Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı iki azərbaycanlının öldürülməsi, çoxsaylı həmvətənimizin isə ağır yaralanması və qanunsuz olaraq saxlanılması ilə bağlı baş verən faciəli hadisələr hələ də Azərbaycan ictimaiyyəti və mediasının diqqət mərkəzində qalır.
KONKRET.az xəbər verir ki, daha da narahatedici məqam isə bu biabırçı hadisənin davamı kimi, Voronej şəhərində də miqrasiya yoxlaması adı altında əsasən azərbaycanlılara qarşı genişmiqyaslı reydlərin keçirilməsidir.
Kreml niyə susur?
Bu gərgin fonda, Azərbaycan və Rusiya arasında münasibətləri normallaşdırmaq əvəzinə, rəsmi Moskva vəziyyəti daha da qızışdırmaq yolunu seçib. Rusiya hakimiyyəti zorakılığı araşdırmaq əvəzinə, statistik rəqəmlərlə kifayətlənir, “hər şey nəzarət altındadır” kimi şablon ifadələrlə məsuliyyətdən yayınır.
Ən təəccüblüsü isə — səssizlikdir. Kreml bu məsələyə dair bircə kəlmə belə açıqlama verməyib. Nə hüquq-mühafizə orqanlarının hərəkətlərinə münasibət bildirilib, nə də artan etnik gərginliklə bağlı narahatlıq ifadə olunub. Bu cür səssizlik – adi passivlik deyil. Bu, siyasi siqnaldır: zorakılıq mümkündür, əgər o, “lazımlı” etnik qrupa qarşı həyata keçirilirsə.
Azərbaycan Mədəniyyət Nazirliyinin cavabı və Moskvanın qeyri-ciddi münasibəti
Rusiya daxilində azərbaycanlılara qarşı müşahidə olunan qanunsuzluq və biganəlik fonunda, Azərbaycan Mədəniyyət Nazirliyi təmkinli və ləyaqətli şəkildə Rusiya ilə mədəni əməkdaşlıq layihələrindən imtina etdi. Bu addım – zorakılığa və diskriminasiyaya qarşı bir etiraz jestidir.
Moskvanın bu jestə diplomatik və müdrik cavab verməsi gözlənilsə də, əvəzində ortaya məntiqsiz və aqressiv reaksiyalar çıxdı. Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski çıxış edərək Azərbaycanı “nankorluqda” ittiham etdi və Rusiyanı Krylova aid “fil və mops” bənzətməsi ilə müdafiə etməyə çalışdı:
“Biz filik, bizə hürən mopslarla işimiz yoxdur.”
Marqinal siyasətçilərin səsi Kremlin yerinə danışır
Vodolatskinin bu çıxışı Rusiyada dövlət ritorikasının hansı səviyyəyə endiyini göstərdi. Parlamentin bir üzvü olan bu şəxs, görünür ki, qanunverici orqanla kazak bazarını səhv salır. Onun Azərbaycanı təhqir edən açıqlamaları konstruktiv dialoqa töhfə vermək əvəzinə, münasibətləri daha da gərginləşdirir.
Qeyd edək ki, Vodolatski əvvəllər nasist Almaniyası ilə əməkdaşlıq edən hərbi cani Pyotr Krasnovu açıq müdafiə etdiyi üçün “Böyük Don Kazak Ordusu”ndan qovulmuşdu. Həmçinin onun korrupsiya qalmaqallarında adı hallanıb və bu gün belə bir şəxsin Rusiya xarici siyasətini şərh etməsi azı absurddur.
Ekspertlər nə deyir?
Rusiya siyasi dairələrinin ümumi sükutundan fərqli olaraq, bəzi rusiyalı ekspertlər Azərbaycan tərəfinin narazılığını başa düşür. Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov məsələyə belə münasibət bildirib:
“Əgər müqavimət göstərməyən mülki şəxslərin saxlanılması zamanı iki nəfər ölür, üç nəfər reanimasiyaya düşürsə – bu dəhşətdir. Belə olmamalıdır. Azərbaycan tərəfinin narazılığı haqlıdır. İzah, araşdırma və cəza gözlənilir.”
Səbəb cinayət deyil, etnik mənsubiyyətdir
Aydındır ki, saxlanılan və döyülən şəxslərin hədəfə alınmasının səbəbi onların hansısa sübuta yetirilməmiş cinayətlərdə iştirakı deyil, məhz azərbaycanlı olmalarıdır. Azərbaycan tərəfinin reaksiyası emosional deyil, prinsipial diplomatik siqnaldır: insan hüquqlarının pozulması – norma ola bilməz.
“Qopniklər” danışdığı müddətcə dialoq mümkünsüzdür
Təəssüf ki, Moskva bu elementar həqiqətləri anlamır. Rəsmi Bakıdan gələn haqlı narahatlıqlara cavab olaraq, əgər biz yalnız “kostyum geyinmiş qopniklərin” tənqidi qəbul etməyən təhqiramiz çıxışlarını eşidəcəyiksə, o zaman bu vəziyyətdə hər hansı konstruktiv dialoqdan danışmaq mümkünsüzdür.
Məqalənin orijinalı: https://minval.az/news/124473175
Natiq Səlim,
KONKRET.az