Kurdlər “Məhmur” düşərgəsini tərk etdi, Ankara sevinirbackend

Kurdlər “Məhmur” düşərgəsini tərk etdi, Ankara sevinir

Kürd İşçi Partiyası (PKK) Şimali İraqda strateji əhəmiyyətə malik “Məhmur” düşərgəsini tərk edib. 1990-cı illərdən bəri PKK üçün mühüm mövqe hesab edilən bu düşərgə uzun illər Ankaranın diqqət mərkəzində olub və “PKK-nın qalası” adlandırılıb.

KONKRET.az Düşərgədən silahlıların çıxarılması Türkiyə, İraq və İraq Kürd Regional Hökumətinin həyata keçirdiyi PKK-nın silahsızlandırılması layihəsinin bir hissəsidir. Oktyabrda başlayan danışıqlar may ayında PKK rəhbərliyinin özünü dağıtmaq və silahları təhvil vermək qərarı ilə yekunlaşıb. 11 iyulda PKK liderlərindən biri Bese Xozatın rəhbərliyi altında silahlılar Şimali İraqda silahları yandıraraq bunu “prosesin yeni mərhələsinin ilk addımı” adlandırıblar.

Məhmur düşərgəsi uzun illər Ankaranın və Bağdadın mübahisə mövzusu olub. İraq mərkəzi hökuməti və Kürd regional idarəsi tərəfindən mübahisəli sayılan ərazidə yerləşən düşərgə ideoloji və təşkilati baxımdan PKK-nın nəzarətində idi. 1998-ci ildə BMT himayəsi altında qaçqın düşərgəsi statusu alsa da, qısa müddət sonra yenidən PKK-nın əlində olub.

Düşərgənin evakuasiyası Türkiyə–İraq–Kürdistan üçtərəfli mexanizmi çərçivəsində aparılan sistemli danışıqlar nəticəsində mümkün olub. İlin əvvəlində PKK lideri Abdulla Öcalan İmralı həbsxanasından düşərgəyə məktub göndərərək onun bağlanmasını tələb edib və prosesin irəliləməsi ilə insanların evlərinə qayıda biləcəyini vurğulayıb.

Razılaşmaya əsasən, düşərgə sentyabr ayına qədər tam evakuasiya olunacaq. Təhlükəsizlik Türkiyə Milli Kəşfiyyat Təşkilatı əməkdaşları və türk hərbi qüvvələri tərəfindən təmin olunur. Düşərgə sakinlərinin bir hissəsi İraqda digər bölgələrə köçürüləcək, PKK ilə əlaqəli, lakin terror aktlarında iştirak etməyən şəxslər isə müvəqqəti olaraq Türkiyədə yerləşdirilə biləcəklər.

Məhmur düşərgəsinin bağlanması Ankaraya terror təhlükəsinin mənbələrindən birini aradan qaldırmaq imkanı verir, Bağdada isə silahlı qüvvələrin nəzarətində olan əraziləri dövlətin əlində qaytarmaq şansı yaradır. İraq Kürd Regional Hökuməti üçün isə PKK-dan gələn uzunmüddətli təhlükənin azaldılması deməkdir.

Eyni zamanda, PKK hələ də Sincar düşərgəsini nəzarətdə saxlayır və orada mülki əhali yaşayır. Türkiyə və İraq Kürd Regional Hökuməti bu düşərgənin azad edilməsi üçün əməliyyatlar keçirib. Hal-hazırda Ankara, Bağdad və Ərbil Sincar düşərgəsinin təmizlənməsi və bağlanması ilə bağlı danışıqlar aparır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*