Mesaj ünvanına çatdı: İlham Əliyevin bu fikirləri ermənilərin qorxulu kabusuna çevrildibackend

Mesaj ünvanına çatdı: İlham Əliyevin bu fikirləri ermənilərin qorxulu kabusuna çevrildi

“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi bu fikirlər İrəvanı əməlli-başlı qorxuya salıb. Artıq Paşinyan hakimiyyətinə bağlı media resurslarında Azərbaycan Prezidentinin bu fikirləri geniş müzakirə mövzusuna çevrilib. Ermənistan cəmiyyəti isə Qarabağdan sonra Qərbi Azərbaycanın da öz həqiqi sahibinə – Azərbaycana qovuşacağından narahatdır. Bu narahatlıq erməni mediasında dərc edilən materiallarda özünü bütün çılpaqlığı ilə büruzə verir.

Belə ki, analitik Romella Mnatsakanyan erməni cəmiyyətinə müraciət edərək “Artsax”ı müdafiə etmək çox vacibdir” ifadəsini böyük həyəcanla səsləndirir. Bunun düşmənin (Azərrbaycan – red) yaratdığı təhlükənin dərəcəsini dərk edən hər bir erməninin borcu olduğunu bildirir.

Hazırda təkcə Mnatsakanyan deyil bütün Ermənistan Əliyevin çıxışının təsiri altındadır. Azərbaycan lideri bu dəfə “dəmir yumruğu” ilə deyil,  qılıncdan da iti sözləriylə erməniləri qorxuya salmağı bacarıb.

Erməni analitik daha sonra fikirlərini belə davam etdirib: “Artıq Azərbaycanda Xankəndi və “Artsax”ın digər yaşayış məntəqələrinin baş planları hazırlanıb. Bu, “əhalinin geri qayıtmasını təmin etmək üçün” edilib. Aydın şəkildə göstərilir ki, 2024-2026-cı illərdə Qarabağa 34500 ailənin köçürülməsi planlaşdırılır. Yəni azərbaycanlıları məskunlaşdırmaq üçün rus sülhməramlılarının getməsini gözləyirlər” – Mnatsakanyan vurğulayıb.

“Qərbi Azərbaycan əzəli Azərbaycan torpağıdır” ifadəsi ilə verilən mesaj tam ünvanına çatıb. İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də düz hədəfə vurmağı bacarıb. Azərbaycan Prezidentinin “Qərbi Azərbaycana qayıdacağıq” fikirləri Ermənistanda kiçikdən-böyüyə, aşağı ranqlı məmurdan, yuxarı vəzifəliyədək hər kəsin qorxulu kabusuna çevrilib. Axı Əliyevin verdiyi bütün sözləri yerinə yetirdiyini ermənilər də çox yaxşı bilirlər. Qarabağda 30 illik işğala son qoyulması, bunu bir daha sübuta yetirib. İndi növbə Qərbi Azərbaycanındır. Bu müqəddəs gün isə heç də uzaqda deyil.

Odur ki, ermənilər son zəngi çalmaq haqda fikirləşirlər: “Artıq zəngin kimin üçün çaldığı sualı yoxdur. Bu zəng bizi çağırır. Bunu etiraf etmək istəməyənlər isə erməni xalqının satqınları və düşmənləridir” – deyə Mnatsakanyan fikirlərini tamamlayır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*