Kimlər oruc tutmaqdan azaddır? – VACİB AÇIQLAMAbackend

Kimlər oruc tutmaqdan azaddır? - VACİB AÇIQLAMA

“Oruc tutmaq insan üçün faydalıdır. Əsasən sağlamqlıq sarıdan çox faydaları var. Eyni zamanda insanın ruhani, mənəvi inkişafına da təkan verən ibadətdir. Ramazan orucu vacibdir. Birbaşa Quranda bir ay oruc tutmaq əmr olunub. Lakin bu oruc ibadət olduğu üçün yalnız gücü yetən, mükəlləf olan müsəlmanlar üçün vacib əmr olunub. Həddi-buluğa çatan, təhlükəli xəstəlikdən əziyyət çəkməyən, səfərdə olmayan şəxslər gərək bu orucu tutsunlar. Hamilə və süd verən qadınlar da istisnadır. Həmçinin ahıl yaşda gücdən düşmüş qocalar da tutmaya bilərlər”.

Bu fikirləri KONRKET.az-a açıqlamasın da ilahiyyatçı Tural İrfan səsləndirib:

Tural İrfan

“Səfərdə olanlar döndükdən sonra və xəstələr sağalsa, gərək tutmadıqları orucu qəza etsinlər. Azyaşlı uşaqları məcbur etmək də doğru deyil. İbadətlər əziyyət üçün yox, fəzilət üçün nəzərdə tutulub. Ağır işdə çalışan şəxslər var ki, oruc tutsalar məşəqqətə düşürlər. Belə şəxslər özlərini məcbur etməməlidir. Yalnız ibadət üçün müvafiq zəmin yaranarsa, orucu tutmaqda mükəlləfdirlər. Əgər adam dəqiq bilsə ki, oruc tutsa xəstəliyi şiddətlənə, ölüm təhlükəsi ilə üzləşə bilər, onun tutduğu oruc batil və əməli haramdır. Çünki Quranda insanın özünü təhlükəyə atmaması da əmr olunub. Oruc tuta bilməyənlər hər günün əvəzinə kasıblara fidyə verməlidir”.

İlahiyyatçı vurğulayır ki, həmçinin Ramazan ayı bitdikdə imkanı çatanlar gündəlik yediyi qidaların həcmi və dəyərində ailəsində olan hər adam başına ərzaq, pul toplayıb imkansız ailələrə, həssas təbəqənin adamlarına, sosial vəziyəti ağır olanlara yardım etməlidir ki, buna da fitrə zəkatı deyilir.

“Fitrə üçün hamıya eyni məbləğdə konkret rəqəm, məbləğ təyin etmək olmaz. Çünki hər kəsin qidalanması, maddi durumu eyni deyil. Gündəlik qidalanması üçün 10 manat xərcləyən şəxslərlə 100 manat sərf edənlər eyni məbləğdə fitrə versə bu ədalətsizlik olar. Səfərdə olan şəxslər ixtiyar sahibidir. Əgər çətinlik olmazsa tuta bilərlər. Yox, çətinlik ehtimalı varsa, oruc tutmamalıdırlar. Namaz qılmayanlar da oruc tuta bilər. Yaxşı olar ki, heç olmasa bu ayda namaz da qılsınlar”.

T.İrfan qeyd edir ki, çünki namaz və oruc bərabərhüquqlu ibadətdir və hər ikisi də fərzdir.

“Orucu yemək, içmək, intim münasibət, kafir olmaq, digər vasitələrlə qidalandırıcı maddələr qəbul etmək pozur. Çimmək, kosmetika, makiyaj, hətta dodaq və dırnaq boyaları, ağız suyunu udmaq orucu pozmur. Əksər alimlərə görə qatı tüstü, siqaret və qəlyan çəkmək, hətta dadsız da olsa saqqız çeynəmək, sübh əzanına qədər natəmiz qalmaq, başı tamamilə hovuz kimi suya batırmaq, imalə etdirmək də oruc poza bilər. Hər bir halda bu əməllərdən oruclu olarkən çəkinmək ehtiyat vacibdir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*