Kennedinin ölümünə görə ağlayan sovet adamları – Kim Filbi və arvadının Bakı səfəribackend

Kennedinin ölümünə görə ağlayan sovet adamları – Kim Filbi və arvadının Bakı səfəri

SSRİ-nin Qərbdə ən ciddi və uğurlu casuslarından biri və birincisi olan Kim Filbi ifşa olunmaq təhlükəsi qarşısında qalarkən qaçıb sovet ölkəsinə sığındıqdan bir müddət sonra onun üçüncü arvadı Eleonora Bryuer (Filbi) ərinin dalınca Moskvaya gəlib. Onlar bir müddət birgə yaşayıblar. Daha sonra xanım Bryuer öz ölkəsinə, ABŞ-a qayıdıb və Kim Filbinin haqqında “Mənim sevdiyim casus” adlı kitab yazıb. KONKRET.az həmin kitabın maraqlı hissələrini oxuculara təqdim edir.

Əvvəli burada (https://konkret.az/kim-ve-donald-axmaq-yerine-qoyduqlari-kesfiyyatcilara-gulurduler-qacaq-casuslarin-moskva-heyati)

***

Bütün bu vaxt ərzində Kim bir dəfə də işə getmədi. Yalnız nadir hallarda Sergey və başqaları ilə onların ofisində görüşürdü. O, işinin böyük qismini evdə görürdü, kabinetində yazı makinasında çoxlu yazı çap edirdi və öz rus qonaqları ilə danışırdı. İngilis kəşfiyyatında bu qədər çox müddətdə çalışan Kim onların kadrları, əməliyyatları və iş metodları haqqında çox şey bilirdi. Görünürdü ki, o, bu ölkədə məsləhətçi rolunda çıxış edir. Kim heyrətamiz yaddaşıyla ruslar üçün dəyərli sorğu kitabçasıydı.

Bir dəfə eşitdim ki, Sergey ona dərin həyacan və minnətdarlıqla deyir: “Sənin bizim üçün etdiklərinin əvəzini biz heç zaman ödəyə bilmərik”. Kimə Moskvda özlərindən biri kimi yanaşırdılar. Bu barədə heç bir sual və şübhə ola bilməzdi. Ruslar loyallığı çox sevirdilər, Kim isə onların sadiq nökəriydi. Ona hətta mühüm şəxs kimi hörmət qoyurdular. Adi sovet vətəndaşları Böyük teatrda və konservatoriyada saatlarla bilet növbəsinə dururdular, biz isə istənilən baletə, operaya və ya konsertə bilet seçirdik. İlk aylar biz Maklinlərlə teatra tez-tez gedirdik. Biletləri həmişə bizə Sergey özü, ya da onun gənc köməkçisi Viktor təşkil edirdi.

1963-cü ilin noyabr paradında sovet hakimiyyətinin Kimə necə ehtiramla yanaşmasına əmin olmağım üçün daha bir imkan yarandı. Bizim dalımızca avtomobil göndərdilər və Sergey əlindəki buraxılış vərəqləri ilə bizi mühafizəçilər cərgəsinin arasından görkəmli bir yerə apardı. Bura birbaşa mavzoleyin altında, Xruşovun, Titonun (o, qonaq gəlmişdi) və digər sovet rəhbərlərinin də yaxınlıqda olduğu yer idi.  Parad zamanı bizə isti çay və simit gətirdilər. Maklinlər paradı çox görmüşdülər deyə, evdə qalmağı, televizordan baxmağı üstün tutmuşdular.

Biz parada bir neçə həftə qalmış, soyuqlar düşənə qədər Leninqrada getməyi qərara aldıq. Maklinlər bizi müşayiət etməyə razılaşdılar və biz dördlükdə gecə ekspressinə – bütün rus qatarlarının ən yaxşısına oturduq. Hər kupedə çəhrəyaı abajurlu kiçik gecə lampaları vardı. Biz hər cütlüyə ayrıca kupe verilməsinin zövqünü yaşadıq. Gözgəlimli bələdçi qadınlar dəhlizdə şampan, kürü və şokolad sata-sata o tərəf-bu tərəfə gedirdilər. Leninqradda biz kilometrlərcə dəhlizi olan nəhəng mehmanxanada qaldıq. Hər mərtəbədə kiçik bufet vardı, otağa gedərkən çay, vodka və kürü sifariş etmək olardı. Maklinlər şəhəri yaxşı tanıyırdılar və əla bələdçiydilər.

