“Kim və Donald axmaq yerinə qoyduqları kəşfiyyatçılara gülürdülər” – qaçaq casusların Moskva həyatıbackend

“Kim və Donald axmaq yerinə qoyduqları kəşfiyyatçılara gülürdülər” – qaçaq casusların Moskva həyatı

SSRI-nin Qərbdə ən ciddi və uğurlu casuslarından biri və birincisi olan Kim Filbi ifşa olunmaq təhlükəsi qarşısında qalarkən qaçıb sovet ölkəsinə sığındıqdan bir müddət sonra onun üçüncü arvadı Eleonora Bryuer (Filbi) ərinin dalınca Moskvaya gəlib. Onlar bir müddət birgə yaşayıblar. Daha sonra xanım Bryuer Kim Filbinin haqqında “Mənim sevdiyim casus” adlı kitab yazıb. KONKRET.az həmin kitabın maraqlı hissələrini oxuculara təqdim edir.

Əvvəli burada (https://konkret.az/zina-8-den-4-e-qeder-intim-heyatimizin-bir-parcasi-olurdu-sovet-casusunun-xaniminin-xatiresi)

Mənim Moskvada olmağımın həftəsi tamam olanda Kim dedi: “Maklinlər səninlə tanış olmağı çox istəyirlər və yeməyə dəvət edirlər”. Mən bi görüşü böyük maraqla gözləyirdim, ona görə ki, artıq hansı məhdud həyat sürməli olacağımızı hiss etməyə başlamışdım: bütün bu günlər ərzində Kim, Sergey, bir də “hə”, “yox” kimi sözlərlə anlaşdığımız sahibə Zinadan başqa bir canlı məxluqla danışmamışdım. Nəhayət, tarixçələri bizimkinə bənzəyən ailə cütlüyü ilə tanış olacaqdım.

Maklinlər tam dramatik halda Rusiyaya qaçan daha bir ingilis-amerikan cütlüyü idi. Ancaq onlar artıq Moskvada on il yaşamağa macal tapmışdılar. Təbii ki, onların rus mühitinin çətinliklərinə necə öyrəşdiklərini öyrənmək mənim üçün çox mühüm idi. Bu cütlük, əlbəttə, bütün sirləri bilirdi və mən köməyimə gələcək hər şeyi onlardan öyrənməyə hazır idim.

Kimi elə bir ciddi nəzarət altında saxlayırdılar ki, onun özü Maklinlərlə mənim gəlişimə iki həftə qalmış görüşmüşdü. O, Donaldı gənclikdən tanıyırdı, amma Maklin Forin Offisdə (XİN) karyera quran zaman onlar az görüşüblər. Onların arasındakı dostluq Berceslə Kimin arasındakı qədər olmayıb  – onları yalnız ruslara işləmək ümumiliyi birləşdirib. Moskvaya gələnə qədər Kim Melinda Maklinlə heç vaxt görüşməyibmiş.

Həmin axşam Maklinlər məni çox isti qarşıladılar. Qohumlarının nadir ziyarəti istisna olmaqla, mən qərb dünyasından olan ilk adam idim ki, onlar mənimlə tamamilə sərbəst söhbət edə bilirdilər. Maklinlər məni sual yağışına tutdular. Onlar Londonda və Nyu-Yorkda olub keçənləri, ümumi tanışlarımızdan kimi gördüyümü, onların nəylə məşğul olduqlarını, Qərbdə insanların nə barədə düşündüklərini, danışıdıqlarını bilmək istəyirdilər.

Şübhə yoxdur ki, onlar şiddətli arzuyla hər şeyi öz gözləri ilə görmək istəyirdilər. Məndən fərqli olaraq, Melinda ABŞ vətəndaşlığını çoxdan itirmişdi və Praqadan o yana, qərbə doğru həyati risk olmadan gedə bilməzdi. Artıq ilk görüşümüz zamanı onun bu xüsusda mənə həsəd apardığını hiss etdim: Mən istədiyim vaxt hər yana gedib-gələ bilərdim, pasportum qüvvədəydi. Başlıcası mən hələ də amerikalıydım.

Yeməkdən sonra biz bric oynamağa oturduq və bu, bizim gələcək görüşlərimizin nümunəsi oldu. Biz həftədə iki-üç dəfə birlikdə nahar edir, bric oynayırdıq və ordan-burdan danışırdıq. Kimsə gözlənilmədən xəbər versə ki, bazarda iki qreypfrut tapıb, bu sarsıdıcı xəbər beş dəqiqə müddətində bizi məşğul etməyə qadir idi.

Əgər bizim yaşadığımız inqilabaqədərki bina sadə və tutqun görünürdüsə, Maklinlərin mənzili Stalin epoxasının ağır ornamentli əzəmətli binasının yuxarı mərtəbəsində yerləşirdi. Onların qonaq otağından Moskva çayına gözəl mənzərə açılırdı, qonaq otağının özü isə yaxşı mebellə və cürbəcür Qərb əşyaları ilə Londonun təkrarsız rayihəsini qoruyub saxlayırdı.

