Bu gün səhər saatlarından Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun girişində qurulmuş karantin postlarında uzun tıxaclar yaranıb. Bakı-Ələt, Bakı-Quba və Bakı-Şamaxı magistrallarında tıxaclar kilometrlərlə uzanıb. Sərt karantin rejimini Bakıda evdə deyil, bölgələrdə istirahət mrəkəzlərində keçirənlərin bu gün Bakıya qayıdışı şəhərin girişində böyük tıxaca səbəb olub.
KONKRET.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev modern.az-a bildirib ki, gedənlər rayon qeydiyyatlı vətəndaşlardır:
“Hansı ki, onlara öz qeydiyyatları üzrə Bakıdan çıxmağa icazə vardı.Onlara da xəbərdarlıq olunmuşdu ki, kimsə rayon qeydiyyatı olmasına baxmayaraq, Bakıda işləyirsə, bu müddətdə rayona getməsinlər. Çünki geri buraxılmayacaqlar. Onlar iki günlük müddəti Bakıda keçirməli idilər. Amma çox əfsuslar olsun ki, insanların əksəriyyəti Bakıda iş yerlərinin qapalı, qeydiyyatlarının rayona olmasından istifadə edib şəhərdən çıxdılar. Hansı ki, postlarda saxlanılanda deyirdilər ki, Bakıdan birdəfəlik gedirlər, 2-3 aylıq gedirlər və s. Sözsüz ki, onları Bakıdan buraxmamaq olmazdı, çünki tələb olunan qaydalara əsasən, rayon qeydiyyatında olan şəxslər rayona gedə bilərsə, bakı qeydiyyatında olanlar da geri qayıda bilərlər.
Bundan əlavə, təxminən 260 minə yaxın insanın hərəkət etməsilə bağlı icazə mövcuddur. Onlardan 70 mininin ölkə daxilində hərəkətinə icazə var. Bəzi adamlar torpaq yolla belə paytaxtı tərk etdilər. Onlardan saxlanılan, məsuliyyətə cəlb edilənlər oldu. Sərtləşdirilmiş karantin rejimindən bir gün əvvəl nə qədər insan geri qaytarıldı.
Bundan əlavə həkim göndərişi ilə Bakı, Sumqayıt və Abşerona xəstəxanalara gələnlərin də sayı az deyil. Onlar da gözləyirdilər ki, sərtləşdirilmiş karantin rejimi bitəndən sonra müalicəyə gəlsinlər. Ona görə də karantin postlarında belə tıxaclar yaranıb”.
Şöbə rəisi qeyd edib ki, hazırda ən çox tıxac Bakı-Ələt yolundadır:
“Əsasən cənub bölgəsindən gələnlərin sayı çox olduğundan Bakı-Ələt yolunun 65-ci kilometrliyində quraşdırılan karantin postunda uzun tıxac yaranıb:
“Bundan başqa, nisbətən az tıxac Bakı-Quba yolundadır. Bakı-Şamaxı yolunda təxminən 1,5 kilometrdə nəqliyyat sıxlığı müşahidə olunur”.
K.Əliyev Bakı qeydiyyatında olanların rayonlara getməsilə bağlı məsələyə aydınlıq gətirərkən deyib ki, onların hamısının icazəsi olub:
“Biz əvvəldən də müarciət etdik ki, vətəndaşlar getməsinlər, daşıyıcı olaraq, insanları yoluxdura bilərlər. Hansısa qohum deyə bilməz ki, gəlmə mənim qapıma. İnsanın özünün düşüncəsi olmalıdır ki, gedib başqalarını da yoluxdura bilərəm”.