Kirayə münasibətləri zamanı ən çox müzakirə olunan məsələlərdən biri kirayəçinin mənzilə qeydiyyata düşməsinin hüquqi nəticələri ilə bağlıdır. Bəzi hallarda ev sahibləri qeydiyyatın gələcəkdə mülkiyyətlə bağlı problemlər yarada biləcəyindən ehtiyat edir, kirayəçilər isə bu addımın onlara əlavə hüquqlar verib-vermədiyini dəqiqləşdirmək istəyirlər. Bəs kirayəçi mənzilə qeydiyyata düşdükdən sonra həmin əmlak üzərində pay və ya kompensasiya tələb edə bilərmi?
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov KONKRET.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

“Kirayə verənlə kirayəçi arasındakı münasibətlər əsasən notarial qaydada təsdiqlənmiş müqavilə ilə tənzimlənir. Bu müqavilə tərəflərin hüquq və vəzifələrini dəqiq şəkildə müəyyən edir. Kirayəçinin mənzilə və ya fərdi yaşayış evinə qeydiyyata düşməsi yalnız onun yaşayış yerinin rəsmiləşdirilməsi anlamına gəlir və bu, heç bir halda həmin əmlak üzərində mülkiyyət hüququ yaratmır. Kirayəçi qeydiyyatda olsa belə, bu fakt ona mənzildən pay və ya kompensasiya tələb etmək hüququ vermir. Kirayə müqaviləsi əsasında o, yalnız həmin yaşayış sahəsindən istifadə etmək hüququna malikdir,” – deyə Fuad Məmmədov bildirib.
Qeyd olunub ki, mülkiyyət hüququ yalnız qanunvericiliklə müəyyən edilmiş əsaslarla – alqı-satqı, miras, bağışlama və digər hüquqi mexanizmlər vasitəsilə yaranır. Sadə qeydiyyat isə bu hüquqlardan heç birini təmin etmir.
Beləliklə, hüquqi baxımdan kirayəçinin mənzildə qeydiyyata düşməsi onun həmin əmlak üzərində mülkiyyət payı əldə etməsi demək deyil və bu əsasla gələcəkdə hər hansı tələb irəli sürməsi mümkün sayılmır.
Aynurə İsmayıl
KONKRET.az
