MAQATE-nin rəhbəri Rafael Qrossi bir gün əvvəl ərazisində kamikadze pilotsuz uçan aparatın partladığı Zaporojye Atom Elektrik Stansiyasına hücumu ehtiyatsızlıq adlandırıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, reaktorun əsas mühafizə strukturlarına ən azı üç birbaşa zərbə var. MAQATE hesab edir ki, vəziyyət nüvə təhlükəsizliyinə təhlükə yaratmayıb, lakin belə hadisələr böyük nüvə qəzası riskini artırır.
Qeyd edək ki, Moskva rus qoşunlarının işğal etdiyi Zaporojya AES-ə hücumda Kiyevi günahlandırıb. Ukrayna Baş Kəşfiyyat İdarəsi hücumda iştirak etmədiyini bildirib və bunu Rusiya Federasiyasının “simulyasiya zərbəsi” adlandırıb.
Bu arada Ukrayna prezidenti Volodimir Zelenski bir daha Ukrayna şəhərlərinin və infrastrukturunun Rusiyanın hava hücumlarından qorunmasına diqqət çəkib.
“Biz birbaşa Konqresə deməliyik ki, Konqres Ukraynaya kömək etməsə, Ukrayna müharibəni uduzacaq. Və bunun üçün ictimai format tapmalıyıq. Ukrayna müharibəni uduzsa, digər dövlətlərə hücum ediləcək və bu, faktdır”, – deyə Volodimir Zelenski bildirib.
ABŞ-ın mövqeyi əsasən Donald Trampın real qələbə şansının olduğu prezident seçkilərinin nəticəsindən asılı olacaq. Bazar günü “The Washington Post” onun Ukraynaya qarşı mümkün strategiyasını təsvir edən məqalə dərc edib.
Günel Mikayılova,
KONKRET.az