Rusiyaya gəldiyim ilk gündən mən tezliklə tibbi əməliyyata girməli olacağım barədə fikri özümdən uzaqlaşdıra bilmirdim. Bu əməliyyatı hələ Livanda olarkən etdirməliydim, ancaq bir dəfə də Londonda təxirə salmışdım.

Sovet təbabətinin nailiyyətlərini mübahisə predmeti etmək fikrində deyiləm, amma mənim şəxsi təcrübəm əzablı oldu. İki günlük ağır müayinələrdən keçdim. Bu, bir neçə həftə öncə xüsusi poliklinikada keçdiyim yoxlamadan da hərtərəfli və geniş şəkil aldı. Lap əvvəldən məndə belə bir hiss vardı ki, cərrahım – hündür, parlaq saçlı, uzun sırğalı sarışın qadın  işin nə yerdə olduğunu heç anlamır. Hərçənd mən ona Beyrutdakı həkimimdən xəstəliyə dair təfərrüatlı məktub gətirmişdim. Əməliyyat günü yaxınlaşdıqca həyəcanım artırdı. Ancaq anlayırdım ki, artıq geri çəkilmək olmaz. Xüsusilə də Kimi və Sergeyi incitmək istəmirdim. Təəssüf ki, əməliyyatın ümumi və ya yerli narkozla keçiriləcəyini dəqiqləşdirmək ağlıma gəlmədi. Narkoz demək olar ki, təsir göstərmədi. 38 dəqiqə ərzində huşum tam olaraq başımdaykən saat taqqıltısını sədası altında əməliyyat otağında oldum. Bu travmanı unutmaq çətin idi. Əməliyyat da uğurlu alınmadı.

Xəstəxanada, deyəsən, ən arıq adam mən idim. Məni az qala eybəcət sayırdılar. Arxası üstə uzanmışdım və mənə tərpənməyi yasaqlamışdılar, ancaq palatanı bölüşdüyüm üç qadını müşahidə edir, söhbətlərini eşidirdim. Mənimlə yanaşı yatan qadına qida qəbulu qadağan edilmişdi, amma onun çənəsi bir dəqiqə də dayanmırdı. Bütün gün ərzində onun qohumları cem bankaları, apelsin, duzlu xiyar və digər ərzaqlarla yüklənib gəlirdilər. Belə görünürdü ki, Rusiyada heç kəs doyunca yemək imkanını buraxmır; doğrudan da rusların əksəriyyəti, xüsusilə də qadınlar həddindən artıq şişman görünürdülər. Xəstəxanada, eləcə də hər yer yerdə yemək zamanı böyük midarda çörək istifadə olunduğunu görürdüm. Bu, nəsə məcburiyyətdən doğan acgözlük kimi görünürdü, uzun illər aclıq çəkmiş xalqın qeyri-ixtiyari reaksiyasıydı. Mən Rusiyada yalnız balerinaları arıq gördüm.

Xəstəxanada olanda Kim gündə iki dəfə yanıma gəlirdi. Mən özümü yaxşı hiss etməyə başlayanda o, bir axşam mənə bir butılka “Qanlı Meri” gətirdi. Tibb bacıları hesab etdilər ki, bu, olsa-olsa sadə pomidor şirəsidir və gündə ondan bir stəkan süzüb mənə verirdilər.

