Ukraynaya qarşı müharibədə Rusiyanın tərəfində döyüşən təxminən 6 min Şimali Koreya hərbçisi həlak olub və ya yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatına istinadən “Yonhap News Agency” məlumat yayıb.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin qiymətləndirməsinə görə, ümumilikdə 6 minə yaxın şimali koreyalı hərbçi döyüşlərdə itki verib.
Hazırda Rusiyanın cəbhəyanı Kursk vilayətində təxminən 11 min KXDR hərbçisi yerləşdirilib. Onların 10 mini adi qoşun hissələrindən, 1000-i isə mühəndis bölmələrindən ibarətdir.
Kəşfiyyat məlumatına görə, 2025-ci ilin dekabrında KXDR-ə qayıdan təxminən 1100 hərbçi yenidən Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya göndərilə bilər.
Bildirilir ki, 6 minlik itkiyə baxmayaraq, Şimali Koreya ordusu Rusiyanın texniki dəstəyi ilə müasir döyüş taktikalarını mənimsəyib və silah sistemlərinin modernləşdirilməsi istiqamətində müəyyən irəliləyiş əldə edib.
Bundan əlavə, Pxenyan pilotsuz uçuş aparatları üzrə yeni departament yaradıb və dronların hazırlanması və kütləvi istehsalını təmin edəcək sistem üzərində işləyir.
Müşviq Tofiqoğlu
KONKRET.az
