Azərbaycanda minimum əməkhaqqının orta əməkhaqqına nisbəti beynəlxalq standartlarla müqayisədə xeyli aşağıdır. Bəs, insanların rifahını artırmaq üçün minimum maaş yoxsa sosial yardım mexanizmləri daha effektivdir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, bu nisbət ölkəmizdə təxminən 37 faiz civarındadır. Halbuki, beynəlxalq göstəricilərə əsasən, bu rəqəm 45-50 faiz aralığında olmalıdır.
Ekspertin sözlərinə görə, Avropa İttifaqı ölkələrində bu nisbət 45-60 faiz, Şərqi Avropa ölkələrində isə 45-50 faiz səviyyəsində dəyişir:
“Azərbaycanda minimum əməkhaqqı 400 manat, orta əməkhaqqı isə 1100 manatdır. Əslində, beynəlxalq standartlara uyğunluq üçün minimum əməkhaqqı 500-550 manat civarında müəyyən edilməlidir. Lakin hökumət sahibkarlara əlavə yük düşməməsi üçün bu məsələdə ehtiyatlı davranır.”
Asif İbrahimov qeyd edib ki, hazırkı vəziyyət bazarda alıcılıq qabiliyyətinin azalmasına və iqtisadi artımın məhdudlaşmasına gətirib çıxarır:
“Minimum əməkhaqqı çox aşağı olduğu üçün əhalinin az təminatlı təbəqəsi bazar münasibətlərində geri qalır. Bu, ümumi rifah səviyyəsinə də mənfi təsir göstərir.”
Ekspertin fikrincə, əhalinin rifahını artırmaq üçün sosial yardım mexanizmləri vacib olsa da, əsas diqqət minimum əməkhaqqının artırılmasına yönəlməlidir:
“Dünyanın hər yerində sosial yardım mexanizmləri mövcuddur. Azərbaycanda da uşaq pulu olmasa da, digər sosial yardım formaları tətbiq olunur və bu sahəyə ciddi vəsait ayrılır. Amma sosial yardım davamlı rifahın təminatı deyil. Əsas məsələ minimum və orta maaş arasında balansın yaradılmasıdır. Beynəlxalq standartlara görə, bu nisbət 45-50 faiz civarında olmalıdır. Qalan hissəni isə sosial yardımlarla dəstəkləmək mümkündür.”
Aynurə İsmayıl
KONKRET.az