Köhnələrin budanması prosesi – 85 il öncə onlara qarşı daha amansız olublarbackend

Köhnələrin budanması prosesi – 85 il öncə onlara qarşı daha amansız olublar

Ötən əsrin 30-cu illərində o qədər keşməkeşli tarixi hadisələr baş verib ki, barəsində minlərlə kitab yazılsa da, söhbətlər bitməz. O illərdə milyonlarla insan Stalin repressiyasının qurbanı olub. Onların arasında köhnə inqilabçılar, dövlət xadimləri, marşallar və generallar, alimlər, yazıçılar, aktyorlar, bir sözlə, hər peşədən olan adamlar yer alıb.

Uzun zamandır ki, repressiya mövzusunda yazan, danışan adamlar kütləvi edamların baş səbəbkarı kimi Stalinin adını çəkirlər. Sözsüz ki, onlar haqlıdır, gerçəkdən də yüksək ranqlı dövlət və partiya xadimlərinin, marşal və generalların edam fərmanını şəxsən Stalin verib.

Ancaq bir sual həmişə aktualdır: Stalinin yerinə başqa bir partiya xadimi, məsələn, Lev Trotski, Qriqori Zinovyev, Sergey Kirov,  yaxud Buxarin və Kemenev dövlət başçısı olsaydı, repressiya olmayacaqdı?

O dövrə aid memuarları oxuyanda aydın olur ki, o zamanlar repressiyalar qaçılmaz olub, adları çəkilən şəxslər isə heç də “humanizm mücəssəməsi” olmayıblar və zaman-zaman onların da gözündən od parlayıb, ağızlarından qan tökülüb. Demək, Stalinin məhv etdiyi qədər olmasa da, bu birilər də hər halda mütləq düşmənlərini repressiyaya məruz qoyacaqdılar.

Çünki inqilabi hərəkatlar mütləq öz ardınca repressiyalar doğurur. Robespyer zamanında yakobinçi inqilabçılar sonda bir-birini məhv etdiyi kimi, bolşeviklər də bir-birini məhv etməyə məhkum idi. Demək olar ki, o dövrdə Fransada gedən proseslərin eynisi 20-30-cu illər arasında Rusiyada da gedirdi, fərq onda oldu ki, rusiyalı bolşeviklər bir-birini qırıb hakimiyyəti hansısa inqilabçı olmayan generala ötürmədilər, Rusiyanın Napoleon Bonopartını, köhnə bolşevikləri darmadağın edən və qırıb-çatan Stalin özü oldu.

Yuxarıda deyildiyi kimi, 1934-38-ci illər arasında milyonlarla insan repressiyaya məruz qalıb. Təbii ki, bunların hamısı müqəssir deyildi, güllələnənlər, Sibirdə həbs düşərgəsində ölənlər, bütün məşəqqətlərə dözüb evinə salamat qayıdanlar arasında yüz minlərlə günahsız adam olub.

Ancaq eyni zamanda repressiya olunanlar arasında ağır cəzaya layiq olan şəxslər də olub. Hətta o cür adamların bir çoxu nə o vaxt, nə də sonrakı illərdə cəza almayıblar. Bir çoxlarının bəxti gətirib, bəziləri də cəza maşınını işlədən adamlar olublar, amma özlərinin cəzalanmaq vaxtı, növbəsi gələndə onlara qarşı humanist davranılıb.

1934-cü ildən sonra, Leninqrad vilayətinin rəhbəri Sergey Kirovun öldürülməsi ilə, o vaxta qədər yavaş templə gedən repressiya dalğası böyük bir şiddətlə bütün SSRİ ərazisini çulğayıb. Azərbaycan da kənarda qalmayıb, hətta repressiya maşınının çarxlarının ağzına verilməli olan qurbanlara dair plan və öhdəliyi ən yaxşı yerinə yetirən 3-4 respublikadan biri olub.

Əslində Azərbaycanda repressiya olunan partiya xadimləri günahsız şair və yazıçılardan, alim və digər ziyalılardan fərqli olaraq heç də tam günahsız olmayıblar. Onların cinayət işlərindəki bir çox maddələr qurama olsa da, hər halda aralarında gerçəkdən də Trotskiyə, Zinovyevə, Buxarinə rəğbət bəsləyən, ən azı Stalinə rəğbət bəsləməyən, vaxtilə 7 il Azərbaycanda işləyən Kirovu daha üstün sayan adamlar olub. Stalinin prizmasından bu, edam olunmaq üçün tutarlı səbəb idi.

Alman tarixçisi Yorq Baberovskinin qiymətləndirməsinə görə, 1937-ci ildə Azərbaycanda 22 xalq komissarı (nazir), 49 rayon partiya komitəsinin katibi, 29 rayon icraiyyə komitəsinin sədri həbs olunub. Nazirlərin 18-i, katiblərin isə hamısı güllələnib. Kənd təsərrüfatı, Maarif və Ədliyyə nazirliklərinin başçıları, müavinləri və demək olar ki, bütün əməkdaşları məhv edilib. Bununla yanaşı, Azərbaycan birinci katibi repressiya olunmayan yeganə respublika olub. Bağırov on minlərlə adamı repressiyaya məruz qoysa da, özü 1953-cü ilə qədər həmin vəzifədə qalıb, amma sonra o da edamdan qaça bilməyib. Bağırova qədər Azərbaycanda rəhbər olmuş şəxslərin çoxu isə sonrakı illərdə – 34-40-cı illər arasında repressiya olunublar.

