Azərbaycanda ali təhsilin növbəti mərhələsi sayılan magistratura pilləsinə qəbul qaydaları uzun illərdir müzakirə mövzusu olaraq qalır. Xüsusilə, humanitar ixtisas üzrə təhsil alan minlərlə məzun üçün magistratura imtahanının məzmunu və qiymətləndirmə prinsipləri suallar doğurur. 11 il orta məktəb, ardından isə 4 il universitet təhsili alan tələbə illərlə öz ixtisası üzrə hazırlaşsa da, qəbul imtahanında əsasən məntiq, riyaziyyat, informatika və xarici dil bilikləri üzrə yoxlanılır. Bu isə “tələbənin real akademik hazırlığı hansı meyarla ölçülür?” sualını gündəmə gətirir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırkı sistemdə ciddi problemlər mövcuddur.

Ekspertin sözlərinə görə, bakalavr pilləsini bitirən şəxslər magistraturaya qəbul olmaq üçün mütləq imtahandan keçməlidirlər və alternativ mexanizm yoxdur:
“Magistratura imtahanının formatı başdan-ayağa problemlidir. Humanitar ixtisas üzrə oxuyan tələbə dəqiq fənləri dərindən bilmirsə, bu o deməkdir ki, o, illərlə magistraturaya qəbul ola bilməyəcək. İnsan tarix üzrə elmlər namizədi olmaq istəyir, amma magistraturaya qəbul üçün tarixdən imtahan vermir. Bu isə məntiqsiz yanaşmadır”.
Ramin Nurəliyev qeyd edib ki, məntiq, informatika, riyaziyyat və ingilis dili kimi fənlərin imtahanda olması normaldır, lakin əsas problem ixtisas fənlərinin nəzərə alınmamasıdır. Onun fikrincə, tələbələr öz sahələri üzrə qiymətləndirilmədiyi üçün mövcud sistem bir çox hallarda ədalətli nəticə vermir.
“Düşünürəm ki, bu məsələ mütləq tənzimlənməlidir. Dövlət İmtahan Mərkəzi magistratura imtahanının formatında dəyişiklik etməlidir. Ən azı ixtisas fənni əlavə olunmalı, məntiq və riyaziyyat sualları isə ixtisasla əlaqəli şəkildə tərtib edilməlidir”.
Ekspertlərin fikrincə, ixtisas yönümlü qiymətləndirmə mexanizminin tətbiqi həm tələbələrin biliklərinin daha obyektiv ölçülməsinə, həm də magistratura təhsilinin keyfiyyətinin artırılmasına səbəb ola bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
