Mədəniyyət Nazirliyinin fəaliyyəti ölkədə həyata keçirilən siyasətə zərbədir – Anar Kərimov üzr istəməlidirbackend

Mədəniyyət Nazirliyinin fəaliyyəti ölkədə həyata keçirilən siyasətə zərbədir – Anar Kərimov üzr istəməlidir

II Milli Yaylaq Festivalında baş verənlərə təəccüblənmək lazım deyildi. Nədənsə, Mədəniyyət Nazirliyi harada başdırsa, orada ya aş olmur, ya da aşın duzu… Hər bir halda “süfrə”dən narazı qalxıb gedirsən.

Təəssüf ki, bu, Mədəniyyət Nazirliyinin təşkil etdiyi ilk bərbad tədbir deyil. Məlum festival ən çox Əbülfəs Qarayevə yaradı, şəninə çoxlu rəhmət oxudular. Yaman unutqanıq. Qarayevlə bağlı sərgüzəştlər də az deyildi. Məsələn, 2017-ci ilin mayın 5-də Bakı Konqres Mərkəzində keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səhər 07:00-dan axşam saatlarına qədər ac-susuz qalan jurnalistlər Qarayevə oxuduqları “rəhmət”i yaxşı xatırlayırlar… Anar Kərimov isə öz sələfinin izi ilə gedir. Xarıbülbül Musiqi Festivalında da, KİV nümayəndələrinin Şuşa səfərində də Mədəniyyət Nazirliyinin “analoqu olmayan” təşkilatçılığı dillərdən düşmürdü. Uzağa getməyək, bir neçə həftə öncə Anar Kərimovun Beynəlxalq Muğam Mərkəzində təşkil etdiyi jurnalistlərlə görüşündə narazılıq edənlər az olmadı. Ən adi şəhərdaxili kiçik tədbirin belə, təşkilatçılığı bərbad idi.

Bir neçə gün əvvəl, Medianın İnkişafı Agentliyinin Şuşada təşkil etdiyi Beynəlxalq Media Forumundan ibrət götürün. Təşkilatçılıq ən yüksək səviyyədə idi. Media nümayəndələri xüsusi təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına aparıldı, oradan da avtobuslarla üzü Şuşaya doğru. Bir nəfər belə, narazı qalmadı. Budur iş!

Bu quruma yeni nazir də gəldi, kadr dəyişikliyi də oldu, amma çifayda… Nə sirdirsə, tapşırılan işin öhdəsindən gəlməyi bacarmırlar. Jurnalistlərin etirazlarından sonra ortaya atılan bəzi “trollar” Vətən Müharibəsini xatırladıb, guya 4-cü hakimiyyəti haqsız çıxarmağa çalışırlar. “Xiyar buterbrodu” məsələsini isə jurnalistlərin görməmişliyi kimi qələmə verirlər.

Vətən Müharibəsindən qalib çıxmış ölkənin adını batıran, dövlət başçısının əməyinə kölgə salan elə bu cür yarıtmaz məmurlardır. İş ölkənin, Prezidentin imicini qorumaq məsələsinə gələndə məlum olur ki, aidiyyəti üzrə çalışan məmurların bəziləri yararsızdır. Baxın, dövlət başçısı 44 günlük Vətən Müharibəsində öndə idi, həm döyüş meydanında, həm də informasiya məkanında. Bu, qələbəni şərtləndirən başlıca amil oldu. Müharibədən sonra isə məmurların fəaliyyətinə diqqət edin…

Bir xalqı, ölkəni dünyada tanıdan ən birinci onun mədəniyyəti, tarixidir. Bu sahə ilə əlaqəsi olmayan səriştəsiz məmurların beynəlxalq əhəmiyyətli mötəbər tədbirləri rüsvay hala salmasına imkan vermək olmaz. Belə tədbirlərə dövlət büdcəsindən ayrılan yüksək vəsait hansısa harınlamış məmurun cibinə niyə sürüşməlidir?

