Belarus lideri Aleksandr Lukaşenko NATO-nun Ukraynaya daxil olduğu təqdirdə nüvə silahından istifadə olunacağını və Üçüncü Dünya Müharibəsinin başlayacağını iddia edib.
KONKRET.az xəbər verir ki,o, bu barədə Rusiyanın dövlət televiziyası “Rossiya” kanalına açıqlama verib.
Lukaşenko Ukraynadan gələ biləcək təhdidlərə qarşı lazımi tədbirləri gördüklərini, Belarus-Ukrayna sərhədinə mina və əsgər yerləşdirdiklərini qeyd edib.
Lider NATO-nun Ukraynaya qoşun yeritmə ehtimalını dəyərləndirib: “Əgər onlar (Qərblilər) NATO əsgərlərini göndərsələr, Üçüncü Dünya Müharibəsi başlayacaq. Çünki bu halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq, dəhşətli reaksiya veriləcək”.
O, vəziyyətin gərginləşməsini istəmədiklərini vurğulayıb: “NATO ilə müharibə istəmirik. Ancaq bunu etsələr, başqa seçimimiz olmayacaq. Bizim yalnız bir xəttimiz var. O da dövlət sərhəddidir, onlar sərhədə basan kimi cavab olacaq”.
Rusiya və Ukraynanın sülh danışıqlarına yenidən başlamalı olduğunu vurğulayan Lukaşenko danışıqların 2022-ci ilin martında İstanbulda hazırlanan razılaşma əsasında aparıla biləcəyini bildirib./publika.az