Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir – MÜSAHİBƏbackend

Kuzey Kıbrıs Türk Cümhuriyətinin tanınması siyasi məsələdir - MÜSAHİBƏ

Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunan rəhbəri Novbər Vechi Versus.Az İnformasiya Agentliyinə müsahibə verib.

KONKRET.az xəbər verir ki, Novbər xanım Kuzey Kıbrısın peşəkar diplomatlarından biridir. Ölkəsini uzun illər Avropanın müxtəlif ölkələrində təmsil edib. Azərbaycana təyinatı onun üçün gözlənilməz olub.

– Novbər xanım, bu, sizinlə ikinci görüşümüzdür. Vaxt ayırdığınıza görə təşəkkür edirəm. Sizi daha yaxından tanımaq istəyirik.

– Kuzey Kıbrıs Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada anadan olmuşam. Amma yaşadığım, böyüdüyüm şəhər Lefke olub. Lefke Qazi liseyində ibtidai və orta təhsil aldım. Sonra ali təhsil almaq üçün Fransaya getdim. Parisdə Fransa Nantes universitetində kamu yönətimi fakültəsində oxudum. Elə Parisdə “Qadınların cəmiyyətdə yeri, rolu” ilə bağlı dissertasiya yazdım və master dərəcəsi aldım. Həmin ilin iyulunda Kıbrısa döndüm, sentyabr ayında isə Xarici İşlər Nazirliyində işə başladım. O vaxtdan bu günə kimi  işimin başındayam.

– Bildiyim qədər bir çox Avropa ölkələrində Kuzey Kıbrıs Türk Cümhuriyyətini təmsil etmisiniz.

– Xarici İşlər Nazirliyində işə başlayandan bir müddət sonra Belçikaya getdim. Brüsseldə Kuzey KıbrısTürk Cümhuriyyətinin təmsilçisi kimi beş il  fəaliyyət göstərdim. Yenidən Kıbrısa qayıtdım və iki il yarım Xarici İşlər Nazirliyində çalışdım. Sonra Strasburqda Avropa Şurası nəzdində Daimi Təmsilçiliyimizdə məmur olaraq dörd il fəaliyyət göstərdim. Ölkəmə döndükdən sonra isə Xarici İşlər Nazirliyində Tanıdma Dairəsinin müdiri təyin olundum. 2010-cu ildə İtaliyaya getdim, Kuzey Kıbrısın Romadakı təmsilçisi oldum və beş il orada fəaliyyət göstərdim. Təkrar ölkəmə qayıtdıqdan sonra Protokol Dairəsinin müdiri vəzifəsində çalışdım. 2016-cı ildə ildə isə Strasburqda Avropa Şurası nəzdində daimi təmsilçiliyimizin rəhbəri təyin olundum. 2020-ci ildə isə Kuzey Kıbrısın Azərbaycandakı  Təmsilçiliyinin rəhbərliyinə təyinat aldım və Bakıya gəldim.

– Novbər xanım, bu təyinatı neçə qarşıladınız? Deyəsən bu Azərbaycana ilk gəlişiniz idi…

– Nazirimiz mənə deyəndə Bakıya gedirsən, gözləmədiyim bir xəbər  idi və gerçəkdən sürpriz oldu. Nə deyəcəyimi bilmədim, düşündüm, daşındım və bilirdim ki, Azərbaycanda, Bakıda fəaliyyət göstərən bütün diplomatlarımız, dostlarım bu ölkədən çox xoşbəxt ayrılıblar. Burada olduqları müddətdə özlərini elə Kıbrısda, evlərində, ailələrindəki kimi hiss etdiklərini deyirdilər. Bakını, insanlarını sevdiklərini, fəaliyyətləri müddətində huzurlu olduqlarından danışırdılar. Təbii ki, mən də məmuniyyətlə bu təklifi qəbul etdim və bir-iki saat içində müstəşarımıza zəng edib, razılığımı bildirdim. Sizə daha öncə də demişdim, Avropa Şurasında Azərbaycandan olan millət vəkilinə Bakıya təmsilçi olaraq gedəcəyimi bildirdim. O isə dedi ki, siz Bakıya deyil, Vətənə gedirsiniz. Bu söz çox xoşuma gəldi və özümü xoşbəxt hiss etdim.

