Fransa prezidenti Emmanuel Makronun siyasi vəziyyəti getdikcə çətinləşir. Böyük Britaniyanın nüfuzlu “The Times” qəzeti dövlət başçısını “axsaq ördək” adlandıraraq qeyd edib ki, Makron artıq əvvəlki kimi güclü siyasi təsirə malik deyil. Bu ifadə, prezidentin formal olaraq vəzifədə qalsa da, real idarəetmə imkanlarının xeyli məhdudlaşdığını göstərir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Polad Mehdiyev bildirib ki, hazırda Makronun qarşısında üç əsas seçim var, yeni baş nazir təyin etmək, parlament seçkilərini yenidən keçirmək və ya istefa vermək.
Onun sözlərinə görə, ən real və yaxın perspektivli variant yeni baş nazirin təyin olunmasıdır:
“Makron bu yolla hökumətdə sabitlik yaratmağa və parlamentlə əməkdaşlığı bərpa etməyə çalışa bilər. Parlament seçkilərini yenidən keçirmək isə riskli addımdır, çünki müxalifətin güclənməsi və siyasi balansın dəyişməsi mümkündür. İstefa vermək isə ən az ehtimal olunan variantdır, bu, Makronun siyasi karyerasının sonu kimi dəyərləndirilə bilər.”
Politoloq qeyd edib ki, Makron hazırda riskli seçkilərə getmək istəmir və istefa onun üçün ən ağır addım olardı:
“Prezident daha çox parlament daxilində manevr edərək yeni hökumət qurmağa üstünlük verəcək. Lakin bu variantın real nəticə verib-verməyəcəyi sual altındadır, çünki parlamentdə parçalanma və siyasi qüvvələr arasında ziddiyyətlər çox dərinləşib.”
Polad Mehdiyev hesab edir ki, əgər yeni baş nazir təyin olunması da nəticə verməsə, 2025–2026-cı illərdə Makronun parlamenti buraxmaq və növbədənkənar seçkilərə getmək məcburiyyətində qalması mümkündür:
“İlkin addım kimi yeni baş nazirin təyin edilməsi daha real görünür, amma siyasi böhran dərinləşərsə, növbədənkənar seçkilər gündəmə gələ bilər.”
Aynurə İsmayıl
KONKRET.az