Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, “Ermənistan Elektrik Şəbəkələri” (EEŞ) QSC-nin milliləşdirilməsi planı artıq hazırdır və bu proses yaxın vaxtlarda praktik mərhələyə keçəcək. O həmçinin vurğulamışdı ki, bu proseslər Ermənistan Respublikasının qanunvericiliyinə uyğun aparılacaq.
KONKRET.az xəbər verir ki, deputat Edmon Marukyan bununla razılaşmır:
“Mən sizi əmin edirəm ki, bu qurumu qanun və Konstitusiyanı, eyni zamanda Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozmadan ələ keçirmək mümkün deyil.”
Marukyan qeyd edib ki, prosesin başlanğıcında EEŞ-nin sahibi olan iş adamı Samvel Karapetyana təzyiqlər göstərildi.
Ona Erməni Apostol Kilsəsini müdafiə etməməsi üçün hədə-qorxu gəldilər:
“Ona dedilər: əgər sən Kilsəni müdafiə etsən, EEŞ-ni əlindən alacağıq.”
Lakin Karapetyan açıq şəkildə bildirdi:
“Mənə EEŞ-niz da, təhdidləriniz də maraqlı deyil!”.
O, bununla göstərmək istədi ki, öz prinsiplərindən, dini və milli dəyərlərindən imtina etməyəcək, istər EEŞ ilə, istərsə də təzyiqlərlə geri çəkilməyəcək.
Marukyanın sözlərinə görə, Paşinyan və hökumət nümayəndələri bu bəyanatı manipulyasiya etməyə başladılar. Onlar dedilər ki, “Əgər Karapetyan deyirsə ki, EEŞ-nin ona heç bir əhəmiyyəti yoxdur, deməli, biz onu milliləşdirməliyik.”
Bu da xüsusi mülkiyyət hüququnun pozulması, insanların əmlakının zorla əlindən alınması deməkdir.
Marukyan bildirir ki, Paşinyanın ətrafında belə vacib hüquqi məsələləri izah edəcək bir dənə də olsun normal hüquqşünas yoxdur:
“Ona başa salacaq biri yoxdur ki, EEŞ-nin ələ keçirilməsi ölkə üçün iqtisadi fəlakətə, sərmayə mühitinin çöküşünə, enerji təhlükəsizliyinin risk altına düşməsinə səbəb olacaq.”
Sonda Marukyan xəbərdarlıq edir:
“Tutalım ki, siz bu əmlakı ələ keçirdiniz. Amma bilin ki, bu əmlak qanuni sahibinə qaytarılacaq və onu ələ keçirənlər məsuliyyətə cəlb olunacaqlar”.
Günel Mikayılova,
KONKRET.az