Bakıya ilk gəldiyim gündən heç yanılmadığımı gördüm və bu təyinatın həm də mənə verilən bir şans olduğunu düşünürəm. Hava limanında insanların bizə qarşı necə səmimi, istiqanlı, kübar və mehriban olduqlarını gördük. Hətta bizi hava limanından aparmağa gələcək dostlarımızı gözləyərkən, orada dayanan sürücülər soruşurlardı ki, bəlkə nəyəsə ehtiyacınız var, biz sizə nə kömək lazımdır edək, hətta telefoları ilə zəng etdilər. Dediyim kimi, biz artıq o istiliyi, qardaşlarımızın arasında olduğumuzu fərq etdik. Bakıya səhər üzü beşdə gəldik. Geniş, səliqəli, işıqlı, ocaq fənərli boş küçələr, gözəl binalar, dəniz çox xoşumuza gəldi. Yəqin ada ölkəsindən olan biri üçün dənizin nə demək olduğunu bilirsiniz. Bura gəlməmişdən dostlarım Bakının küləkli şəhər olduğunu demişdilər. Hətta Bakının keçmiş adının küləklər şəhəri mənasını verdiyini də bilirəm. Tanıyanlar bilirlər, küləyi nə qədər çox sevdiyimi. Ona görə də Bakının havasını, küləyini çox sevirəm. Ümumiyyətlə, Bakı çox gözəldir. Hə qədim, həm də müasir şəhərdir. Parklarını, dəniz sahilini, şəhərin qədim hissəsini gəzdikcə zövq alırsan. Bakının tarixi, mədəniyyəti, sənət dünyası,eyni zamanda ortaq mədəniyyəti, sənəti. Səninlə eyni dili danışanların arasında olmaq gözəldir. Onu da deyim ki, Azərbaycan ilə Kuzey Kıbrıs arasında çox sayda ortaq sözlər var. Bakıdakı kitabçılar çox xoşuma gəldi. Qısa zamanda, Azərbaycan xalqının sənətə, təhsilə neçə böyük önəm verdiyinin şahidi oldum. Hələ mən bura pandemi dönəmində gəldim və hamımız  bir çox şeylərdən məhrum qalmışıq. İnşALLAH, yaxın vaxtlarda Azərbaycanın rayonlarına getməyi, görməyi çox istəyirəm. Bilirəm ki, Azərbaycanın rayonları gözəldir, qədim mədəniyyəti, adət-ənənəni özündə yaşadan yerlər, əl işlərini, sənətlərini davam etdirən insanlar var. Çox şükür, Azərbaycanda koronavirusdan sağalan insanların sayı artır və getdikcə azalır. Ümid edirəm, bütün dünyada azalma baş verər və insanlar normal, gündəlik həyatlarına geri dönərlər.

– Bilirəm ki, Azərbaycan mətbəxini, yeməklərini, şirniyyatlarını çox sevirsiniz…

– Bəli, Azərbaycanın çox gözəl şirniyyatları var. Yeməklərini, ədviyyatlarını, turşularını çox sevdim. Vegetarian deyiləm, amma əti elə də sevmirəm. Bakıda isə ət o qədər dadlıdır, turşunu heç heç yeməzdim, burada hamısının dadı bir başqadır. Artıq turşudan da xoşum gəlir və Bakıda bir-birindən fərqli, dadlı çox çeşidləri var. Ağ gilas mürəbbəsi inanılmaz gözəldir. Azərbaycan mətbəxi çox zəngin və unikaldır. Hələ jurnalistlərlə ilk görüşdə həm siz, həm də həmkarlarınız dedilər ki, hər rayonun özünə məxsus mətbəxi və yeməkləri var. Düşünürə, Kıbrısa gedəndə mütləq dostlara Azərbaycan şirniyyatları, paxlava alıb aparacam.

– Novbər xanım yenidən Kuzey Kıbrıs məsələsinə dönmək istəyirəm. KKTC-nin dünyanın bir çox ölkələrində təmsilçilikləri var. Və siz də Avropa ölkələrində Kuzey Kıbrıs Türk Cümhuriyyəti təmsilçisi olmusunuz. Eləcə də, Kuzey Kıbrıs universitetlərinin diplomları bütün dünyada tanınır və ən prestijli unuversitetlər sırasında yer alır. Turizmə gəlincə, hər il Almaniya, Rusiya, İtaliya və digər ölkələrdən çox sayda turistlər tətil üçün Kuzey Kıbrısı seçirlər. Müstəqil dövlət olaraq təəssüf ki, Türkiyədən başqa heç bir dövlət tanımır…

– Tanınma məsələsi siyasi məsələdir. Biz uzun illərdir Kuzey Kıbrıs Türk Cümhuriyyətinin tanınması üçün çalışırıq. KKTC-nin müstəqil olduğunu bacarığımızla, gördüyümüz işlərlə, xoşməramlı münasibətimizlə isbat etmişik. Bütün dünyaya bəyan edirik ki, Kuzey Kıbrısın adadakı digər kəsim kimi müstəqilliyi tanınmalıdır. Əlbəttə, illərdir davam edən ayrı-seçkilik, haqsızlıq bizi üzür. Beynəlxalq arenada da rəsmən ikili standartlar özünü açıq şəkildə göstərir. Bu qəbuledilməz bir durumdur. Adada hər iki dövlət bərabərhüquqlu haqlara sahib olmalıdır. Bizim səsimiz dünya birliyi tərəfindən eşidilməlidir. 2004-cü ildə keçirilən referendumda Kuzey Kıbrıs bir daha xoş məramını ortaya qoydu və “əvət” cavabını verdi. Çox təəssüf ki, bizə verilən bütün sözlər, vədlər  sadəcə kağız üzərində söz olaraq qaldı. Bu referendumu da bir siyasi oyuna çevirdilər, öz çıxarları üçün istifadə etdilər və bizans oyunlarını davam etdirirlər.

