, şəhərin ilk qurucularını başına topladı, Mingəçevir Dövlət Dram Teatrında yaddaqalan rəsmi yubiley tədbiri və musiqili gecəsi keçirildi, Mingəçevirin Fəxri sakini diplomu təqdim olundu. Ardınca da “Kür” restoranında Xalq şairi Zəlimxan Yaqubun aparıcılığı ilə sözlü-nəğməli gözəl məclisi keçirildi.
Çıxışında dediyi sözləri xatırlayıram:
– Mingəçevir Dövlət Dram Teatrının bu binası ki var, o Moskvanın təsdiq elədiyi layihədə bir fəhlə klubu olmalıydı, amma biz onu elə götürdük ki, bu gün də ölkənin ən gözəl binalarından biridir. Moskvadan energetika naziri gəlib görəndə gözü kəlləsinə çıxmışdı ki, bu, nə saraydı tikdirmisən burda, sən mənə demişdin ki, burada bir müvəqqəti fəhlə klubu tikirik, söhbət Moskvada Mikoyanın yanına qədər gedib çıxdı.
Danışırdı ki, M.C.Bağırov neçə dəfə Yesentukidə istirahətini yarımçıq qoyub gəlmişdi, deyirdi tik nə qədər bacarırsan, Ermənistanın büdcəsi qədər Stalindən pul almışdı bura, SSRİ-nin ən nəhəng tikintisi idi Mingəçevir. Toxuculuq kombinatı işə salınanda Mərkəzin tapşırığı ilə Rusiyadan vaqon-vaqon qızlar daşınırdı burda işləməyə. K.Hüseynov da əlaltından ətraf rayonlara adamlar salır ki, cavan qızları yığın gətirin burada yataqxanalarda qalıb oxusunlar, işləsinlər, canları kərmədən, pambıqdan qurtarsın, həm də bu şəhər başqa millətlərin umuduna qalmasın. Çox keçmir ki, şəhərə rus qızlarının axınına ehtiyac qalmır.
O, harada olursa olsun, hər yerdə vətən, xalq üçün narahatlığını dilə gətirirdi, sözünü deyirdi. Vətənpərvərlik ruhu, xalqına, dövlətçiliyə sədaqət onu səciyyələndirən əsas xüsusiyyətlər idi. Mingəçevirin rəhbərləri ilə çay süfrəsi arxasında dediyi sözlər xatirimdədir:
– Təbrizdə Sənaye-Ticarət Palatasının rəhbəri kimi beynəlxalq sərgidən təzə gəlmişəm. Orda bir azərbaycanlı general yaxınlaşıb yalnız mənim eşidəcəyim səslə dedi: Mingəçevirdəki iki stansiyanın hər kvadrat metrinin sxemi düşmənlərinizin əlindədir, oranı qoruyun…Və sonra məsləhətlərini verdi,
1992-93-də sıra ilə rayonlar işğal ediləndə yaşının, səhhətinin yol verdiyindən artıq bir narahatçılıq, əsəbi gərginliklə tez-tez Qubadlı, Zəngilana gəlirdi, camaatı torpaqların müdafiəsi üçün səfərbər olmağa çağırırdı, büruzə verməsə də, bərk nigaranlığı, üzüntüsü görünürdü.
Ziyalıların yaxın dostu
Ömrünün ahıl çağlarında yazdığı “Bir ömrün salnaməsi” kitabındakı ardıcıllıq, səlislik, məntiq, mükəmməl üslub, zəngin dil, fakt və detalların yerli-yerində işlədilməyi həqiqətən heyrətləndirici idi. Ən başlıcası Azərbaycanın 70 illik keşməkeşli həyatı, mürəkkəb tarixi hadisələri, respublikaya rəhbərlik edənlər haqqında nə qədər zəngin bilgilər var bu kitabda. Müəllifin Heydər Əliyev, İmam Mustafayev, Fidel Kastro, Xo Şi Min, Brejnev, Kosıgin kimi məşhur dövlət xadimləri ilə görüşlərini, S.Vurğun, Ç.Aytmatov, M.Tursunzadə, S.Rəhimov, R.Behbudov, Y.Məmmədəliyev kimi ədəbiyyat, mədəniyyət adamları ilə dostluq münasibətlərini əks etdirən xatirə, yazı və fotoşəkilləri, dünyanın bir çox tanınmış dövlət, siyasi xadimlərinin Kamran Hüseynov haqqında şeir, yazı, məktub və teleqramları bu böyük şəxsiyyətin özünəməxsus zəngin mənəviyyat, dərin, yüksək dünyagörüşü sahibi olmasını bir daha sübut edir. Onun ahıl yaşlarında Qubadlı, Çərəli, Hərtiz dağına, uşaqlıq illərinin xatirələrinə həsr etdiyi kövrək həsrətli, həzin duyğulu şeirlər çox təsirlidir. Xeyirxah əməlləri ilə yanaşı, ləyaqətli övladları da Kamran Hüseynovun adını ucaldırlar.
