Koronavirusun “Eris” ştammı ÜST-ü hərəkətə keçirdi: Yeni peyvənd və maska qadağası gözlənilir?backend

Koronavirusun “Eris” ştammı ÜST-ü hərəkətə keçirdi: Yeni peyvənd və maska qadağası gözlənilir?

COVID-19-un yeni ştammı olan EG.5 variantı, yəni “Eris” virusu İngiltərədən sonra ABŞ-da da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Eris”lə bağlı həyəcanlı açıqlamalar verib. İngiltərədə hər 7 şəxsdən birində aşkar edilən bu virusun Sars-Cov-2-nin Omicron variantından əmələ gəldiyi bildirilib.

KONKRET.az-ın araşdırmasına görə, 3 ildən artıqdır koronavirusla mübarizə aparan dünya indi də “Eris” virusu ilə bağlı təşviş içindədir. EG.5 variantının indiyədək 51 ölkədə göründüyünü qeyd edən ÜST ölkələrə COVİD tədbirlərini ləğv etməmələri barədə xəbərdarlıq edib. Təşkilat öz bəyanatında ölkələrə yeni simptomlara qarşı ayıq olmağı və yoluxan xəstələri yaxından izləməyi tövsiyə edib.

Mütəxəssislərin məlumatlarına görə, “Eris” artıq hər 7 COVID hadisəsindən birinin səbəbi olub. Bu o deməkdir ki, yeni subvariant digərləri ilə müqayisədə kifayət qədər sürətlə yayılır və getdikcə daha çox yoluxmaya səbəb olur.

Rəsmilər bildirib ki, koronavirusun yayılmasında və yeni ştamlarının əmələ gəlməsində kirli havanın çox böyük təsiri var. Qapalı məkanlar, insanların daha sıx olduğu yerlər koronavirusun, xüsusilə yeni variantının çoxalmasına səbəb olur. Eyni zamanda, koronavirusa qarşı peyvəndlənmənin də üzərindən xeyli zaman keçməsi virusa qarşı immun sisteminin zəifləməsinə səbəb olub.

Maraqlıdır, koronavirusun yeni variantı olan “Eris”in əlamətləri nələrdir və əsasən hansı ölkələrdə müşahidə edilib?

İngilis alim Zoenun araşdırmalarına görə, yeni variantın simptomları koronavirusla demək olar ki, eynidir. Boğaz ağrısı, burun tıxanıqlığı, qrip, asqırmaq, öskürək, boğuq səs, iybilmə qabiliyyətinin itirilməsi və əzələ ağrıları yeni növ ştammın əsas simptomlarındandır. İndiyə qədər daha çox yoluxma halının müşahidə edildiyi Danimarka və İsraildə görünən variant həyəcanverici mutasiya tendensiyası nümayiş etdirir və potensial olaraq daha böyük dalğalanmaya səbəb ola bilər.

İngilis xəbər agentliyi “Reuters”in məlumatına görə, son vaxtlar xəstələnmə nisbətinin artdığı “Eris” variantı ilə əlaqəli yeni COVID-19 peyvəndi gələn ay buraxıla bilər.

Semra Ələkbərli,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*