– Novbər xanım, Kuzey Kıbrısda gələn ay prezident seçkiləri keçiriləcək. Seçkilərə hazırlıqla bağlı fikirlərinizi bilmək istəyirəm. Hazırlıq kampaniyası neçə davam edir?

– Pandemiya ilə əlaqədar bütün dünyada olduğu kimi, bizim də ölkəmiz də çətin bir dönəmdən keçir. Bildiyiniz kimi, prezident seçkiləri aprel ayında keçiriləcəkdi. Məlum koranavirusa görə təxirə salındı və oktyabr ayının 11-də keçirilməsi gözlənilir. İndi də pandemiyaya görə hazırlıq ürəkaçan deyil. Çünki namizədlər seçicilərlə canlı görüşə, mitinqlər keçirə bilmir, təbliğat apara bilmirlər. Yalnız televiziya və onlayn olaraq görüşmək, özlərini ifadə etmək mümkündür. İnternet üzərindən seçim kampaniyası keçirmək bir ilkdir və çox çətindir. İnsanlar əndişə içərisindədirlər, bu gün namizədlər bir görüş keçirsə, sabah nə olacağı məlum deyil, heç kim zəmanət verə bilməz ki, seçicilər xəstəliyə tutulmayacaqlar. Yenə qeyd edirəm, bu bütün dünyada belədir və biz də sağlamlığımız üçün şərtlərə uymalıyıq. İnşALLAH ümid edirəm ki, seçkilər xalqımızın mənafeyinə uyğun keçiriləcək və Kıbrıs türkünün inandığı, səs verdiyi, seçdiyi namizəd cümhurbaşqanı olacaq. Önəmli olan bu seçimlər Kuzey Kıbrıs Türkünə, xalqımıza xeyirli, uğurlu olsun. Kimin cümhurbaşqanı olmasına xalqımız qərar verəcək.

– Artıq iki aydır Bakıdasınız. Bu qısa müddətdə, pandemiya şəraitində bir sıra görüşlər, tədbirlər keçirmisiniz.  Bu görüşlərdən ikisi media nümayəndələri ilə olub. Yaxın gələcəkdə Azərbaycan və Kuzey Kıbrıs arasında, ik tərəfli əlaqələrdə nələri planlayırsınız, həyata keçirmək istəyirsiniz?

– Öncə istərdim ki, Azərbaycan Kıbrıs türklərinə, burada yaşayanlara, varlığımızla, həyatımızla bağlı duruma qardaş ölkə olaraq bir qədər rahatlıq saxlasın. Bilirəm ki, tanınma gündəmdə deyil. Amma Kıbrıs türkləri Azərbaycanda rahat yaşasınlar, qalsınlar.Çox istərdim ki, iki qardaş xalq, insanlarımız bir-birlərini daha yaxından tanısınlar. Müxtəlif sahələrdə əlaqələr qurub, münasibətlərimizi daha da möhkəmləndirək. Bilirsiniz ki, Kuzey Kıbrısda çox sayda azərbaycanlı tələbələr təhsil alır. Onların həyatını, oradakı yaşamının daha rahat olması, saylarının daha da artmasını istərdik.

– Növbər xanım, yuxarıda da qeyd etdiyim kimi, Kuzey Kıbrıs bir turizm ölkəsidir. Tarixi, mədəniyyəti, doğası, dənizi dünyanın mütəlif ölkələrindən olan turistlərin diqqətini bu cənnət adaya çəkir. Təəssüf ki, Azərbaycan və Kuzey Kıbrıs arasında turizm potensialı istənilən səviyyədə deyil.

– Bəli Kuzey Kıbrıs bir turizm ölkəsidir. Çox təəssüf ki, qardaş ölkə Azərbaycandan Kıbrısa tətilə gələn turistlərin sayı çox deyil. Çarter reysləri kəsilincə, çətinliklər yarandı.Çünki qiymətlər artır, bundan başqa təyyarə dəyişdirmək və digər problemlər ortaya çıxdı. Düzdür pandemiya şəraitində yaşayırıq, amma bu sahədə tanıtma tədbirləri keçirmək istəyirik. Zatən biz eyni millətik, Kıbrısa gedən bir azərbaycanlı turistin dil, anlaşmaq kimi problemləri yoxdur. Burda da, orda da insanlarımız çox istiqanlıdılar. Sizin də dediyiniz kimı, Kuzey Kıbrısın çox gözəl təbiəti var, tariximiz, mədəniyyətimiz, yeməklərimiz çox gözəldir. Dünya standartlarına cavab verən hotellərimiz var. Neçə ki, biz Azərbaycanda özümüzü yad deyil, oz vətənimizdə hiss edirik, azərbaycanlılar da Kıbrısda özlərini evlərindəki kimi hiss edəcəklər. Əminəm ki, hər keçən gün iki qardaş ölkə arasındakı əlaqələr daha da möhkəmlənəcək və gediş-gəliş artacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*