Azərbaycan və rus dillərində də nəşr edilən “Quruculuğa həsr edilmiş ömür” kitabı avtobioqrafik əsərlər olmaqla yanaşı, həm də respublikamızın böyük bir dövrünün obyektiv canlı tarixidir.
Kamran Hüseynov respublika Nazirlər Sovetinin sədr müavini kimi, hökumətdə təhsil, elm, mədəniyyət sahələrinə rəhbərlik etdiyi 13 ildə ölkə ziyalılarının ən böyük dostlarından olmuşdu. Ona ən böyük dəyəri də təkcə Azərbaycan xalqı, dövləti yox, həm də elə bu işıqlı düşüncəli aydınlar vermişdi. Xalq şairi Bəxtiyar Vahabzadənin Kamran Hüseynov şəxsiyyəti haqqında yazdığı bu fikrinə diqqət yetirmək kifayətdir: “Sən öz ədalətin və həqiqətsevərliyinlə, xeyirxahlığın və alicənablığınla, işlədiyin bölgələrdə qurduğun fabrik və zavodlarla, mədəniyyət sarayları və xəstəxanalarla, məktəb və uşaq bağçaları ilə özünə abidə ucaltmısan. Sənin bu əməllərin dərin hörmətini qazandığın xalqının yaddaşında əbədi yaşayacaq. Çünki sən xalqının böyük oğlu, Vətənin əsl vətəndaşısan”.
Bu da Kamran Hüseynovun həyat, ömür, yaşam fəlsəfəsini ifadə edən öz sözüdür:
“Mən özümü daim balarısı hesab etmişəm. Arı bal verir, ilan ağu. Mənim həyat fəlsəfəm budur”.
Zəngəzur birliyimizin ilk sədri
14 mart 1992-ci il. Bakı Dövlət Universitetinin İclas zalında qələbəlikdir. Sisyan, Gorus, Qafan, Mehri, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Laçın, Qubadlı bölgələrinin 300-dən çox tanınmış yetirməsi bura toplaşıblar. Torpaqlarımızda qanlı döyüşlərin getdiyi, işğal edilən ərazilərimizin get-gedə genişləndiyi, hər gün qaçqın, köçkünlərin sayının artdığı, respublika rəhbərliyinin bu ağır dövrdəki fərsizliyi, ətaləti kəskin çıxışlarla, müraciətlərlə müşayiət olunan toplantının yekununda konfrans nümayəndələrinin, 20-dən çox ictimai təşkilatın yekdil qərarı ilə “Zəngəzur” Cəmiyyətləri Birliyi yaranır və Kamran Hüseynov Birliyə sədr seçilir. Birliyin səliqə-sahmanlı sənədlərindən də K. Hüseynovun nə qədər fədakar, yanğılı, məsuliyyətli insan, bacarıqlı təşkilatçı rəhbər olduğu görünür. Respublikamızın ilk QHT-dən biri olan bu Birlik yaşayır, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, müstəqil dövlətçiliyimiz, xalqımız, Zəngəzur camaatımız naminə çalışmağa davam edir.
2023-cü il ümummilli lider Heydər Əliyevin sağlığında “nadir şəxsiyyət” adlandırdığı Kamran Hüseynovun 110 illik yubileyidir. Onun vətənə, xalqa, dövlətə namuslu xidmət nümunəsi olan adı, şərəfli ömür yolu hər zaman qədirbilən insanların yaddaşında yaşayacaqdır.
KONKRET.az