“Naxçıvan və Mehridən keçən dəmir yolu Ermənistan SSR-nin əsas yük arteriyası idi. İndi veteran dəmiryolçuların fikrincə, bu imkanlardan maksimum dərəcədə istifadə etmək Ermənistanın mənafeyinə uyğundur. Azərbaycana nəqliyyat dəhlizində digər dəmir yolu xətləri də vardı.
Birincisi, Ayrımdan Tiflisə və daha sonra Suxumiyə, ikincisi – İcevandan Qazaxa və daha sonra Xəzər sahillərinə. Ancaq həm birində, həm də digərində qatarlara maksimum 1900 ton, Naxçıvanla isə 4500 tona qədər yük daşımaq mümkün idi. Bu, həmin yolun əlverişli profilindən irəli gəlir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni mətbuatına açıqlamasında Cənubi Qafqaz Dəmir Yolu Qazilər Şurasının sədri Levon Akopyan deyib.
O əlavə edib ki, “Sovet dövründə Ermənistana göndərilən bütün əsas yüklər – taxıl, metal, neft məhsulları Mehri-Naxçıvan dəmir yolundan keçib gəlirdi. Sovet vaxtında İrəvandan Moskvaya bu marşrutla bir yük qatarı maksimum 2,5 günə çatırdı. İndi bu müddət qısaldıla bilər. Çünki həm marşrutlar, həm də qatarlar o zamandan bəri dəyişdi. Bir dəmiryolu işçisi kimi məndən soruşursunuzsa, texniki olaraq Mehri hissəsini bərpa etmək çox çətin deyil”.
Naxçıvan bölgəsinə və Culfa üzərindən İrana gedən dəmir yolu qovşağına gəlincə, Akopyan deyib ki, “Onun vasitəsi ilə mallar İrandan Naxçıvana çatdırılır. Yenidən deyirəm: dəmir yolu işə salınarsa, ölkəmizin maraqlarını, yəni mallarımızın Rusiyaya və İrana rahat və ucuz çatdırılması barədə düşünməli olacağıq”.
KONKRET.az