Noyabrın 21-də xəstəxanada uzanıqlı halda olarkən palata qonşularımın nə haqda danışdıqlarını anlamağa çalışırdım. Yeganə anladığım “Con Fitscerald” sözü oldu, bir də onların kədərli üzlərini gördüm. Yalnız günorta Kim yanıma gələndə öyrəndim ki, bu günlərdə Dallasda prezident Kennedini öldürüblər. Bu dəhşətli xəbər bütün xəstəxananı sarsıtmışdı. Həkimlər, tibb bacıları, xəstələr ağlayırdılar. Onların əksəriyyəti mənim amerikalı olduğumu bildikləri üçün mənə səmimi başsağlığı verirdlər. Kreml rəhbərləri hansı siyasi sinizmlə fərqlənsələr də, rus xalqı sülh istəyir. Onlar müharibədə milyonlarla insan itiriblər. Rusiyanın qərbində aparılan nəhəng miqyaslı bərpa işlərinə baxmayaraq, hələ də evlərin fasadında güllə izlərini görmək mümkündür. Kennedi onlar üçün sülh uğrunda mübariz idi və onlar qətlə yetirilmiş prezident üçün ağlayırdılar. ABŞ-ın siyasətindən çox danışan Kim də çox təsirlənmişdi və bu faciəyə görə üzülmüşdü.

Mən xəstəxanadan çıxandan bir həftə sonra yeni-yeni öyrəşdiyim Zina getdi. Biz Sergeydən xahiş etdik ki, o qalsın, ancaq artıq nəyisə dəyişmək üçün çox gec idi.

Xəstəxanadan sonra mən bir neçə kilo çəki itirmiş haldaydım, özümü zəif və halsız hiss edirdim. Kənar yardım olmadan ev işləri ilə məşğul olacağım fikri məni qorxudurdu. Məkan dəyişikliyi etmək üçün biz Bakıya yollandıq.

Mən Rusiyada cəmi üç ay oldum, ancaq Bakıda keçirdiyimiz günlərdə ilk dəfə Kimin sonsuz kədər içində olduğunu hiss etdim. O, heç vaxt şikayətlənmirdi və bir dəfə də rusları tənqid etməmişdi. Kim bir dəfə də olsun mənə demədi:  “Sən bu duruma mənim günahım üzündən düşdün, mənə ərə gələndə bu haqda heç düşünmürdün də”. Belə görünürdü ki, o, heç vaxt özünə bəraət qazandırmaq zərurəti barədə düşünməyib. Mən isə öz növbəmdə ondan heç vaxt soruşmadım ki, nəyə görə mənə həqiqəti deməyib.

Ancaq onun bütün intizamına baxmayaraq, mən onda dərin qəm-qüssə fərq etdim. Doğrudanmı o, bütün həyatını Bakıdakı bu tənha mehmanxana otağında olmaqdan ötrü sərf etmişdi? Ola bilər, bu qaçılmaz qənaətdən uzaq olmaq üçün o, huşunu itirənə qədər içirdi. Beyrutda olanda mən onun müntəzəm sərxoşluğuna və sirli ruh düşkünlüklərinə öyrəşmişdim; hər şeydən görünürdü ki, Rusiyaya gəlişi onda nə içki aludəçiliyini, nə də depressiyaya meyliliyini sağaltmayıb.

1964-cü ilin 1 yanvarını, Kimin doğum gününü biz Tbilisıdə şən ovqatda keçirdik. Biz oraya Bakıdan gəlmişdik. Kimə hədiyyə olaraq Sovet İttifaqının yenicə nəşr olunmuş xəritəsini bağışladım. Xəritə xeyli təfərrüatlıydı və Kim ondan vəcdə gəldi. O, sistematik olaraq yeni yerləri öyrənməyə adət etmişdi, çünki bu, onun peşə hazırlığının mühüm hissəsiydi. Kim qonaq olduğu hər şəhərdə ən yaxşı xəritəni almağı və şəhəri yaxşı tanımaq üçün piyada gəzməyi sevirdi.

Biz Moskvaya qatarla qayıtdıq. Bu dəfə ikilkdə olmağımıza imkan olmadı. Çünki kupemizdə iki uşaqla gedən bir gənc qadın da vardı. Mən soruşdum: “Nə üçün biz ayrıca kupe tuta bilmədik?”

Ailə həyatmız dövründə Kim ilk dəfə özünə nəzarəti itirdi və gecəni dəhlizdə keçirdi. O, öz yerini gənc anaya güzəştə getdi və mən səhərə qədər yuxusuzluqdan əziyyət çəkərək ağladım.

(Ardı var)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*