Bizimkindən təmtəraqlı olan qonaq otağı ilə yanaşı, bütün ailə iki otaqda yaşayırdı: birində 12 yaşlı qız, digərində isə 18 və 20 yaşında iki oğlan. Donald və Melinda qonaq otağındakı divanda yatırdılar.

Onların qızı atasının Rusiyaya qaçmasından sonra doğulmuşdu və Rusiyaya lap körpəliyində gəlib düşmüşdü; o, rusca yaxşı, ölkə sakinləri kimi danışırdı və Kimlə məni öz ərköyünlüyü, anasıyla qaba danışığı ilə heyrətləndirdi. Ailənin böyük oğlu Moskva universitetində, qardaşı isə texniki universitetdə oxuyurdular. Uşaqlardan heç biri xarici görünüşcə ruslara oxşamırdı, ola bilər, ona görə ki, onlar Melindanın anası və bacısının ABŞ və İngiltərədən göndərdiyi bağlamalarda gələn libasları geyinirdilər.

Ümumiyyətlə, bu ailə dünyadakı ən xoşbəxt ailə deyildi və mən tez-tez təəccüblənirdim ki, bir neçə dəfə Donaldla boşanmağa yaxın olan Melinda nəyə görə Moskvaya, onun yanına gəlmək qərarı verib. Ola bilər, o, ərinin əqidəsini bölüşürmüş və onun casusluq işində  əlbir imiş, ancaq o, anasının göndərdiyi bağlamalar sayəsində tam qopa bilmədiyi qərb kapitalizminin təmtərağının açıq-aşkar həsrətini çəkirdi.

Donald qırx beş yaşlı, hündürboy, şübhəsiz ki, intellektli, amma özündənrazı kişiydi. İlk baxışdan hiss etdim ki, biz heç vaxt yaxın dost ola bilməyəcəyik. Onun arvadı bəstəboy, əsmər, dolu bədənli, müəyyən qədər cazibədar qadın idi, amma çox əsəbi və gərgin, qıcıqlandırıcı dərəcədə təkrarçıydı.

Bariz şəkildə ortadaydı ki, onların arasında sevgi qalmayıb. Melinda özlüyündə şən idi, ancaq biz gecədən keçmiş evimizə dönəndə, bizim ona yazığımız gəldi. Fəqət Maklinləri çox adam tanıyırdı, onların ikisi də işləyirdi və cütlüyün kübar həyatı mənə nisbətən parlaq göründü. Mən öz-özümə deyirdim ki, görəsən, bizə sərbəst şəkildə dost-tanış tapmaq icazəsi nə vaxt veriləcək.

Müəyyən mənada Maklinlər öz sürgün müddətlərini çoxdan çəkib başa çatdırmışdılar. Öyrəndim ki, Moskvaya gəlişlərinə qədər onları iki il Kuybışevdə saxlayıblar. Berces və Maklin SSRİ-yə 1951-ci ildə, Stalin öz sonuncu “təmizləmə”sini hazırladığı vaxt gəlmişdilər. Onların bəxti gətirmişdi ki, sağ qalmışdılar, bəlkə də ona görə ki, Moskvadan uzaqda olmuşdular.

Berces kimi, Donald da sovet istirahət evində sərt “ayıltma” kursu keçmişdi. Orada onu rahibə pəhrizinə oturdubmuşlar və gündə hərarətini iki dəfə ölçürmüşlər. Maklinlər qərb jurnalistləri üçün sensasiya olmaqdan çoxdan qurtulmuşdular, çünki onları çox görmüşdülər. Ona görə də bizimlə müqayisədə onlar daha sərbəst hərəkət edirdilər.

Donald heç vaxt xüsusən danışqan olmasa da, spirtli içki qəbul edəndə dili açılırdı və Kimlə “dünyanın düz vaxtı”nı xatırlamağa başlayırdı. Onlar öz keçmişlərindən köhnə lətifələri danışırdılar və axmaq yerinə qoyduqları hər kəsə gülürdülər. “Əgər onlar Kimi iş başında tutmasaydılar, – bir dəfə Donald mənə dedi, – siz bu saat ledi Filbi idiniz”. Böyük ehtimalla o, mənim sifətimin ifadəsini gördükdə, zarafatının necə zövqsüz olduğunu anladı.

Başqa bir axşam, nostalji məqamında Donald və Melinda “dünya inqilabı baş verəndən sonra” öz həyatlarını İtaliya və Fransada keçirəcəklərindən danışırdılar.

Melindanın köhnə, altı-yeddi il əvvəl alınmış avtomobili vardı. Biz onunla adətən şəhəri gəzirdik. İkimiz də onun Moskvanı gəzmək təklifini məmnuniyyətlə qəbul edirdik və diqqətimizi daha çox ən yaxşı mağaza və bazarlara ayırırdıq.

Rus dilini bilməməyim mənə çox mane olurdu. Kimdən fərqli olaraq mən kiril əlifbasını da bilmirdim. Həyatımda ilk dəfəydi ki, olduğum şəhərdə insanlarla ünsiyyət qurmağa qabil deyildim. Mən hər barədə Kimdən asılı idim. O isə gündə bir neçə saat öz sirli işləri ilə məşğul idi.

(Ardı var)

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*