Yaylaq Festivalında yaşanan “unudulmaz anlar”la çoxumuz günlərdir tanışıq. Həmkarlarımızın bəziləri şokdan hələ çıxa bilməyiblər. Lap film kimi festival olub, qorxu filmi… Ən çox yaddaqalan və cavabı tapılmayan incə kadrların üstündən isə keçmək olmaz. Festivalın ilk günü 2 manata satılan plov 2-ci gün ildırım sürəti ilə 5 manata necə qalxdı? “Xiyar” məsələsini bir kənara qoyaq, rəzilliyin ən pik nöqtəsi dağın başında “su ehtiyatı” belə olmayan tualetin ödənişli, 50 qəpik olmasıdır. Maşallah, pul çıxarmaqdan ötrü heç bir sahənin xətrinə dəyməyiblər. Belə çıxır ki, festivala gedən jurnalist əlinə aftafasını da alıb getməli imiş… Yaylaq yox, bu, elə biznes festivalı olub. Xülasə, belə başa düşdük ki, uzaq məsafəli mötəbər tədbirlərə yola salınanda ac qalmamaq üçün Rauf Arifoğlunun yanında getməliyik ki, restoran sahibi bizi tanıyıb, yemək versin…

İnsana ən çox təsir edən məqam isə Vətən Müharibəsi qazilərinin festivalda günün istisində əllərində çəliklə, ayaqüstə saxlanılmaları olub. Şahid həmkarlarımızın sözlərinə görə, qazilərimizə oturmağa stul belə verilməyib. Utanın!

Bütün yaşananlardan sonra Mədəniyyət Nazirliyinin verdiyi açıqlama isə 4-cü hakimiyyətin səbr kasasını əsl mənada daşırdı. Burda deyirlər, üzrləri qəbahətlərindən böyük… Jurnalistlər tələb etdilər ki, nazir və nazir müavinləri üzr istəməyənədək susmayacaqlar. İlk dəfə jurnalistlərimizin həmrəyliyini bu səviyyədə gördük. Bəli, susmayaq!

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bu gün verdiyi açıqlamada bildirib ki, proqramdakı dəyişikliklər həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə olub: “Amma istənilən halda, tədbir Azərbaycanda çox nadir tədbirlərdən biri idi ki, bu qədər genişmiqyaslı şəkildə həyata keçirilib…” Bu gülünc açıqlama bir tərəfə qalsın, heç cənab müavin özünə əziyyət verib iki kəlimə jurnalistlərdən üzr belə istəməyib.

Keçək digər məsələyə. Jurnalistlərlə bağlı məsələlərə bilavasitə mətbuat katibləri də cavabdehlik daşıyır. Burada bir nəfəri günahlandırmaq da düzgün deyil. Mətbuat katibi təmsil etdiyi qurumla media arasında körpüdür. Jurnalistlərin tədbirə dəvəti, qarşılanması, yola salınması, “xiyar çörək” işlərinə də və s. məhz mətbuat katibi əvvəldən nəzarət edir. Görünür, təşkilatçı qurumların media təmsilçiləri arasında da koordinasiya olmayıb. Gecə yağış düşən kimi qaçıblar.

Onu da nəzərə alaq ki, bu məsələdə media rəhbərlərinin də payı var. İndi əksər media qurumu öz jurnalistinin nə nəqliyyat ehtiyacını qarşılayır, nə “xiyarçörək”, nə də ezamiyyə pulunu. Nə də dəvət olunduqları tədbirin təşkilatçısından əvvəlcədən ətraflı məlumat almaq anlayışları yoxdur ki, jurnalistlərini hara göndərirlər? Hər şeyi müxbirin, kameramanın, fotoqrafın çiyninə yükləməyə öyrəncəliyik. Məsələn, Türkiyədə baş verən yanğınlarda ezam olunan nə qədər həmkarımız xərcini cibindən qarşılamışdı… Bu mövzu barədə başqa vaxt daha ətraflı danışmaq olar.

Bir sözlə, dövlət büdcəsindən külli miqdarda vəsait hesabına nəzərdə tutulmuş ölkə üçün əhəmiyyətli tədbirlərin belə rəzil səviyyədə təşkili sadəcə qazandığımız qələbəni alçaltmaqdır. Təşkilatçılar buna görə birbaşa məsuliyyət daşıyırlar. Onlar ayrılan vəsaitin hara xərcləndiyinin hesabatını verməlidirlər. Anar Kərimov isə jurnalistlərdən şəxsən üzr istəməlidir. Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*