Naxçıvan vilayət partiya komitəsinin katibi Həsən Rəhmanovun həbsi məsələsi aktuallaşanda, onun Azərbaycan hökumətinə rəhbərlik edən qardaşı Hüseyn Rəhmanovun həbsi də gündəmə gəlib. Bolşevik qardaşların hər ikisini həbs ediblər və güllələyiblər.

Bir-birinin güdazına gedən qohumlar təkcə onlar olmayıb. Həmid Sultanov, onun həyat yoldaşı Ayna Sultanova (müstəqil Azərbaycan dövlətinin süqutu üçün əlindən gələn hər şeyi edən inqilabçı qadın), onun qardaşı Qəzənfər Musabəyov da eyni ildə güllələnən qohumlardandır.

Bağırov köhnə Lenin qvardiyasının demək olar ki, hamısını məhv edib. Bu sırada adları çəkilənlərdən başqa, M.Cuvarlinski, Eyyub Xanbudaqov, Sumbat Fətəlizadə, Çingiz İldırım, Dadaş Bünyadzadə, Sultan Məcid Əfəndiyev, Ruhulla Axundov, Əliheydər Qarayev, Mirzə Davud Hüseynov, Mirbəşir Qasımov, Yusif Qasımov və başqaları da olub.

Bu səbəbdən 1937-ci ildə Azərbaycanda 47 min 194 kommunist vardısa, 1 il sonra onların sayı 45 min 331 nəfər olub. Bu da o deməkdir ki, tək bir ildə repressiya olunanların 1863-ü kommunist olub.

Təkcə Həmid Sultanovun cəlb olunduğu məhkəmə prosesində onunla bərabər 13 adam mühakimə olunub. Bunlar Şamaxı rayonunun rəhbər işçiləri, kolxoz sədri, anbardar, partkom, kənd sovetinin sədri və bir yerli sakin olub.

Həmid Sultanov etiraf edib ki, Ruhulla Axundovla, Sultan Məcid Əfəndiyevlə, Qəzənfər Musabəyovla, Dadaş Bünyadzadə və bir çox başqalarıyla birlikdə əks-inqilabi, millətçi mərkəz yaradıblar və məqsədləri sovet hökumətini devirmək, Azərbaycan SSR-ni SSRİ-dən ayırmaq və kapitalist mülkiyyətini bərpa etmək olub. Digər müttəhimlər də analoji ifadələr veriblər. Ancaq onlardan bu ifadələri dözülməz işgəncələr altında alıblar. Bəzilərini o qədər döyürmüşlər ki, dəhlizdə addım səsi gələndə qaçıb çarpayının altına girirmiş.

Lap əvvəllər menşevikliyə meylli olan Əliheydər Qarayev Müsavat hökumətinin vaxtında parlament üzvü olaraq daima Cümhuriyyət liderlərinə qarşı barışmaz mübarizə aparsa da, hər zaman onlarla söz güləşdirsə də, özününkülərə qarşı heç bir dirəniş göstərə bilməyib. 1928-29-cu illərdə o, Mircəfər Bağırovdan Zaqafqaziya SSR-in rəhbəri Lavrenti Beriyaya şikayət edərək onu repressiya etdirmək istəsə də, Beriya öz dostunu müdafiə edib və zamanı gələndə Qarayevin öz başı “yeyilib”.  Ən ibrətamizi odur ki, vaxtilə Müsavat hökumətini ruslara təslim olmağa çağıran, Azərbaycanın Rusiyanın tərkibinə daxil olması üçün alovlu nitqlər söyləyən adamı axırda respublikanı SSRİ-dən qoparmağa çalışmaq üstündə həbs edib güllələyiblər. Qarayevin təkcə özü yox, bütün ailəsi repressiya olunub, 11 ailə üzvündən cəmi ikisi salamat qalıb. Yerdə qalanları Rusiyanın ucqar şəhərlərində ölüb.

Bütün bu cür amansız cəzalandırmalar, günahsız insanlara yaşadılan faciələr ta qədim dövrlərdən hakimiyyət uğrunda mübarizənin ayrılmaz tərkib hissələridir.

Günümüzdə də siyasi mübarizə gedir, hakimiyyət uğrunda çarpışmalar səngimir. Bu, hətta eyni komandanın, partiyaların daxilində də baş verir. Lakin 70-80 il əvvəlkindən fərqli olaraq, müasir siyasi mübarizələr o qədər də qanlı-qadalı deyil, nə qədər gərgin, nifrət dolu olsa da, indi adamları vəzifədən və ya partiyadan çıxarıb güllələmirlər, təqaüdə göndərirlər.

KONKRET.AZ

Bir cavab yazın