“ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən qeyd olunan çətin kompromislər əslində erməni tərəfinin yenidən etməli olduğu birtərəfli güzəştlərdir”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni hüquqşünas, politoloq Robert Marqaryan bildirib.
O daha sonra fikilərini belə davam etdirib:
“Əliyevin tələbləri aydındır. Qrafikə uyğun olaraq Nikol bu tələbləri yerinə yetirir və nəzərdə tutulan bütün əraziləri təhvil verəcək. O, Tavuşdan başlayıb, Tiqranaşenə qədər davam edəcək. Bu mərhələdə müvəqqəti olaraq kölgədə qalan yeganə məsələ Zəngəzur dəhlizidir. Əgər indi sərt sövdələşmələrdən söhbət gedirsə, deməli, dəhliz məsləsindən söhbət gedir. Burada İran faktoru həmişə maneə olub, indi isə İran faktorunu hər cür cilovlayıb irəli getməyə çalışırlar.
Hansı formatı tapacaqlarını bilmirəm. İndiyə qədər onlar narahat idilər ki, Nikol dəhlizi bu şərtlərlə təhvil versə, Rusiya sülhməramlıları gəlib orada məskunlaşmalıdırlar. Yəqin ki, 9 noyabr razılaşmasına görə, bu, Qərb üçün sərfəli deyildi. Ona görə də dəhlizin monitorinqinin formatı dəyişdi. İran bunu asanlıqla qəbul etməyəcək, ciddi reaksiyalar görəcəyik və bu reaksiyalar Ermənistana da təsir edəcək”.
Marqaryanın sözlərinə görə, İranın reaksiyası son 6 ildə olduğu kimi dolayı yolla da ola bilər. “Ermənistanla münasibətlərdə İran bəzi yerlərdə yerini və mövqeyini aydınlaşdırmağa çalışıb. Bu dəfə də zərurət yaranarsa, dolayı reaksiyaların şahidi olacağıq. Çünki İran dəfələrlə vurğulayır ki, onun sərhədləri yaxınlığında regiondan kənar qüvvələrin olması onun üçün dözülməzdir.
Yadınızdadırsa, 2018-ci ildən sonra İranın reaksiyası sərt olmuşdu. Belə ki, bütün respublikada yarım gün elektrik enerjisi kəsilmişdi. Nikol Paşinyan Ruhaniyə zəng etməyə məcbur olmuşdu. Axşamdan sonra xətt qoşuldu. Düşünürəm ki, bu, İranın reaksiyalarından biri idi. Təbii ki, İran həmişə Ermənistanla dost olub, bütün bunlar Ermənistan hakimiyyətinə aiddir. İran Paşinyanın kənar qüvvələri gətirib ora yerləşdirməsini dinc oturub seyr etməyəcək. Əminəm ki, İrandan cavab olacaq”.
“İranın Azərbaycan və Türkiyə ilə razılığa gəlməsi mümkündürmü, yoxsa Ermənistanla sərhəd İran üçün həmişə, necə deyərlər, qırmızı xətt olaraq qalacaq?”, – sualına politoloq belə cavab verib:
“Bu, onlar üçün qırmızı xəttdir. Çətin ki, İran Azərbaycan və Türkiyə ilə razılığa gəlsin. İran müxtəlif vasitələrlə həmin dəhliz üçün alternativlər təklif etməyə çalışıb. Yadınızdadırsa, o dəhlizin İran ərazisindən keçməsi üçün hətta Azərbaycan və Türkiyə ilə müqavilə imzalamışdılar və çox sürətlə tikinti işləri aparmağa başlamışdılar. İran ümid edirdi ki, o, alternativ yol təklif edəcək ki, həmin ölkələr dəhliz ideyasından əl çəksinlər. Bu dəhliz Ermənistan ərazisindən keçməsin, çünki bu halda nəzarət İranda olacaq. Amma aydındır ki, Azərbaycan, Türkiyə və Qərb dəhlizin birbaşa Ermənistandan keçməsini planlaşdırır. Söhbət təkcə dəhliz məsələsi deyil, onun adı altında İran sərhədində xarici qüvvələrin mövcudluğunun yaradılması məsələsi var”.
Natiq Səlim,
KONKRET.az